Sevgilisini şəhid verib, sevgisini yaşadanların günü...

sevgilisini-sehid-verib-sevgisini-yasadanlarin-gunu
Oxunma sayı: 7588

Bu gün Sevgililər Günüdür. 14 fevralı qəbul edib-etməməyimiz müzakirə mövzusu olsa da, bu, heç nəyi dəyişmir. Reallıq budur ki, dünyada olduğu kimi, Azərbaycanda da bu tarixi özəl gün kimi qeyd edənlərin sayı kifayət qədərdir.

Neçə gündür qarşıma bir sıra reklamlar çıxır. Şirkətlər sevgililərin bir-birini təbriki üçün öz hədiyyəlik məhsullarını reklam edirlər. Bu gün kimisi hədiyyə olaraq gül alacaq, kimisi qızıl, kimisi telefon, kimisi sevgilisi ilə restoranda şam yeməyi yeyəcək, kimisinin də varlığı hədiyyə olacaq...

Düzdür, axırıncı sözlü hədiyyə bir sıra cavanlar üçün lağlağıya çevrilib. Bəziləri ağız büzür ki, əşşi, nə varlıq-varlıq salmısan, hədiyyə hanı?

İnanın, indiki məqamda bu, mənə daha çox səmimi gəlir. Bu məsələyə bir də Vətən Müharibəsində sevgilisini, həyat yoldaşını, nişanlısını şəhid vermiş xanımların gözü ilə baxsanız, mənə haqq verəcəksiniz. Sizcə, 14 fevralda o şəhidlərin varlığından daha böyük hədiyyə ola bilərdimi? Birmənalı olaraq, yox!

Biz Vətən Müharibəsində təkcə Azərbaycan oğullarının qəhrəmanlığını yox, həm də onların əmanət qoyub getdiyi xanımların məğrurluğunu, sevgisini gördük. Əsl sevgi nədir, necə olmalıdır, ona şahidlik etdik. Sevgilisini şəhid verib, sevgisini yaşadanları gördük...

Düzdür, əsərlərdə, əfsanələrdə Leyli-Məcnunu, Fərhad və Şirini oxumuş, səhnələrdə görmüş adamlarıq. Məcnun çöllərə düşür, Fərhad dağları yarır… Amma heç biri Vətən müharibəsi ərəfəsində gördüyüm sevgilər qədər təbii gəlmir mənə. Firuzə, Nargül kimi xanımların öz şəhid həyat yoldaşlarının tabutunu son mənzilə çiyinləri üzərində aparması və “Bu, mənim son borcum idi, onun qarşısında son vəzifəmi yerinə yetirdim” deməsi dünyada bir xanımın ifasında ən böyük sevgi isbatıdır! Bu sevgilər Fərhadın yardığı dağdan da, Məcnunun düşdüyü çöldən də, kainatın özündən də böyük sevgidir.

Və ya Qazaxdan olan qazi, döyüşlərdə bir ayağını itirən leytenant Abbas Yusifovun xanımı Günel Yusifova... Gəlin, etiraf edək ki, hər xanım Günel qədər fədakar deyil. Döyüşlərdən əvvəl nişanlı olan cütlük müharibədən sonra ailə həyatı qurdu. Xanımı qazi yoldaşının bir ayağının yoxluğunu ona hiss etdirməyərək, Abbasla nikah masasına əyləşdi. Əsl sevginin nə olduğunu, onun varlığını növbəti dəfə Günel xanım bizə göstərmiş oldu.

Və ya şəhid Səbuhi Sadıqov... Döyüşə gedəndə anasına deyib ki, “nişanlıma deyərsən ki, ona haqqımı halal edirəm, getsin, xoşbəxt olsun”.

Və ya şəhid Elvin Abdurahmanov... Döyüş başlayan gün telefonunun qeyd yerində son vəsiyyətini yazaraq, nişanlısını əvvəlcə Allaha, sonra qardaşlarına əmanət edən, ondan muğayət olmasını istəyən şəhidimiz...

Bunlar yarım qalan sevgilərin gerçək hekayələridir. Bir könüldə iki sevdası olanların əsəridir. Bu sevgilər elə bir sevgiyə qurban verildi ki, geridə qalanlar üçün bu, xəyanət sayılmadı.

Bu gün Sevgililər Günüdür. Əfsanəvi sevgilərin - Firuzə - Röyalın, Nargül - Adilin və tanımadığımız, Vətən Müharibəsinə görə sevgisi yarım qalanların günü...

Emin Səfərov