Şamaxıda “44 gün - Tarixi zəfər” kitabının təqdimatı keçirildi - Fotolar

samaxida-44-gun-tarixi-zefer-kitabinin-teqdimati-kecirildi
Oxunma sayı: 364

Şamaxıda Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən hazırlanmış “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin III və IV cildlərinin təqdimatını keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, martın 13-də təqdimatı keçirilən bu cildlərdə Vətən uğrunda şəhid olmuş şəxslər haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarından Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, eləcə də rayon ictimaiyyəti və gənclər iştirak ediblər.

Rayon Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə RİH başçısı Tahir Məmmədov, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Vətən müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Hacı Arif Vəliyev, şəhid Aqil Mirzəliyevin anası Aynurə Mirzəliyeva, şəhid Orxan Nəbiyevin atası Rza Nəbiyev, şəhid Yalçın Rəhimovun atası Elçin Rəhimov şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu, dövlət tərəfindən şəhid ailələrinə diqqət və qayğı göstərildiyini vurğulayaraq şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar və təqdimatı keçirilən xatirə kitabının ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildiriblər.

Çıxışlardan sonra redaksiya tərəfindən hazırlanan kitabda bəhs olunan şəhidlərdən biri haqqında film nümayiş olunub. Tədbirin sonunda şəhid ailələrinə xatirə kitabları təqdim olunub.