Tramp İrana xəbərdarlıq etdi

tramp-irana-xeberdarliq-etdi
Oxunma sayı: 192

“Qazma dağına çox tezliklə zərbə endirə bilərik”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, İranın Nətənz yaxınlığında yerləşən və Qazma dağı kimi tanınan yeraltı nüvə obyektini hədəfə alaraq, həmin əraziyə tezliklə güclü zərbə endirilə biləcəyini bildirib. Tramp Hörmüz boğazı və ətrafında baş verənləri yaxından izlədiklərini də vurğulayıb.

ABŞ-nin “The Wall Street Journal” qəzeti daha əvvəl İsrailin Vaşinqtona yüksək əhəmiyyətli kəşfiyyat məlumatları ötürdüyünü yazıb. Məlumata görə, İran 2025-ci ilin iyununda baş verən 12 günlük müharibədən sonra minlərlə uran zənginləşdirmə sentrifuqasını bu ərazidəki yeraltı obyektə köçürüb.

Tramp iyulun 13-də verdiyi müsahibədə də Qazma dağının hədəfə alına biləcəyini bildirmişdi.

İranda Külüng dağı kimi də tanınan ərazidəki obyektin illərdir ABŞ və İsrail tərəfindən izlənildiyi qeyd olunur.

Məlumata görə, yeraltı kompleks təxminən 90-137 metr dərinlikdə, bərk qaya təbəqəsinin altında yerləşir və müxtəlif nüvə qurğularını yerləşdirmək imkanına malikdir.

İsrail və ABŞ rəsmiləri İranın buradakı tunellərdən nüvə avadanlıqlarını saxlamaq və ya kiçik uran zənginləşdirmə müəssisəsi yaratmaq üçün istifadə edə biləcəyindən narahatdırlar.

Qazma dağı ötənilki 12 günlük müharibə, eləcə də, fevral ayında başlayan son müharibə zamanı hədəfə alınmayıb.