Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib

yasamalda-mektebde-7-ci-sinif-sagirdi-intihar-edibmis
Oxunma sayı: 7056

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub.

Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasının 2024-cü ildə ölümündən sonra psixoloji pozuntu yaşayıb və uzun müddət müalicə alıb. Onun atası da psixoloji pozuntusu ilə əlaqədar 2-ci qrup əlildir.

O da bəlli olub ki, G.D. xalasının himayəsində yaşayıb.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb.

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird dünyasını dəyişib. 

Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. 

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, - açıqlamada bildirilib.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1 azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktl ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.