Ukrayna Prezidenti Volodimir Zelenski Davosda amerikalı həmkarı Donald Trampla keçirdiyi görüşdən danışıb.
“Qafqazinfo” xəbər verir ki, Zelenski “Patriot” sistemləri üçün nəzərdə tutulan PAC-3 raketlərinin tədarükü barədə Trampla razılığa gəldiyini bildirib.
O, bu barədə Kiyevdə gənclərlə keçirilən forumda çıxışı zamanı deyib:
“Mən Prezident Trampla danışaraq “Patriot” üçün PAC-3 raketlərini aldım, amma neçə dənə olduğunu deməyəcəyəm. Davos səfəri isə həm qlobal məsələlərin müzakirəsi, həm də Ukraynanın səmasını qorumaq üçün konkret praktiki tapşırıqların həlli baxımından uğurlu keçib”.
Qeyd edək ki, bu raketlər xüsusilə ballistik hədəflərə qarşı yüksək effektivliyi ilə seçilir.
Xatırladaq ki, yanvarın 22-də Davosda baş tutan Tramp-Zelenski görüşü təxminən bir saat davam edib. Görüşdən sonra Tramp Ukrayna liderinin sülh müqaviləsinə hazır olduğunu, Zelenski isə ABŞ-nin hava hücumundan müdafiə məsələsində “müsbət nəticə ilə” geri dönəcəyinə inandığını bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər