44 günlük Vətən müharibəsindən sonra regionda vəziyyət dəyişib. Azərbaycanın regional və beynəlxalq mövqelərinin güclənməsi Cənubi Qafqazı nəzarətdə saxlamaq uğrunda savaş aparan qlobal güc mərkəzlərində ciddi rahatsızlıq yaradıb. Ölkəmizə qarşı hibrid təhdidlərin qlafdan çıxarılaraq açıq kampaniyalar formasına keçirilməsi həmin narahatlığın bariz nümunəsidir.
Bu kontekstdə yanaşsaq, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatlar təsadüfi hal kimi dəyərləndirilə bilməz. Təcrübə göstərir ki, Zatulinin açıqlamaları fərdi xarakter daşımır. Bu çıxışlar planlı şəkildə ortaya çıxır, Rusiyanın şovinist dairələrinin siyasi-ideoloji baxışını ifadə edir.
Zatulin postsovet məkanında “rus dünyası” konsepsiyasının əsas təbliğatçılarından biridir. Bu konsepsiya müstəqil siyasət yürüdən qonşu dövlətlər üçün permanent təhdidə çevrilib. Qonşu dövlətləri Rusiyanın təsir dairəsində saxlamağa yönəlik fərqli mexanizmlər formalaşdırılıb. Rusiyanın imperiya ambisiyalarını gerçəkləşdirmək üçün həm siyasi-ideoloji mərkəzlər, həm də iqtisadi platformalar arasında koordinasiya təşkil edilib. “MDB əməkdaşlıq formatı” onun təzahür formalarından biridir.
Müşahidələr göstərir ki, bu cür kombinasiyalar təkcə siyasi-iqtisadi platformalar müstəvisində deyil, həm də ayrı-ayrı fərdlər üzərində tətbiq olunub. Zatulinin bəzən parlament təmsilçisi, bəzən də “Qazpromun media agenti” kimi çıxış etməsi deyilənləri əyani şəkildə təsdiqləyir. Zatulinin aktiv fəaliyyətini təmin etmək Qazprom tərəfindən onun institutuna külli miqdarda vəsait köçürdüyünü təsdiqləyən sənədlər ortadadır (Şəkil - 1). Onun təmsil etdiyi mərkəzlərin abmisiyaları Azərbaycanın müstəqil xarici siyasət kursunu da hədəf alır.
.jpg)
.jpg)
Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropa üçün alternativ mənbəyə çevrilməsi, ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşməsi, xarici siyasət kursunu tam müstəqil formada təyin etməsi Zatulinin təxribatçı çıxışlarını intensivləşdirib. Çox aydın şəkildə görünür ki, Moskva rəsmi Bakının regional siyasətdə passiv obyekt deyil, qərarverici aktor kimi çıxış etməsini özünün Cənubi Qafqazdakı hegemonluq iddiaları üçün mane qismində görür. Zatulinin qismində təxribatçı şəxsləri dövriyəyə buraxaraq, Azərbaycanı öz yolundan çəkindirməyi planlayır.
Fevralın 6-da Zatulin erməni əsilli 13 nəfərin Bakıda mühakimə olunmalarını pisləyən açıqlama verib. O, Araik Harutyunyan da daxil olmaqla 5 nəfər barəsində Azərbaycan hərbi məhkəməsi tərəfindən ömürlük həbs cəzasının, digər 8 nəfər barəsində uzunmüddətli həbs qərarının verilməsini “qisasçılıq, ermənilərlə hesablaşmaq” adlandırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın səfirini çağıraraq Zatulinin səsləndirdiyi ifadələrin qəbuledilməz olduğunu bildirib. Rusiya tərəfindən “regionda sülh və sabitliyi, eləcə də Azərbaycan ilə Rusiya arasındakı münasibətləri pozmağa çalışan Zatulin kimi şəxslərin dağıdıcı fəaliyyətlərinin qarşısını alması” istənilib.
