Türkiyədə narkotik istintaqı çərçivəsində həbs edilən “Habertürk”ün baş redaktoru Mehmet Akif Ersoyla bağlı yeni iddia gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, onunla uzun müddət birlikdə çalışan jurnalist Tuğçe Acar sosial şəbəkə hesabında paylaşım edərək M. Akif Ersoy tərəfindən qeyri-etik davranış və qısnama ilə üzləşdiyini açıqlayıb.
T. Acar bildirib ki, uzun illər “Habertürk TV”də çalışıb və bir müddət Ersoyun prodüseri olub:
“Kanaldan ayrıldıqdan sonra da münasibətimiz davam edib, lakin son görüş zamanı onun tərəfindən qeyri-etik davranışlar gördüm. Bu hadisədən sonra da onunla bütün əlaqəmi kəsdim”.
Jurnalist qeyd edib ki, daha sonra “Habertürk TV” ilə yenidən işə qayıtmaq üçün aparılan danışıqlar müsbət nəticələnsə də, M. Akif Ersoyun kanalın baş redaktoru təyin edilməsindən sonra işə qəbul prosesi dayandırılıb:
“Yaşadığım vəziyyəti səsimi eşitdirə biləcəyimi düşündüyüm bəzi şəxslərlə bölüşmüşdüm, lakin onun kanalda baş redaktor olması səbəbindən “Habertürk TV”də işləyə bilməyəcəyim mənə deyildi. Bu gün görürəm ki, tək deyiləm. Heç kim də susmasın. “Gün gələr dövran dönər” deyə-deyə keçirdiyim o günlərdən sonra bu dövran döndü, çox şükür”.
Qeyd edək ki, Mehmet Akif Ersoy narkotiklə bağlı aparılan əməliyyat çərçivəsində saxlanılaraq həbs edilmişdi.

Son xəbərlər
Son Xəbərlər