“Resept əsasında yazılan bəzi dərmanları sığorta hesabına qarşılamağı nəzərdə tuturuq”

resept-esasinda-yazilan-bezi-dermanlari-sigorta-hesabina-qarsilamagi-nezerde-tuturuq
Oxunma sayı: 3777

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev müsahibə verib. 

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Zaur müəllim, artıq 3 ilə yaxındır ki, icbari tibbi sığorta bütün ölkəni əhatə edir. Bu müddət ərzində qarşınıza qoyduğunuz məqsədlərə çata bilmisinizmi?

- İcbari tibbi sığorta tətbiq olunmağa başlayan gündən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qarşısına bir sıra strateji məqsədlər qoymuşdur. Qısamüddətli məqsədlərimiz tibbi xidmətlərə əlçatanlığın artırılması, əhalinin səhiyyə ilə bağlı xərclərinin azaldılması və vətəndaş məmnunluğuna nail olunmasından ibarətdir. Uzun perspektivli məqsədlərimiz isə ölkəmizdə universal tibbi təminatı qurmaq və icbari tibbi sığorta fondunun maliyyə dayanıqlığını təmin etməkdir.

Qarşımıza qoyduğumuz məqsədlərimizə doğru inamla irəliləyirik. Bu yolda ölkə rəhbərliyi bizə böyük dəstək göstərir. Bunun nəticəsidir ki, qısa müddət ərzində dövlət tibb müəssisələrində qeydiyyat sistemi elektronlaşdırıldı, tibbi xidmətlərə dair statistik göstəricilər, hesabatlılıq təkmilləşdirildi və səhiyyənin maliyyə potensialı gücləndirildi. Əgər 2019-cu ildə səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan vəsait 1 milyard manat təşkil edirdisə, cari ildə icbari tibbi sığorta fondunun yığımları ilə bir yerdə bu məbləğ 2 milyard 718 milyon manatı üstələyir. İcbari tibbi sığorta fondunun maliyyə dayanıqlığının təmin olunması əhalinin sağlamlığının qorunmasına yönəlib.

- Qeyd etdiniz ki, icbari tibbi sığortanın tətbiq olunmasının məqsədlərindən biri də əhalinin səhiyyə ilə bağlı xərclərini azaltmaqdır. Buna nə dərəcədə nail ola bilmisiniz?

- Əsas hədəflərimizdən biri təminata alınan tibbi xidmətlərin sayını artırmaqdır. Bu ilin avqust ayında Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə olunub. Deyə bilərəm ki, ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə müalicəsi hazırda sığorta ilə qarşılanır. Təminata alınmış əməliyyatlar əhalinin sağlamlığının və maddi rifahının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Yeni əlavə edilən xidmətlərə ilk öncə orqan transplantasiyasını, xoşxassəli beyin şişlərinin çıxarılmasını, sümük, əzələ uzadılmasını, ürək qapaqlarının dəyişdirilməsi və təmirini misal çəkə bilərəm.

Transplantasiya əməliyyatları zamanı və transplantasiyadan sonra resipiyentin dərman təchizatı da Xidmətlər Zərfi ilə təminata alınıb. Qeyd edim ki, transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.

Bu gün vətəndaşlar Xidmətlər Zərfi ilə 3315 sayda tibbi xidmətdən istifadə edə bilir. Əgər keçən il ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanmışdısa, bu ilin ilk 9 ayı üzrə bu rəqəm 44%-dir. İlin sonuna qədər tibb müəssisələrinə 5 milyondan çox əhalinin müraciəti gözlənilir.

İTS-dən əvvəl özəl tibb müəssisəsinə müraciət edən vətəndaş tibbi xidmətin ödənişini öz vəsaiti hesabına edirdi. 2021-ci ildə Agentlik tərəfindən özəl tibb müəssisələrinə vətəndaşlarımıza göstərilən tibbi xidmət müqabilində 40 milyon, 2022-ci ildə 123 milyon manat pul ödənilib. Bu ilin 10 ayı ərzində bu rəqəm 187 milyon manatdan çoxdur. Yəni, icbari tibbi sığortadan sonra özəl tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində vətəndaşa göstərilən tibbi xidmətin dəyəri Agentlik tərəfindən ödənilir.

Hazırda 150-dən çox klinika ilə müqaviləmiz var ki, sığorta ilə tibbi xidmətləri göstərməyə məsuldur.

- Deməli İTS-nin tətbiqindən sonra xəstəxanalara müraciətlərın sayı artıb. Maraqlıdır tibb müəssisələrinin maddi-texniki bazası bu öhdəlikləri layiqincə yerinə yetirməyə imkan verir?

- Agentlik xidmət keyfiyyətinin yüksəldilməsini və vətəndaş məmnunluğuna nail olmağı hədəfləyir və bununla bağlı olaraq xəstəxanaların maddi-texniki bazasının artırılması yönündə işlər aparılır. İcbari tibbi sığortanın tətbiqinə başlanıldığı dövrdən indiyədək TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri üçün 100 milyon manata yaxın məbləğdə yeni cihaz və avadanlıq alınıb. 2020-2022-ci illərdə və cari ilin ilk 6 ayında 248 milyon manatdan çox məbləğdə dərman və tibbi sərf, 40 milyon manat dəyərində 349 ədəd yeni təcili tibbi yardım avtomobili xəstəxanalara təhvil verilib. İlin sonuna qədər daha 80 ədəd ambulansın alınması nəzərdə tutulub. Alınan ambulansların komplektasiyası ağır vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir.

İcbari tibbi sığortanın tətbiqinə qədər bütün dövlət xəstəxanalarında qeydiyyat kağız üzərində aparılırdı. Sığortadan sonra səhiyyə sistemində vahid elektronlaşdırılma aparıldı, xəstəxanaların idarəolunması sistemi quruldu. Belə ki, Agentlik tərəfindən TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində İT infrastrukturunun qurulması məqsədilə bir çox işlər həyata keçirilib. Səhiyyə sistemində vahid elektronlaşdırılma aparılıb, xəstəxanaların idarəolunması sistemi qurulub və «e-Tabib» mobil tətbiqi yaradılıb.

Hazırda TƏBİB tərəfindən tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyəti yaxşılaşdırılır, ürək-damar əməliyyatlarının mümkünlüyü təmin edilir, dördüncü nəsil laboratoriyalar qurulur. Bu il Nizami Tibb Mərkəzində Cərrahiyyə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələri, Cəlilabad RMX-də dördüncü nəsil cihazlarla təchiz edilmiş mərkəzi laboratoriya fəaliyyətə başlayıb. Bölgələrdəki tibb müəssisələrində bu imkanlar yaratmaqda əsas məqsəd əvvəllər paytaxtda göstərilməsi mümkün olan tibbi xidmətləri regionlarda əhaliyə əlçatan etməkdir. Bütün bunlar vətəndaşların xidmətlərdən rahat istifadəsinə, vaxtında həkimə müraciət etməklə səhhətləri ilə bağlı ağırlaşma hallarının qarşısının alınmasına və sağlamlıqlarının müdafiəsinə yönəlib.

- Bəs sizcə kadr potensialı necə?

- Vətəndaşlar tibbi xidməti birbaşa xəstəxanadan alır və ilkin təəssüratın formalaşması buradan qaynaqlanır. Əlbəttə ki, icbari tibbi sığortanın uğurlu tətbiqində tibb müəssisələrinin rol və vəzifələri böyükdür.

Agentlik olaraq kadr təminatının yaxşılaşdırılması istəqamətində proqram həyata keçiririk. Proqram üzrə artıq müxtəlif xarici ölkələrdə təhsil almış 83 həkim-mütəxəssis işə qəbul olunub. Onlardan 54-ü cərrahi, 29-u isə terapevtik profillər üzrə ixtisaslaşmış həkimlərdir. Bu tibb heyəti

yalnız Bakı, Sumqayıt, Abşeronda deyil, eyni zamanda Gəncə, Ağdaş, Mingəçevir, Cəlilabad, Şəki rayon və şəhərlərində yerləşən tibb müəssisələrində çalışırlar. Xarici ölkələrdə təhsil almış və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan bu həkimlər öz profilləri üzrə çalışmaqla yanaşı, eyni zamanda xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının yerli kadrlara öyrədilməsini, həkimlərin nəzəri bilik və praktik vərdişlərinin yaxşılaşdırılmasını həyata keçirirlər.

Statistik göstəriciləri nəzərinizə çatdırmaq istərdim ki, 2022-ci ildə 55 nəfər həkim-mütəxəssisə 1,5 milyon manata yaxın, cari ilin yanvar-iyul ayları üzrə 83 nəfər həkim-mütəxəssisə 2,5 milyon manatdan çox həvəsləndirici əlavələr ödənilib.

- Hazırda tibb müəssisələrinə müraciətlərin artması xəstəxanalarda sıxlıq və həkim qəbuluna düşmək üçün uzun növbələr yaradır. Bu məsələlərin həlli istiqamətində hansı tədbirlər görülür?

- Xəstəxanalarda pasiyentlərin müayinə və müalicəsi növbəlilik prinsipi əsasında aparılır. Bu dünyanın hər yerində belədir. Avropanın ən inkişaf etmiş ölkələrində təcili tibbi müdaxilə tələb edən hallar istisna olmaqla, insanlar səhhətlərində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkimlərinə müraciət etməlidir. Bəzi hallarda ailə həkiminin qəbuluna düşmək üçün həftələrlə gözləməli olursan. Bizdə isə belə bir məhdudiyyət yoxdur. Vətəndaşlarımız yaşadığı və ya qeydiyyatda olduğu ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator yardım üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə, Səhiyyə Nazirliyinin nəzdindəki 9 elmi-tədqiqat institutuna göndəriş vərəqəsi olmadan birbaşa müraciət edə bilər. Məqsədimiz tibbi xidmətləri insanlara əlçatan etməkdir.

Dövlət tibb müəssisələrində növbə sıxlığının qarşısının alınması üçün randevu sisteminin ilkin olaraq test rejimində bu ilin sonuna qədər işə başlamasını nəzərdə tuturuq. İlkin olaraq sistemin Yeni Klinikada və Abşeron Rayon Mərkəzi Xəstəxanasında tətbiqi nəzərdə tutulub. Vətəndaşlar “e-Tabib” mobil tətbiqi vasitəsilə həkim qəbuluna elektron qaydada yazıla biləcəklər. Hesab edirik bu qismən də olsa sıxlığın aradan qaldırılmasına səbəb olacaq.

Randevu sisteminin tədricən digər tibb müəssisələrində tətbiq olunması həm pasiyentlərin, həm də həkimlər üçün faydalı olacaq.

Agentlik vətəndaşların tibbi xidmətlərdən məmnun qalmasına böyük önəm verir. Həkimlərin icbari tibbi sığortadan məmnunluğunu artırmaq üçün hansı işlər görülür? Çünki həkimlər özləri də etiraf edirlər ki, icbari tibbi sığortanın tətbiqindən sonra iş yükümüz artıb.

Səhiyyə işçilərinin sosial rifahının gücləndirilməsi bizim üçün prioritet istiqamətlərdən biridir. İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra səhiyyə işçilərinin xidməti fəaliyyəti iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir. Həkimlərin aylıq vəzifə maaşlarına aylıq sabit və işin nəticələrinə görə aylıq bonuslar verilir. Aparılan işlər nəticəsində 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əmək haqlarında 3.2 dəfə artım, gəlirlərində isə 5 dəfədən 50 dəfəyədək artım olub.

Onu da deyim ki, yeni Xidmətlər Zərfində mövcud tibbi xidmətlərin 56%-nin tarifində artım etmişik. Bu da səhiyyə işçilərinin məvacibinin artmasına yönəlib. Hesab edirəm tariflərin artırılması tibb müəssisələrinin maliyyə dayanıqlığının təmin olunması və tibb işçilərinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır.

- Zaur müəllim, az öncə qeyd etdiyiniz kimi hədəflərinizdən biri ölkədə universal tibbi təminata nail olmaqdır. Universal tibbi təminat ambulator müalicə üçün nəzərdə tutulan dərman vasitələrini qismən də olsa icbari tibbi sığorta tərəfindən qarşılayır. Bununla bağlı planlarınız nədən ibarətdir?

- Biz çox istərdik ki, vətəndaşlarımızın sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlər, o cümlədən ambulator şəraitdə dərman təminatı Xidmətlər Zərfinə daxil olsun.

Bunun üzərində də çalışırıq. Türkiyə, Litva, Koreya və s. kimi bir çox ölkələrin təcrübələrini öyrənirik. Mərhələləli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrini sığorta hesabına qarşılamağı nəzərdə tuturuq. İlk il kardioloji, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etməyi hədəfləmişik. Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək. Hədəflərimizə çatmaq üçün icbari tibbi sığortanın maliyyə dayanıqlığı tam təmin edilməlidir.

Bu onu göstərir ki, icbari tibbi sığorta həkimlərin rifahına və bütövlükdə səhiyyə sisteminə müsbət təsir göstərir. Əgər 3 ildən də az müddətdə belə uğurlara nail olmuşuqsa, uzunmüddətli perspektivdə daha böyük nailiyyətlər əldə edəcəyik.

- Zaur müəllim bilirsiniz ki, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə əhalinin mərhələli qayıdışına başlanılıb. Bu ərazilərdə vətəndaşlarımızın icbari tibbi sığortadan faydalana bilməsi üçün Agentlik tərəfindən hansı işlər görülür?

Ölkə rəhbərliyinin fərman və sərəncamlarına əsasən işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma layihələri sürətlə həyata keçirilir. Səhiyyə infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Agentlik tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə - Şuşa, Zəngilan, Laçın və Ağdamda modul tipli xəstəxanalar quraşdırılıb. Bu xəstəxanalarda əməliyyat və intensiv terapiya otaqları, eyni zamanda bütün palatalarda oksigen xətti mövcuddur. Xəstəxanalarda təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya və stasionar xidmətlər göstərilir. Xəstəxanalarda yaradılan şərait, müasir tibbi avadanlıqlarla təchizat vətəndaşların müayinə və müalicəsinə xidmət edir. Burada travmatoloq, ümumi cərrah, kardioloq, revmotoloq, anestezioloq-reanimatoloq, funksional-diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri çalışırlar. Vətəndaşlar burada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlanırlar.

Cari ilin sonuna qədər Hadrut rayonunda modul tipli xəstəxananın quraşdırılması başa çatır. Növbəti illərdə işğaldan azad olunmuş digər ərazilərdə də modul tipli xəstəxanaların açılması nəzərdə tutulur. Bu da dövlətimizin vətəndaşların sağlamlığına olan diqqət və qayğısının göstəricisidir.