Azərbaycan və Ermənistan dövlət sərhədinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) keçəcəyi hissəsinin delimitasiyasını apara bilər.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, parlamentin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan jurnalistlərə açıqlamasında bildirib.
“TRIPP həyata keçirilməyə başlayanda, məsələn, dəmir yolunun keçəcəyi və ya neft və qaz kəmərlərinin çəkiləcəyi sahələrdə qismən delimitasiya işlərinin aparılması ehtimalı var. Yəni, lokal sahələr baxımından delimitasiya məntiqinin dəyişməsi mümkündür, lakin ümumi məntiq ondan ibarətdir ki, delimitasiya şimaldan cənuba doğru aparılmalıdır”, - o deyib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası prosesinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılması barədə razılıq əldə edildiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər