Qazaxıstanın yeni Konstitusiya layihəsində rus dilinin istifadəsi ilə bağlı yer alan ifadə dəyişdirilib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Konstitusiya Məhkəməsinin sədr müavini Bakıt Nurmuxanov bildirib.
Onun sözlərinə görə, yeni Konstitusiyanın 9-cu maddəsində “bərabər” sözü “yanaşı” sözü ilə əvəz edilib.
Qeyd edək ki, Qazaxıstanda yeni Konstitusiya layihəsi yanvarın 31-də açıqlanıb. Konstitusiyanın 9-cu maddəsi dövlət təşkilatlarında və yerli özünüidarəetmə orqanlarında rus dilinin qazax dili ilə birlikdə rəsmi dil kimi istifadəsini nəzərdə tutur.
Yeni layihəyə əsasən, rus dili artıq dövlət dili olan qazax dili ilə “bərabər” deyil, yalnız onunla “yanaşı” istifadə ediləcək.
Yeni konstitusiya layihəsi dərc edildikdən sonra dillə bağlı maddədəki dəyişiklik ölkədə müzakirələrə səbəb olub. Qazax dilinin tətbiq sahəsinin genişləndirilməsinin tərəfdarı olan ictimai fəallar bu düzəlişə dəstək ifadə ediblər. Qazaxıstanda yaşayan rusdilli əhalinin bir qismi isə bu dəyişikliyin rus dilinin istifadəsinin tədricən azaldılmasına doğru addım ola biləcəyindən narahatdır.
Son xəbərlər
Son Xəbərlər