Qəbələdəki elektrik yarımstansiyası 22 kəndi enerji ilə təmin edəcək - Fotolar

qebeledeki-elektrik-yarimstansiyasi-22-kendi-enerji-ile-temin-edecek
Oxunma sayı: 2634

Prezident İlham Əliyevin aprelin 9-da Qəbələ rayonunda açılışını etdiyi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 110/35/10 kV-luq "Hacıalılı" elektrik yarımstansiyası 22 kənd, 1 aeroport, 1 dəmir yolu vağzalı və suvarma sistemlərini enerji ilə təmin edəcək.

“Qafqazinfo” xəbər verir ki, bunu “Report”a Qəbələ Elektrik Şəbəkəsinin rəisi Elvin Bayramzadə məlumat verib.

Onun sözlərinə görə, “Hacıalılı” yarımstansiyası rayon ərazisində olan istehlakçıların, xüsusən də əhalinin, dövlət əhəmiyyətli obyektlərin, sənayə və sosial təyinatlı infrastrukturların enerji təchizatı keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatı ilə təmin olunması məqsədi ilə yenidən qurulub:

"Elektrik yarımstansiyasının qarşısında elektromobillər üçün “Azərişıq” tərəfindən iki enerjidoldurma stansiyası da inşa olunub. Onların tətbiqi nəticəsində ildə 230 min ton karbohidrogen yanacağına qənaət edilməsi və 239 min ton karbon dioksid emissiyasının azaldılması mümkün olacaq".

Şəbəkə rəisi onu da əlavə edib ki, yarımstansiyanın ərazisində Regional Təlim Mərkəzi də inşa edilib: "Təlim Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur".

E.Bayramzadə rayon ərazisində aparılan yenidənqurma işləri çərçivəsində Qəbələ şəhərinin, 2 qəsəbənin və 13 kəndin elektrik təsərrüfatının da yeniləndiyini diqqətə çatdırıb.

Bütün bunlar Prezident İlham Əliyevin ölkənin kompleks inkişafını diqqətdə saxlamasını göstərir. Təsadüfi deyil ki, dövlət başçısı həm işğaldan azad olunmuş ərazilərə, həm də ölkənin digər regionlarına daim səfərlər edir.