Gəncənin Hacıkənd qəsəbəsinə yağan qar bir sıra problemlər yaradıb.
“Qafqazinfo” xəbər verir ki, hazırda Gəncə-Toğanalı-Kəlbəcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində yollar buz bağlayıb.
Nəticədə avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb, nəqliyyat vasitələri yolda qalıb.
Qar yağışı davam edir.
***
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirir.
Muğanlı–İsmayıllı–Qəbələ, Bakı–Şamaxı–Yevlax, Qusar–Xudat, Quba–Qusar, Qusar–Şahdağ, Quba–Qonaqkənd, Xızı-Altıağac, İsmayıllı–Lahıc, Şamaxı–Çuxuryurd–Nağaraxana–Dəmirçi, Şəmkir - Gədəbəy və digər respublika əhəmiyyətli avtomobil yollarında yolun hərəkət hissəsindən qarın təmizlənməsi və buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər fasiləsiz şəkildə həyata keçirilir.
Xüsusilə gecə boyu və səhər saatlarında qarın intensiv yağdığı, eləcə də buzlaşmanın yarandığı dağlıq və dağətəyi ərazilərə xüsusi texnikalar — qar təmizləyən maşınlar, duz-qum səpən avadanlıqlar, eləcə də kifayət qədər canlı qüvvə cəlb olunub. Görülən tədbirlər nəticəsində sözügedən istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib, yolların bağlanmasının qarşısı alınıb.
Hazırda AAYDA-nın yol istismar idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yol şəraitindən asılı olaraq təmizləmə və buzlaşmaya qarşı tədbirlər operativ şəkildə davam etdirilir. Agentlik sürücülərə hava şəraitini nəzərə almağı, qış mövsümünə uyğun təkərlərdən istifadə etməyi, sürət həddinə riayət etməyi, çətin relyefli ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını tövsiyə edir.
Qeyd edək ki, yol şəraiti ilə bağlı məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması məqsədilə Agentlik tərəfindən monitorinqlər davam etdirilir.
Yunis Quliyev





Son xəbərlər
Son Xəbərlər