Rusiyada Navalnının həbsinə etiraz aksiyaları keçirilib - Fotolar+Video +Yenilənib

rusiyada-navalninin-hebsine-etiraz-aksiyalari-kecirilib
Oxunma sayı: 6108

Rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq Rusiyanın Vladivostok, Cənubi-Saxalin, Yakutsk, Xabarovsk və digər şəhərlərində aksiyalar keçirilib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, aksiyalar zamanı saxlanılanlar var. Navalnının tərəfdarları Moskvada da aksiyaya çağırış ediblər. Bu səbəbdən Rusiyanın hüquq-mühafizə orqanları Moskvanın mərkəzində Puşkin meydanında təhlükəsizlik tədbirlərini gücləndirib. Razılaşdırılmamış aksiyaların keçirilməsi ilə bağlı insanlara xəbərdarlıq olunub və onların məsuliyyətə cəlb olunacaqları deyilib.

Qeyd edək ki, Aleksey Navalnıya yanvarın 18-də 30 sutkalıq həbs cəzası verilib.

***

Moskvada aksiya keçirənlərin saxlanılmasına başlanılıb. Məlumata görə, onlarla saxlanılan var və onların əksəriyyəti gənclərdir. Saxlanılanlar arasında, həmçinin, 14 yaşlı yeniyetmənin də olduğu bildirilir. O artıq valideynlərinə təhvil verilib.

Məlumat üçün bildirək ki, Puşkin meydanına toplaşanların əksəriyyətinin gənclər və yeniyetmələr olduğu deyilir.

***

"İnterfaks"ın məlumatına görə, Puşkin meydanına 4 minədək aksiyaçı toplaşıb. Onlar əsas küçə və prospektləri bağlamağa cəhd ediblər. 

***

Rusiyanın daha bir şəhərində aksiyalar başlayıb. Belə ki, Navalnının həbsinə etiraz edənlər Sankt-Peterburqun əsas küçə və prospektlərində mitinq keçirirlər. 

***

TASS xəbər verir ki, hazırda Moskvada Puşkin abidəsinin ətrafı aksiyaçılardan təmizlənib. Polis izdihamı iki hissəyə bölüb. 

***

Aksiyalar zamanı Rusiya Milli Qvardiyasının 3 əməkdaşı xəsarət alıb. 

***

TASS xəbər verir ki, Moskvadakı aksiya artıq başa çatıb.