“Ukrayna bombalananda oğlumun 16 yaşı olurdu, bişirdiyim tort sobada qaldı...”

ukrayna-bombalananda-oglumun-16-yasi-olurdu-bisirdiyim-tort-sobada-qaldi
Oxunma sayı: 5754

Dünyanın harasında olursa-olsun, müharibə ən çox məsum olanlara – uşaqlara təsir edir. Filmlərdə gördükləri o qorxudolu səhnələr uşaqların həyatına yansıyır. Təəssüf ki, son bir həftədir Ukraynada da bunlar yaşanır.

Müharibənin lap mərkəzindən, Rusiya qüvvələri tərəfindən mühasirəyə alınan şəhərlərdən gələn insanların hekayələri müharibənin hər dəfə uşaqlara etdiyi pisliyi ortaya çıxarır. Ukraynadakı müharibə səbəbindən uşaqlar sığınacaqlarda, metro stansiyalarının pilləkənlərində yatmaq məcburiyyətində qalır. Yaşadıqları şəhərin bombalanmasına şahid olur, günə həyatlarıboyu hər dəfə eşidəndə qorxacaqları həyəcan siqnallarının səsi ilə başlayır, atalarını, babalarını qoyub təhlükəsiz bölgələrə qaçmağa məcbur olurlar.

Ərlərindən, atalarından ayrılıb qonşu ölkələrə getməli olan ana və uşaqların görüntüləri ürək ağrıdır. 1 milyona yaxın ukraynalı artıq sərhədləri aşaraq öz ölkəsindən və yaxınlarından ayrılmaq məcburiyyətində qalıb. Hətta yeni doğulan körpələr də müharibənin qurbanı olurlar. Onlar xəstəxana binasının zirzəmisində müvəqqəti sığınacaqlarda müharibənin bitməsini gözləyir, həyatdan möhkəm yapışmağa çalışırlar.

“Qafqazinfo” xəbər verir ki, “Guardian” nəşri Xarkovda yaşayan Nataliya Slyusarın müharibənin dəhşətlərini bütün çılpaqlığı ilə əks etdirən məktubunu dərc edib. Məktubda uşaqların bu müharibədən nə qədər təsirləndiyi açıq-aydın göstərilir.

“Fevralın 28-də oğlumun 16 yaşı tamam olurdu. Bütün yaşıdları kimi o da doğum günü şənliyi keçirmək və sevdiyi şokoladlı tortu almağımızı istəyirdi. Amma həmin gün evimizin hamamının döşəməsində gecələməli olduq. Çünki bura evimizdə ən güvənli yer idi və qaranlıq metrodan və ya evin zirzəmisindən daha etibarlı idi...” 

Ukraynalı qadın bomba səsindən gecə-gündüz rahatlıq tapmadıqlarını deyir. İşğal olunan rayonda yaşayan yaxınları, o cümlədən, ata və anası ilə günlərdir əlaqə qura bilmirlər. Çünki orada elektrik enerjisi kəsilib və mobil telefon şəbəkəsi çox zəifdir:

“Anamın vəziyyətinin normal olduğuna əmin olandan sonra baxdım ki, partlayış səsləri də gəlmir, oğluma verdiyim şokoladlı tort vədini yerinə yetirmək istədim. Yumurta, un və şəkəri qarışdırıb bişirmə qabına tökdüm. Ərim ağlayaraq çığırmağa başlayanda tort çoxdan sobada idi.

““Tez ol, hava hücumu var! Belqorodda təyyarələr uçur! Elektrik cihazlarını söndürün!” sözləri hələ də qulağımdadır”.

N. Slyusan evdən hövlanak qaçdıqlarını, partlayış səslərinin getdikcə yaxınlaşdığını təsvir edir. O bildirir ki, partlayışlar bitəndən sonra evə qayıdarkən ilk baxdığı yer elektrik sobası olub. Şişərək qalxmalı olan tort qorxunc, quru və yanmış halda idi:

“Stulda əyləşdim və ilk dəfə ağlamağa başladım. Ağlaya-ağlaya da bunları deyirdim: “yox, qorxmuram! Bu cəhənnəmin ortasında uşağıma doğum günü tortu hazırlamaq istədim. Ona bir tort belə hazırlaya bilmirəm. Bu necə ola bilər? Oğlum niyə 16-cı yaş gününü xoşbəxt keçirməsin ki?!

Evdə hazırlamağa çalışdığım torta şamlar düzüb oğlumu qucaqladım və dedim: “Əzizim, bilirsən, sənin üçün belə bir doğum günü arzulamırdım. Tort məhv oldu. Çox təəssüf edirəm”.

Oğlum da məni qucaqladı və hər şeyi anladığını dedi. Dedi ki, hər şey bitəndən sonra o tortdan yenə alacağıq. O, böyüyəndə vəkil olacaq və bizə bunları yaşadanlardan haqq-hesab soruşacaq”.

Daha sonra N. Slyusan Çernikovdakı uşaq xəstəxanasındakı vəziyyəti təsvir edir. Bildirir ki, xəstəxanada xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar təcili təxliyə edilməli olsalar da, şəhər Rusiya silahlılarının nəzarəti altında olduğundan heç yerə çıxa bilmirlər. Digər tərəfdən isə xəstəxanada olan yüksək doza ağrıkəsicilər getdikcə tükənir. Doğrudur, Polşa və Slovakliya hər hansı xərc ödəmədən xərçəng xəstəsi olan uşaqları müalicəyə qəbul edir. Lakin şəhər işğal altında olduğundan xəstəxananın zirzəmisində qapanıb qalan 2-15 yaşlı uşaqlar oradan çıxa bilmirlər.