Rusiya Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinə aparan dəmir yolu sahələrinin bərpası təfərrüatlarını müzakirə etməyə hazır olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın İctimai Televiziyayasına müsahibəsində bildirib.
Nazir Rusiya tərəfindən müsbət siqnallar aldıqlarını vurğulayıb:
“Hərfi mənada iki-üç gün əvvəl siqnallar aldım ki, onlar detalları anlamağa və müzakirə etməyə hazırdırlar: kimin və nə qədər sərmayə qoymalı olduğu və s”.
Bununla belə, Mirzoyan layihənin reallaşdırılması şərtlərindən çox şeyin asılı olacağını və məsələnin müvafiq qurumlar tərəfindən araşdırılacağını əlavə edib.
Xatırladaq ki, 2008-ci ilin fevralında Ermənistanın dəmir yolu infrastrukturu 30 il müddətinə (daha 10 il uzadılma hüququ ilə) Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin güzəştli (konsessiya) idarəçiliyinə verilib.
Azərbaycan və Türkiyə ilə sərhəddəki dəmir yolu sahələrinin bərpası planları fonunda mövcud Rusiya konsessiyasının yenidən nəzərdən keçirilməsi məsələsi gündəmə gəlib. Ötən may ayında Baş nazir Nikol Paşinyan hökumətin bərpa işlərini Ermənistanın öz vəsaiti hesabına aparmağa hazır olduğunu bəyan etmişdi.
Daha sonra Paşinyan Moskvaya konsessiyanın dost üçüncü ölkəyə transferi imkanını nəzərdən keçirməyi təklif edib və potensial variantlar kimi Qazaxıstan, BƏƏ və Qətərin adını çəkib. İrəvan Rusiya tərəfinin razılığı olacağı təqdirdə dəmir yollarının idarəçiliyinin Qazaxıstan şirkətinə verilməsinə etiraz etmədiyini bildirmişdi. Lakin Rusiyanın Nəqliyyat naziri Andrey Nikitin Moskvanın konsessiyanın Qazaxıstana verilməsi ilə bağlı heç bir danışıqlar aparmadığını bəyan edib.
Son xəbərlər
Son Xəbərlər