Suriyada düşərgələrdə saxlanılan 12 vətəndaşımız ölkəyə gətirildi

suriyada-dusergelerde-saxlanilan-12-vetendasimiz-olkeye-getirildi
Oxunma sayı: 1173

21 noyabr 2023-cü il tarixində Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 8 nəfəri uşaq və 4 nəfəri qadın olmaqla 12 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda XİN məlumat yayıb. 

İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə ərazisinə keçidi təşkil olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib. 21 noyabr 2023-cü ildə nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.