“Svinka”ya yoluxma halları da artıb?

svinkaya-yoluxma-hallari-da-artib
Oxunma sayı: 5542

Son günlər Azərbaycanda uşaqlar arasında qızılca və Hepatit A ilə yanaşı, epidemik parotit - “svinka” xəstəliyinin də yayıldığı deyilir. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı pediatr Aytən İsmayılova paylaşım edib. 

O qeyd edib ki, bu gün iki uşaq qulaqdibi nahiyənin şişməsi və ağrılı olması şikayəti ilə müraciət edib. Elmi adı epidemik parotit olan bu xəstəlik zamanı qulaqla çənə arasında olan nahiyədə bərklik yaranır, ağzı açanda ağrılı olur: “Getdikcə şişlik yayılır, yumşaq olur, hərarət elə yüksək olmur. Ümumi halsızlıq və intoksikasiya əlamətləri az olur. Mədəaltı vəz, yumurtalıqlar da zədələnə bilir. Uşağın ümumi vəziyyətinə fikir verməli, dəyişikliklər haqda həkimə məlumat verilməlidir. Yerli kompress etmək lazım deyil. Virus xəstəliklərində olduğu kimi ümumi müalicə yetərlidir. Hazırda qızılca virusu, hətta Hepatit A virusu da yayıldığını nəzərə alsaq miks - yəni qarışıq infeksiyalar təhlükəsi var. Uşaqları peyvəndsiz olanlar, ya da ikinci doza MMR peyvəndi qalanlar indi etdirir. MMR peyvəndi içində isə həm qızılca, məxmərək, həm də epidemik parotit əleyhinə peyvənd olduğu üçün yeni peyvənd olunmuşlar ilk 21 gün ərzində parotitin yüngül əlamətlərini yaşaya bilər”.

Həkimin sözlərinə görə, epidemik parotit peyvəndi qızılca ilə birgə bir və 6 yaşında edilir. Yalnız bir doza peyvənd alan uşaqların da yoluxma və xəstəliyi keçirmə ehtimalı var.

Bu xəstəliklə bağlı hazırda ölkədə vəziyyət necədir? Kütləvi şəkildə yayılma təhlükəsi varmı? Valideynlər hansı tövsiyələrə əməl etməlidirlər?

Bu suallarla TƏBİB-ə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda sözügedən virusa nadir hallarda yoluxma müşahidə edilir: “Parotit virus mənşəli infeksion xəstəlikdir və əsasən, uşaq yaşlarında müşahidə edilir. Hazırda ölkədə tək-tək yoluxma və nadir hallarda stasionar müalicə üçün müraciət halları qeydə alınır. Bu xəstəlikdən yeganə spesifik qorunma üsulu peyvəndlənməkdir. Uşaqlar arasında 12 aylığında və 6 yaşında 2 doza şəklində qəbul edilən peyvəndlə bu xəstəlikdən qorunmaq mümkündür.

Eyni zamanda, qeyd edtmək istərdik ki, yoluxma halları, əsasən, peyvəndlənməyən uşaqlarda müşahidə olunur. Valideynlərə peyvənd təqviminə uyğun olaraq vaxtında uşaqların peyvəndlənməsini həyata keçirmək tövsiyə edilir. Peyvəndlənmə uşaqların ağır xəstəliklərdən qorunmasını təmin etməkdə ən başlıca vasitədir”.

Gülnar Əliyeva