Valideynin şikayət etdiyi “Prius” sürücüsü həbs olundu

valideynin-sikayet-etdiyi-prius-surucusu-hebs-olundu
Oxunma sayı: 5841

Abşeron rayonu ərazisində məktəbliyə qarşı xuliqanlıq etmiş taksi sürücüsü həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl M.Səmədova (şərti) Abşeron RPİ-nin Mehdiabad Polis Bölməsinə müraciət edərək tanımadığı şəxsin övladına qarşı xuliqanlıq etdiyini deyib. Şikayətçi bildirib ki, qızı dərsə gedərkən “Toyota Prius” markalı avtomobilin sürücüsü yol soruşmaq bəhanəsi ilə ona yaxınlaşıb. Valideynin iddiasına əsasən, həmin şəxs telefonu uzadaraq yeniyetməyə əxlaqsız videolar göstərib və onunla ünsiyyət qurmağa çalışıb.

Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törətmiş şəxsin 1995-ci il təvəllüdlü, Mehdiabadda yaşayan Ağdam sakini Röyal Babayev (şərti) olması müəyyənləşib. Sözügedən sürücü əməli etiraf edib. O, saxlanılıb və barəsində İXM-nin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə 28 yaşlı sürücüyə 10 sutka inzibati həbs cəzası verilib.