Türkiyənin Aydın vilayətinin Çine rayonunda meşə yanğınının episentrində temperatur 441°C-yə çatıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib.
“Havadan və qurudan aparılan işlər yanğın tam söndürülənədək fasiləsiz davam etdiriləcək. Küləyin istiqamətinin daim dəyişməsi yanğınsöndürənlərin işini daha da çətinləşdirir”, - o deyib.
Rayonda yanğın nəticəsində beş ev zədələnib, daha 30 yaşayış evi ehtiyat tədbiri olaraq təxliyə edilib. Dörd yaşayış məntəqəsindən həmçinin kənd təsərrüfatı heyvanları çıxarılıb.
Yumaklı həmçinin Balıkəsir vilayətində də meşə yanğınının söndürülməsinin davam etdirildiyini qeyd edib. Yanğının söndürülməsi zamanı dörd nəfər, o cümlədən iki yanğınsöndürən və bir meşə xidməti əməkdaşı xəsarət alıb. Risk zonalarında yerləşən bir neçə yaşayış məntəqəsinin sakinləri təxliyə edilib.
Qeyd edək ki, son 10 gün ərzində Türkiyənin eyni zamanda bir neçə vilayətində böyük meşə yanğınları qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər