Tramp Rütte ilə görüşdə coşdu - “İspaniya kabusdur, pul ödəmirlər”

tramp-rutte-ile-gorusde-cosdu
Oxunma sayı: 336

ABŞ Prezidenti Donald Tramp İtaliya, Böyük Britaniya, Almaniya, Fransa və İspaniyanın NATO üzrə müttəfiqlik fəaliyyətindən məyus olduğunu bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin rəsmi “YouTube” kanalında yayımlanan video-görüş zamanı məlum olub.

ABŞ lideri bu sözləri NATO-nun Baş katibi Mark Rütte ilə keçirdiyi görüşdə səsləndirib.

Müttəfiq ölkələri kəskin tənqid edən Tramp xüsusilə İspaniyanın adını çəkib:

“Biz onların əksəriyyətindən məyus olmuşuq, İspaniya isə sadəcə bir kabusdur. Sizin nöqteyi-nəzərinizdən belə, İspaniyada dəhşətli bir vəziyyət hökm sürür. Demək istəyirəm ki, onlar heç nə ödəmək istəmirlər”.

Məlumata görə, Trampın bu ölkələrdən narazı qalmasının əsas səbəbi onların İranla müharibədə (“Epik Qəzəb”/”Epic Fury” əməliyyatı) Vaşinqtona lazımi dəstəyi verməkdən imtina etmələridir. ABŞ Prezidenti bir gün əvvəl etdiyi çıxışında ölkəsinin NATO-ya ildə 600 milyard dollar xərclədiyini bildirərək bu rəqəmi “sadəcə dəlilik” adlandırıb. O qeyd edib ki, Vaşinqton avropalı müttəfiqlərini əsasən Rusiyadan qorumaq üçün yüz milyonlarla dollar xərcləsə də, İrana qarşı müharibədə alyans üzvləri ABŞ-ni tək qoyublar.

NATO Baş katibi Mark Rütte isə öz növbəsində Trampın alyansla bağlı narahatlığını və məyusluğunu anladığını bildirib. Bununla belə, o vurğulayıb ki, avropalı müttəfiqlər İrandakı “Epik Qəzəb” əməliyyatı zamanı ABŞ-yə müəyyən formalarda yardım göstəriblər.