Suraxanıda “Bir millətin işığına çevrilmiş lider” adlı tədbir keçirildi - Fotolar

suraxanida-bir-milletin-isigina-cevrilmis-lider-adli-tedbir-kecirildi
Oxunma sayı: 363

Bu gün Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təqdimatında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Bir millətin işığına çevrilmiş lider” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini cənab Qaya Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə, təşkilatlarının rəhbərləri, şəhid ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Öncə tədbir iştirakçıları Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzərək ehtiramlarını ifadə ediblər. Müasir Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin, suveren və müstəqil dövlətçiliyimiz uğrunda canını qurban verən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş, “Mədəniyyət kanalı” tərəfindən hazırlanmış “Yadigarlar” adlı qısametrajlı sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə ehtiramla nəzər salaraq deyib ki, XX əsrin siyasi tarixinə adını qızıl hərflərlə yazdırmış Heydər Əliyev Azərbaycan dövlətçiliyini ideoloji, institusional və hüquqi əsaslar üzərində formalaşdırıb. O qeyd edib ki, məhz Ulu Öndərin qətiyyətli siyasi iradəsi nəticəsində müstəqil Azərbaycan parçalanma və xaos təhlükəsindən xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoyub. RİH başçısı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, Azərbaycanın regional və qlobal müstəvidə artan nüfuzu Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha sübut edir.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o, öz əlləri ilə yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Vüqar Seyidov onu da xüsusi vurğulayıb ki, Ümummilli Liderin başqa bir əsəri də məhz Yeni Azərbaycan Partiyasıdır ki, bu gün yüzminlər doğma partiyamızın üzvü, milyonlar isə təəssübkeşidir. Yerli təşkilatın sədri onu da qeyd edib ki, Prezident, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin arzuları reallaşır və ölkəmiz daha da qüdrətli dövlətə çevrilir.

Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon idarəsinin rəisi, polkovnik Rauf Məmmədov çıxış edərək dahi rəhbərin həyat yoluna nəzər salıb, Ulu Öndərin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətinin bu orqanların tarixində mühüm bir mərhələ kimi qiymətləndirildiyini vurğulayıb, onun əvəzsiz səyləri ilə təhlükəsizlik təşkilatının azərbaycançılıq ideologiyası əsasında formalaşmasından, xilaskarlıq missiyasını üzərinə götürərək dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında misilsiz xidmətlərindən ətraflı bəhs edib.

Tədbir Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.