Almaniyada ilk dəfə sürücü və təhlükəsizlik operatoru olmadan işləyən tam avtonom yük maşını ilə məhsul çatdırılmasına başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, İsveçin “Einride” nəqliyyast şirkəti və “Lidl” supermarket şəbəkəsi tərəfindən həyata keçirilən layihə çərçivəsində 4-cü səviyyəli avtonom idarəetmə texnologiyasına malik yük maşını “Lidl”in paylama mərkəzi ilə mağazası arasında məhsullar daşıyıb.
Nəqliyyat vasitəsi Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsinin (KBA) xüsusi icazəsi ilə yola çıxıb. Şirkətlər bildiriblər ki, bu, Almaniyada belə bir nəqliyyat vasitəsinə verilən ilk icazədir.
“Einride” tərəfindən hazırlanan yük maşını ənənəvi nəqliyyat vasitələrindən fərqli olaraq sürücü kabinəsi olmadan fəaliyyət göstərir. Nəqliyyat vasitəsi gündəlik logistika əməliyyatlarını tamamilə avtonom şəkildə həyata keçirir.
4-cü səviyyəli avtonom idarəetmə texnologiyası nəqliyyat vasitəsinin müəyyən marşrutlarda və əvvəlcədən müəyyən edilmiş şərtlər daxilində insan müdaxiləsi olmadan hərəkət etməsinə imkan verir.
KBA-nın icazəsinin nəqliyyat vasitəsinin real yol şəraitində istifadəsi üçün aparılan təhlükəsizlik yoxlamalarından sonra verildiyi bildirilib.
“Einride” və “Lidl” ilkin mərhələdə bir paylama mərkəzi ilə bir mağaza arasında həyata keçirilən çatdırılmaları gələcəkdə bir neçə dayanacağı əhatə edən daha geniş logistika şəbəkəsinə çevirməyi planlaşdırırlar.


Son xəbərlər
Son Xəbərlər