“Torpaq belə az idimi, qadını Adəmin qabırğasından yaratdın?”

torpaq-bele-az-idimi-qadini-ademin-qabirgasindan-yaratdin
Oxunma sayı: 2990




Gözələ baxmaq savabdı...

necə də səxavətlidi  o qadın

yarıçılpaq  bədənini bütün gözəlliyilə

sərib baxışlar altına

üstəlik reklamlarda  rol alan

podiumlarda yeriyən  gözəl qadınlar kimi

pul istəmədən

gözələ baxmaq savabdı deyirlər

el arasında

adamları savaba soxur o gözəl

özü də bilmədən...

                                                                          ***

yüzillik tavada  makaron qovurur nənə

yüzillik tavanın bağrından ət iyi qalxıb

yayılır evə...

qoxunu alan balaca

mətbəxə yüyürüb ət istəyir nənəsindən

uşağın ət iştahasını küsdürmək üçün

tavanın qapağıyla qovur onu nənə

əlacı olsa ürəyini çıxarıb tavaya atar

bişirər

nəvəsinə yedirərdi halbuki...

                                                                          Vurma cədvəli kimi unutmaq


 balaca məktəb uşaqlarının

yay tətilinə çıxdığı zaman

başı yay macəralarına qarışdığından

unutduğu vurma cədvəli kimi

unutmusan məni

bircə dəfə üzümə baxmağın

qarşına çıxmağım bəsdi ki

xatırlayasan hər şeyi

payızda məktəbə qayıdıb

vurma cədvəlini bülbülsayaq ötən uşaq kimi...

                                                                               *****

sevinir gənc ata artdıqca nömrəsi

aldığı uşaq bezlərinin

gənc  ana cubbulu paltarları

qonşuda kirayə qalan qadına verir

“necə olsa mən oğlan anası olacam gələn dəfə” deyir qonşu qadına

qonşudakı qadının  da bətnində bapbalaca bir qız böyüyür

“oğlunun da paltarlarını  təzə saxlayıb

mənə verərsən “-deyir həmin o   kirayəşin qonşu  qadın

“mən də bir qız, bir oğlan arzulayıram”...

ümidi yoxdu nə vaxtsa evi olacağına

öz körpəsinə mağazadan özü paltar alacağına...

                                                                                                   ***

                                                                    Müharibə və ağcaqanad

                                                           (yuxulu düşüncələr)                                    

insan qanına yerikləyir

nəsil artıran dişi ağcaqanadlar...

erkək ağcaqanadların adamlarla yoxmuş işi

bizsə  ağına-bozuna baxmadan öldürürük onları

bizə dəyib toxunmasalar belə

erkək ağcaqanadları qatırıq dişilərin gözünə

müharibələrdə qadınları da

belə qatırlar kişilərin gözünə...

müharibələri kişilər törədir

altını qadınlar daha betər çəkir

gecə qulağımın dibində vızıldayıb

məni yuxudan oyadan ağcaqanadı

yuxulu-yuxulu gəzə-gəzə

düşünürəm bunları

içimdə bir az da rəhm hissi

kəpənəyin adından daha gözəl səslənirmiş

adın...

dayan, bir keçsin əlimə o ağca qanadın

nəsil artırmaq üçün insan qanına yerikləyən

ağcaqanad qadın...

sən daha mübarək iş üçün yerikləyirsən insan qanına

varlanmaq üçün törədirlər  müharibələri  adamlar...

                                                        Serial bitsəydi barı...

hər həftənin cümə günü

seyr elədiyi serialın

sonunun necə bitəcəyini

hər şeydən çox düşünür

ölüm yatağındakı qoca, tənha qadın

“serial bitsəydi barı” təəssüf etmək də

yadına düşür can verməzdən qabaq.     

                                             

                                                                          Pişik bığları


 pişiklərin bığlarını kəsməklə

 ələ salaraq

nələri əllərindən aldığınızı bilirsinizmi, uşaqlar?

təkcə  pişik qüruruna toxunmursuz ki

onları məhrum edirsiz ağaca dırmaşmaq bacarığından

yolunu azanda evinə qayıtmaqdan

siçanların dalınca dəliyə soxulmaq hünərindən

 itlərin hücumuna düçar olanda

dırmaşa bilmirlər ağaca

bığlarını qırxanda atalarınız kimi yaraşıqlı olmur pişiklər

yazıq olur onlara... 

***

yaratdığın dünyada

torpaq belə az idimi

qadını Adəmin qabırğasından yaratdın

bu qədər qənaətcillik çoxmu gərək idi, Tanrım?