Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan Rusiyanın İrəvan üçün qaz qiymətlərini qaldıracağı təqdirdə ölkənin “apokalipsis” ssenarisi ilə üz-üzə qalacağını bəyan edib.
“Qafqazinfo” “Tert” nəşrinə istinadla xəbər verir ki, baş bankir bu ssenarinin standart deyil, “X tipi” adlandırılan fövqəladə böhran olduğunu və qeyri-adi cavab tələb edəcəyini vurğulayıb.
Qeyd edək ki, sözügedən bəyanat Rusiyadan gələn qaz tədarükünün sentyabrın 15-dən 25-dək profilaktik təmir səbəbindən dayandırıldığı vaxta təsadüf edir. “Qazprom Ermənistan” daxili ehtiyatlar və İrandan alınan əlavə həcmlərlə qıtlığın qarşılanacağını bildirsə də, tərəflər arasında siyasi gərginlik pik həddədir. Belə ki, parlamentin müdafiə komissiyasının sədri Vilen Qabrielyan Moskva qazın qiymətini qaldıracağı təqdirdə İrəvanın Rusiyanın Ermənistandakı hərbi bazasına görə icarə haqqı tələb edə biləcəyini hədələyib.
Moskva isə İrəvanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda güzəştli qaz qiymətlərinin ləğv olunacağını gizlətmədiyi halda, Baş nazir Nikol Paşinyan artıq Rusiyanı Ermənistanın strateji tərəfdaşı hesab etmək üçün heç bir əsasın qalmadığını elan edib.
Son xəbərlər
Son Xəbərlər