Rəşad Dağlını üzr istəməyə kim məcbur edib?

Rəşad Dağlını üzr istəməyə kim məcbur edib?
Oxunma sayı: 22430

Masallıda toyda Rəşad Dağlı “sənəti naqruskadadı” qafiyəsində meyxana deyərkən belə bir misra istifadə etdi: “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı”. Bu gün isə Rəşad Dağlının üzr videosu yayıldı.

O, videoda deyir ki, qafiyənin uyğunsuzluğu, tələskənlikdən fikrini düzgün ifadə edə bilməyib. Bu da dindarların qəzəbinə tuş gəlib.

Doğrusu, dindarlar həmin qəzəbi harada ifadə ediblər, ondan xəbərim yoxdur, ola bilsin ki, birbaşa Rəşadın özü ilə danışıblar.

Narahatlıq doğuran məqam isə başqadır.

Bu öz yerində ki, qafqazlıların üzr istəmək problemi var, o cümlədən də bizim ölkə vətəndaşlarının. Bəzən üzrlə bitəcək xırda bir məsələ şişirdilir, ölümlə nəticələnir. Hər addımımızla kiminsə haqqına girdiyimiz bu dünyada üzr istəməkdən gözəl nə var ki? 

Lakin bir sənət adamının – Azərbaycanın ən tanınmış şəxslərindən olan Rəşad Dağlının qəribə səbəblə üzr istəməsi narahatlıq doğurur.

Axı Rəşad həmin cümlədə dinə aid zarafat, tənqid, təhqir etməyib!

Oradakı zarafat şəxslərlə bağlıdır, həm də zarafat öldürücü, təhqiramiz deyil. Bir tanınmış azərbaycanlı müasir İran ilahiyyatçı-siyasətçisi haqqında dediyi yüngül zarafata görə niyə xalq qarşısına çıxarılıb üzr istədilir? Axı burada nə din, nə peyğəmbər, nə ölkəmizdə həssas mövzulardan olan əhli-beytə nəsə deyilir!

Niyə qonşu ölkənin keçmiş Prezidenti, müasir ilahiyyatçıları haqqında xırda zarafat edən sənət adamımız kütlə qabağında sındırlır?

Ona üzr istədənlər kimlərdir?

Həmin bənd deyiləndə, demək olar ki, toydakıların hamısı bu bəndə gülür, alqışlayırlar. Bəs, Rəşad Dağlının nəzərdə tutduğu “mömin qardaşlar” kimlərdir?

Seyyid Əzim Şirvanini məsciddə tapdalayıb öldürənlər hələdəmi yaşayırlar, sağdırlar?

Axı Azərbaycan şəriət qaydaları ilə idarə olunan bir ölkə deyil ki, onun sənət adamı da qonşu ölkənin ayətullahı haqqındakı xırda zarafatına görə üzr istədilsin...

Təbii, Xomeyni, Behcət sanballı şəxsiyyətlərdəndir. Ancaq onları İranda belə tənqid edənlər var. O da qaldı sekulyar ölkə olan Azərbaycanda. Ümumiyyətlə, o adamların həyat tərzi ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, nə qədər mütəvazi şəxslər olublar və əmin olun ki, dəfələrlə bu cür müdafiə olunduqları üçün narahatlıq ediblər. Tənqidə açıq olublar.

Sekulyar ölkə olan Azərbaycanda bu gün Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir tənqid olunursa, onları tənqid edənləri kimsə üzrə məcbur etmirsə, niyə qonşu İslam ölkəsinin analoji şəxsiyyətləri haqqında deyilən xırda zarafatın bədəli üzr videosu olmalıdır?

Belə olduğu halda xurafatı şişirdib gözümüzə soxanlar kimlərdir?

Niyə günü-gündən biz xurafat ölkəsinə çevrilirik?

Niyə dinin gözəl simasından pay almırıq, ancaq şişirdilmiş qadağaları yavaş-yavaş Azərbaycanın bağrına sancılır?

İran İslam ölkəsidir və burada xeyli şəriət qanunları mövcuddur. Bu, onların öz işidir, daxili prosesdir. Ancaq başqa bir ölkənin qanunları, ənənələri, mentaliteti bizim ölkəyə keçirsə, mətbəximizə daxil olursa, qanunlarımıza təsir edirsə, narahat olmalıyıq.

Ümumiyyətlə, adamları kütlə qarşısına çıxarıb üzr videosu çəkdirmək niyə dəbə çevrilir? Konstitusiyası, qanunu, cəza üsulları bəlli olan bir ölkədə kütlə qarşısında üzr videosu yaymağa məcbur edilmək qanunsuzluq deyilmi?

Yazının motivinə aid olmayan bir məqam da diqqətimi çəkdi; həmin qafiyəni Rəşadın qulağına Orxan Lökbatanlı deyir, bu məqamı növbəti bəndi deyən Rəhman Basılmaz da təsdiqləyir. Orxan isə bir müddət əvvəl “ləzgi-tatar” məsələsinə görə üzrə məcbur edilmişdi. Bu məqamın şərhini də sizə buraxıram.

Son məqam isə meyxananın hər gün bir az da dinin içinə girməsi və bu səbəbdən də sənət simasını itirməsidir.

Nə qədər ki, meyxananın fonunda din duracaq, o günə qədər də meyxana sənət olmaqdan uzaqda qalacaq. Çünki sənət azad, cürətli bir platformadır. Sərhədli, qadağalı mövzular sənətin bayrağı ola bilməz.

Meyxana tarixinin gəlmiş-keçmiş ən tanınmış, məşhur nümayəndəsi olan Rəşad da öz sənətini bu müstəvidə görür, sözünə görə üzr videosu paylaşırsa, meyxanadan yaxın əlli ildə nəsə gözləmək sadəlövhlükdür.

Sərdar Amin