Saakaşvilinin ukraynalı sevgilisi Gürcüstana gedir

saakasvilinin-ukraynali-sevgilisi-gurcustana-gedir
Oxunma sayı: 2260

“Mixail Saakaşvili Gürcüstanda qanunsuz saxlanılıb və bütün dünya ictimaiyyəti onun azadlığa buraxılması üçün mübarizə aparacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin sevgilisi, ukraynalı deputat Yelizaveta Yasko feysbukda canlı yayımda danışarkən deyib.

Y.Yaskonun sözlərinə görə, Saakaşvili qeyri-qanuni şəkildə mühakimə olunub. Onun sözlərinə görə, Mixail Saakaşvili gürcü xalqı dəyişikliklərə sahib olsun deyə Ukraynada olan dostlarını və ailəsini qoyaraq Gürcüstana gedib.

O, həmçinin qeyd edib ki, gürcü xalqı seçkilərin nəticələrini və keçmiş Prezidenti qorumağı bacarmalıdır. Bununla yanaşı, Yasko oktyabrın 4-ü Saakaşvilinin saxlanıldığı Rustavi həbsxanasının qarşısında toplaşan etirazçılarla həmrəy olduğunu da dilə gətirib. 

Eyni zamanda, ukraynalı deputat tezliklə Gürcüstana səfər edəcəyini açıqlayıb.

Qeyd edək ki, Saakaşvili ilə Yaskonun münasibətdə olduğu oktyabrın 1-i məlum olub. Belə ki, Saakaşvili həbs edildikdən sonra, Yaskonun paylaşdığı videoda deyir: “Biz Liza ilə hamıya birlikdə olduğumuzu deməyə qərar verdik. Biz yeni həyata, yeni ailəyə başlayırıq”.

Xatırladaq ki, oktyabrın 1-də 8 ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili saxlanılıb. Onun Tbilisi yaxınlığındakı Rustavi həbsxanasında saxlanıldığı bildirilir.

Saakaşvili parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin öldürülməsi işi üzrə məhkəmənin üç instansiyası tərəfindən təqsirli bilinir.

Bu yaxınlarda Baş nazir İrakli Qaribaşvili Saakaşviliyə qarşı kəskin ittihamlar irəli sürüb. Hökumət rəhbərinin sözlərinə görə, Saakaşvili və onun komandası ölkədə iğtişaşlara səbəb olmaq və ölkə hakimiyyətini bunda günahlandırmaq məqsədilə gürcü müxaliflərin qətlə yetirilməsini planlaşdırıblar.