“Axı bir tanış görsə, tanımaz artıq məni...”

axi-bir-tanis-gorse-tanimaz-artiq-meni
Oxunma sayı: 680

Vətən müharibəsində şəhid olan ilk hərbi həkim, tibb xidməti baş leytenantı Şöhrət Qasımovla bağlı xanımı Türkan Qasımzadə xatirələrini bölüşüb. 

“Qafqazinfo” xəbər verir ki, o, həyat yoldaşı olmadan yaşadığı 6-cı illə bağlı feysbuk hesabında paylaşım edib.

“6 il əvvəl bir evdən iki cənazə çıxmışdı. Dünyanın ən müqəddəs yerinə. Birinin qatili bəlli deyildi. O biri isə öz qatilinin cənazəsini qucaqlayıb son mənzilə yola salırdı…

O gün batımında iki nəfərin səsi, gülüşü, təbəssümü sönmüşdü.

İnsan da qatilini sevərmi?

Bəli, sevərmiş…

Mən səni hamıdan çox sevdim. Mən səninlə yandım o gün. Küllərimdən doğa bilmədim bir daha.

Məni bütün müharibələrdən sağ çıxarıb özün öldürdün. Sən öz müharibəndən də qalib çıxdın. Sənin cəbhəndə bir tək mən məğlub oldum.

Bu dəfə səsim çatmayacaq sənə. Heç səsləməyəcəyəm də. Çox yorğunam. Elə yorğunam ki...

Yüzillik ömrümdə belə yorulmamışdım. Yüzillik ömrümdə canım belə yanmamışdı heç. İçindən sağ çıxdığım bütün döyüşlərin yarası indi qanayır.

Məni bir tək sən anlayırdın. Bəzən bir sözlə, bəzən də bir baxışla... İndi anlaşılmaq kimi bir dərdim də yoxdur daha…

Yoxsan. Bu şəhərin ən sərt payızını görürəm, bu şəhərin ən pis zamanını yaşayıram.

Axı bir tanış görsə, tanımaz artıq məni...

Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm. Sanki, bir neçə saniyə əvvəl var olan bir adam birdən-birə yox olur.

Ən ağır hiss də elə o andır.

Səssizlikdir hər yer...

İndi unudulmuş bir cənazədir ruhum, düşüncəm... 

Tanımadığım, mən olmayan bir bədənə sıxışıb qalıb...

Bir gün bir yerdə demişdim sənə:

- Mən dəniz olmaq istəyirəm.

Hava çox günəşli idi, amma çox üşüyürdüm.

Sən də demişdin ki:

- Mən səni Allahdan da qorxa-qorxa istəyirəm. O qədər ucsuz-bucaqsız olma.

Mən daha dəniz olmaq istəmirəm.

Mən daha güclü olmaq istəmirəm.

Mən heç nə istəmirəm. Sənə ehtiyacım var…

Mən indi çox yorğun bir sahildən yazıram sənə...

Qalsaydın, bütün şeirlərim sənə yazılacaqdı. Getdin. İndi özün şeirə çevrilmisən...

Yazmaq...

Artıq qovuşmaq ümidin olmasa da, içimdə hələ də bir yerin səni gözləməsidir. Çünki insan ümid etməyi birdən-birə dayandıra bilmir...

Mən yazmağa davam edirəm, çünki hər yazdıqlarım sənə bir məktubdur, bir səsdir, bir izdir.

Və mən hər bu gün bunu yazmaqla yoxluğunla barışmağa çalışıram...

Tanrının qismətimə yazmadığını sətirlərə yazaraq...”

Qeyd edək ki, Şöhrət Qasımov 28 yaşında Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. O, həmçinin Aprel döyüşlərinin də iştirakçısı idi. İkinci Qarabağ müharibəsindəki əməliyyatlarda iştirak edən hərbi həkimlərimizdən biri olub. 2 gün içərisində bir çox mühüm tapşırıqları icra edib və həm neytral zonada, həm də döyüş bölgəsində qalan yaralılarımızı, şəhidlərimizi çıxara bilib.

Sonuncu dəfə 29 sentyabrda Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək 3 çətin tapşırığın öhdəsindən gəlib. Yaralıları döyüş bölgəsindən çıxaran zaman düşmən tankı ilə üz-üzə gəlib. Həmin vaxt da zirehli maşında olan 4 nəfəri xilas edib, özü isə şəhidlik zirvəsinə yüksəlib.

9 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. 

Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

2 övladı yadigar qalıb.