Türkiyədə investisiya fondları ətrafında yaranan maliyyə qalmaqalı ölkə gündəmini zəbt edib.
“Qafqazinfo” xəbər verir ki, türkiyəli siyasətçi, Vətən Partiyasının rəhbəri Doğu Perinçek qalmaqalın hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə əlaqəsi haqqında sərt fikirlər səsləndirib.
“Türkiyə fond fırıldaqçılığının həm də AKP-nin fırıldağı olduğunu görəcək”, - o bildirib.
Perinçek bu qalmaqalla bağlı məhkəmə prosesləri və əməliyyatlar başlamazdan əvvəl fondlardan şübhəli şəkildə böyük məbləğlərdə pullar çıxaran və diqqət mərkəzinə düşən 440 nəfər investorun təxminən 400-nün AKP ilə əlaqəli şəxslər olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, Türkiyədə bu il avqustun sonlarından başlayan “fond qalmaqalı” təkcə maliyyə bazarında baş vermiş böhran deyil, siyasi himayədarlıq, iqtisadi gücün müəyyən çevrələrdə cəmləşməsi və hakimiyyət təmsilçilərinin korrupsiya girdabına bulaşması ilə əlaqələndirilir. Qalmaqalın arxasında məhz AKP-yə yaxın şəxslərin dayandığı iddia edilir. Belə ki, qalmaqalda keçmiş nazir Fatma Betül Sayan Kaya, onun həyat yoldaşı İlyas Kaya və AKP sədrinin müavini Hayati Yazıcının oğlu Mustafa Yazıcı kimi şəxslərin adlarının hallanması korrupsiyanın dövlətin ən üst pillələrinə qədər çatdığını nümayiş etdirir. Bu hadisələr fonunda AKP sədrinin müavini olan Fatma Betül Sayan Kaya sentyabrın sonlarında istefa verib.
Son xəbərlər
Son Xəbərlər