Türkiyəli mərhum müğənni “Güllü”nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəmə və inzibati araşdırmalara başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Gülterin keçmiş nişanlısı Kərvan Eminoğlu Yalova Baş Prokurorluğuna şikayət ərizəsi təqdim edib və iddialarla bağlı bəzi görüntüləri istintaqa verib.
Şikayətdə Gülterin bəzi xəstələrə yatırtmaq məqsədilə iynə vurduğu, xəstəxananın təmizlik işçilərinə xəstələr üzərində ürək-ağciyər reanimasiyasını (ürək masajı) necə həyata keçirməyi öyrətdiyi iddia olunur. Həmçinin reanimasiya şöbəsində müalicə alan xəstələrə qarşı qeyri-etik davranışlar sərgilədiyi və ölən bəzi xəstələrin ölüm vaxtlarını dəyişdirdiyi də irəli sürülüb.
Yalova Vilayət Səhiyyə İdarəsi məsələ ilə bağlı açıqlama yayaraq, özəl tibb müəssisəsinin keçmiş əməkdaşının fəaliyyəti barədə yayılan iddialar əsasında məhkəmə və inzibati araşdırmaların başladıldığını bildirib.
Qeyd edək ki, Tuğyan Ülkəm Gülter anası “Güllü”nün ölümü ilə bağlı iş üzrə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Xəstəxanada baş verdiyi iddia olunan hadisələrlə bağlı araşdırmalar isə davam edir.
Son xəbərlər
Son Xəbərlər