İtaliyanın Baş naziri Corcia Meloni səsinin süni intellekt tərəfindən icazəsiz təqlid edilməsinin qarşısını almaq üçün hüquqi addım atıb.
“Qafqazinfo” xəbər verir ki, Meloni səsinin hüquqi müdafiəsi üçün Avropa İttifaqının Əqli Mülkiyyət Ofisinə (EUIPO) müraciət edib.
Baş nazirin ofisinin təsdiqlədiyi ərizəyə Meloninin italyanca “Io sono Giorgia” ifadəsini iki dəfə səsləndirdiyi 4 saniyəlik səs yazısı əlavə olunub.
“Io sono Giorgia” Meloninin 2021-ci ildə yayımlanan avtobioqrafiyasının adı olub və onun siyasi kampaniyaları ilə əlaqələndirilir.
Meloninin bu addımı gələn il İtaliyada keçiriləcək ümumi seçkilər ərəfəsində atması diqqət çəkir. Baş nazir 2024-cü ildə də süni intellektlə hazırlanmış saxta pornoqrafik videolarının yayılmasına görə 100 min avro təzminat tələb etmişdi.
Qeyd edək ki, “Deepfake” texnologiyası insanın üzünün və səsinin rəqəmsal şəkildə dəyişdirilərək saxta məzmun hazırlanmasına imkan verir.
Süni intellektlə yaradılan səs nüsxələri real insanların səs yazıları əsasında hazırlanır. Sadə təqlid üçün bir neçə saniyəlik səs nümunəsi kifayət edə bilər, daha keyfiyyətli nüsxələr üçün isə daha çox məlumat tələb olunur.
Son xəbərlər
Son Xəbərlər