Qızılcaya yoluxmuş 4 yaşlı uşaq öldü - Yenilənib

qizilcaya-yoluxmus-4-yasli-usaq-oldu
Oxunma sayı: 5818

Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya aparılan uşaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Xeyli vaxtdır qızılcaya yoluxan və hərarəti düşməyən rayonun Qağacılı kənd sakini, 2019-cu il təvəllüdlü Rüfət Qəribli xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Bildirilib ki, R.Qəriblinin valideynləri son günlər bir neçə dəfə onu xəstəxanaya aparıblar və ev şəraitində müalicə olunub.

Hazırda Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qızılcaya yoluxmuş 9 uşağın stasionar şəraitdə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Kürdəmir Rayonu Qağacılı kənd sakini 14.10.2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb:

"Noyabrın 18-də yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionistinin qəbulunda olub, müayinələrdən keçib və fəsadlaşma olmadığı üçün simptomatik müalicə təyin edilərək  3 gün sonra təkrar müayinəyə  dəvət olunub. Noyabrın 21-də  ağırlaşması olmayan qızılca diaqnozu ilə təkrar müraciət edib, həkim məsləhəti alıb. Noyabrın 23-ü saat 09:10-da xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər ölüm təyin edilib. Meyit patoloji anatomik təşrihə verilib. Anamnezində qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub".