Rəssam Sara Məmmədlinin fərdi sərgisi keçirildi - Fotolar - Video

ressam-sara-memmedlinin-ferdi-sergisi-kecirildi
Oxunma sayı: 803

Bakıda rəssam Sara Məmmədlinin yaradıcılığına həsr olunmuş fərdi rəsm sərgisi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, sərgidə müəllifin müxtəlif illərdə ərsəyə gətirdiyi əsərlər nümayiş olunub.

Tədbirdə incəsənət və mədəniyyət nümayəndələri, ictimaiyyət üzvləri, yaradıcı şəxslər və qonaqlar iştirak ediblər. Sərgi ziyarətçilərə Sara Məmmədlinin son illərdə formalaşan yaradıcılıq dünyası, fərqli mövzulara və üslublara yanaşması ilə yaxından tanış olmaq imkanı yaradıb.

1988-ci ildə Bakıda anadan olan Sara Məmmədli həyatının uzun bir dövrünü ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərində keçirib və təhsil alıb. Daha sonra Azərbaycana qayıdan Sara Məmmədli Qərbi Kaspi Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. İxtisasca diplomat olsa da, incəsənət və yaradıcılıq daim onun maraq dairəsinin əsas istiqamətlərindən biri olub.

Son altı ildir rəssamlıqla peşəkar şəkildə məşğul olan Sara Məmmədli yaradıcılığında özünü konkret bir janrla məhdudlaşdırmır. Onun əsərlərində rənglər, simvollar, insan xarakterləri və müxtəlif emosional vəziyyətlər əsas ifadə vasitələri kimi çıxış edir. Müxtəlif üslub və istiqamətlərə müraciət edən rəssam hər bir əsərində fərqli düşüncə və hissləri kətan üzərində ifadə etməyə çalışır.

Sara Məmmədli sərginin onun üçün yalnız əsərlərin nümayişi deyil, eyni zamanda son illərdə keçdiyi yaradıcılıq yolunun bir növ yekunu olduğunu bildirib.

Rəssam qeyd edib ki, sərgidə təqdim olunan əsərlərdə müxtəlif dövrlərdə yaşadığı hisslər, müşahidələr və düşüncələr öz əksini tapıb.

Yaradıcılığın digər istiqamətlərində də fəaliyyət göstərən Sara Məmmədli “Saray Couture” geyim brendinin yaradıcısıdır. Onun sözlərinə görə, moda və rəssamlıq bir-birindən fərqli sahələr olsa da, hər ikisi özünüifadə və estetik baxış baxımından onun yaradıcılığında bir-birini tamamlayır.

Sərgi Sara Məmmədlinin rəssam kimi keçdiyi altı illik yaradıcılıq yolunun geniş auditoriyaya təqdimatı olmaqla yanaşı, onun incəsənət sahəsində yeni mərhələsinin başlanğıcı kimi də qiymətləndirilir. Müəllif gələcəkdə yeni əsərlər, sərgilər və müxtəlif yaradıcı layihələrlə fəaliyyətini davam etdirməyi planlaşdırır.