ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə dair açıqlamaları İsrailin Baş naziri Benyamin Netanyahu üçün gözlənilməz vəziyyət yaradıb.
“Qafqazinfo” xəbər verir ki, bunu “Axios”a yüksəkvəzifəli ABŞ rəsmisi bildirib.
Məlumata görə, Tramp cümə axşamı Netanyahu ilə telefon danışığında İranla əldə olunacaq razılaşmanın müharibəyə son qoymaq üçün ən doğru yol olduğunu bildirib.
Belə ki, Tramp Netanyahuya “Bu, yaxşı razılaşmadır və müharibəni bitirməyin vaxtıdır” deyib.
ABŞ rəsmilərinin sözlərinə görə, İsrail lideri söhbət zamanı ciddi etiraz etməyib və yekun sənədin İranın nüvə proqramı ilə bağlı narahatlıqları aradan qaldıracağına ümid etdiyini bildirib.
Nəşr qeyd edir ki, Netanyahu müharibənin əvvəlindən Tehranda siyasi dəyişikliklərin baş verə biləcəyini düşünürdü. Lakin hazırda gözlənilən razılaşma bu ssenarini arxa plana keçirir və İsrail daxilində tənqidlərə səbəb olur.
Məqalədə bildirilir ki, İranla danışıqların çətin mərhələyə daxil olduğu günlərdə Netanyahu İranın enerji və infrastruktur obyektlərinə qarşı genişmiqyaslı zərbələr endirməyi planlaşdırıb. Lakin Trampın son anda buna mane olduğu iddia edilir.
“Axios”un məlumatına görə, Trampın İranla razılaşmanın əldə olunmasına dair sosial şəbəkədə etdiyi paylaşım da Netanyahu üçün gözlənilməz olub. Daha sonra baş tutan telefon danışığında İsrail tərəfi ABŞ Prezidentinin qərarına açıq şəkildə qarşı çıxmayıb.
İsrail rəsmiləri isə gözlənilən sazişə ehtiyatla yanaşırlar. Onlar hesab edirlər ki, razılaşmadan sonra İran real nüvə güzəştləri etmədən prosesi uzada və eyni zamanda, iqtisadi vəziyyətini yaxşılaşdıra bilər.
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, Vaşinqtonun qərarlarını başa düşsələr də, İranın nüvə proqramı, raket potensialı və bölgədəki silahlı qruplara dəstəyi ilə bağlı prinsiplərin qorunmasını gözləyirlər. O, həmçinin İsrailin zərurət yaranacağı halda müstəqil şəkildə hərəkət etmək imkanını saxladığını vurğulayıb.
ABŞ rəsmiləri isə İsrail tərəfini razılaşmanın şərtləri ilə bağlı məlumatlandırdıqlarını və yekun sənədin İran qarşısında öhdəliklər müəyyənləşdirəcəyini bildiriblər.
Nəşr qeyd edir ki, Livandakı vəziyyət və “Hizbullah” amili sazişin gələcəyinə təsir göstərə biləcək əsas risklərdən biri olaraq qalır. ABŞ administrasiyası hesab edir ki, tərəflər sülh prosesinə sadiq qalarsa, razılaşmanın həyata keçirilməsi mümkün olacaq.
“Axios”un qiymətləndirməsinə görə, Netanyahu üçün müharibənin bəyan etdiyi bütün məqsədlərə çatmadan başa çatması həm siyasi, həm də strateji baxımdan ciddi zərbə sayıla bilər.
Son xəbərlər
Son Xəbərlər