Rusiya bu çağırışa reaksiya verib Zatulini cəzalandıracaqmı? Təbii ki, yox. 2024-cü ilin dekabrında Rusiyanın Azərbaycan sərnişin təyyarəsini vurmasından sonra sərgilədiyi münasibət göstərir ki, o, “səhvlərini” etiraf etmək əvəzinə, onları daha da dərinləşdirməyə üstünlük verir. Rusiya qonşu dövlətləri cəza yolu ilə öz orbitinə qaytarmağa çalışır.
Zatulinin ritorikasında Azərbaycan daim “itaətsiz”, “Qərbin əlaltısı” və ya “regional sabitliyi pozan” ölkə kimi təqdim olunur. Hədəf ölkənin legitimliyini şübhə altına almaq, onun müstəqil qərarlarını xarici təsirlərin nəticəsi kimi göstərmək klassik informasiya müharibəsi texnologiyasıdır. Beynəlxalq ictimai rəydə Azərbaycanın mövqelərini zəiflətmək və onun manevr imkanlarını məhdudlaşdırmaq istəyirlər.
Rusiya öz qonşularını Qərbdəki agentlər vasitəsilə təhdid edir
Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti daxil olmaqla Qərbin əksər institutlarında çoxsaylı qeydiyyatdan keçmiş lobbi qrupları fəaliyyət göstərir. “Lobbi qrupu” adı altında legitimləşdirilən bu şəbəkələr arasında Rusiyanın strateji maraqları ilə həm birbaşa, həm də dolayı vasitələrlə bağlı olan fərdlər və təşkilatlar yer tuturlar. Onlar Rusiyanın transmilli korporasiyaları ilə sıx bağlıdırlar. Sözügedən lobbi qruplarının əsas missiyası öz müştərilərinin maraqlarını Aİ, AŞPA, AP və ATƏT çərçivəsində qanunvericilik, qərarqəbuletmə və ekspert müzakirələrində təmin etməkdən ibarətdir.
Bu fəaliyyət təkcə Avropa institutları ilə məhdudlaşmır, ayrı-ayrı ölkələrin media qurumları, parlament üzvləri, analitik mərkəzləri, vətəndaş cəmiyyəti strukturları vasitəsilə davam etdirilir. Onlar tərəfindən yürüdülən anti-Azərbaycan ritorikası ölkəmizin mənfi imicinin formalaşdırılması, beynəlxalq etimadın zəiflədilməsi məqsədi daşıyan çoxşaxəli təsir strategiyasına əsaslanır. Bu strategiya diplomatik alətlər, informasiya kampaniyaları, siyasi müttəfiqlər, eləcə də “ekspert” və QHT şəbəkələri üzərindən həyata keçirilir.
Rusiyanın hibrid müharibə strategiyasında Qərb institutları daxilində yerləşdirilmiş və ya müxtəlif mexanizmlərlə təsir altına alınmış şəxslər mühüm rol oynayırlar. Bu şəxslər özlərini “müstəqil ekspert”, “insan haqları müdafiəçisi” və ya “demokratik dəyərlərin daşıyıcısı” kimi təqdim etsələr də, faktiki olaraq Kremlin maraqlarına xidmət edirlər.
Məsələn, Terbrond Yanqlandın (Thorbjørn Jagland) Avropa Şurasının baş katibi olarkən Rusiyaya qarşı yumşaq mövqeyi, Azərbaycana qarşı isə selektiv və qərəzli yanaşması ilə diqqət çəkib. Araşdırmalar onun Rusiya nümayəndə heyəti ilə qeyri-rəsmi əlaqələrini və bu çərçivədə “verbovka” edildiyini göstərir. “Epşteyn faylları” ictimailəşdirildikdən sonra isə onun Moskva-AŞPA-Epşteyn üçbucağının yaradılmasında rol aldığı üzə çıxıb. Azərbaycan KİV-lərində dərc edilmiş “Epşteyn dosyesində Yaqland-Rusiya bağlantısı” adlı yazıda bu məsələ ətrafında tutarlı arqumentlər təqdim edilib.
.jpg)
Terbrond Yanqlandın AŞ sədrliyindən getməsi ilə bu proses bitibmi? Xeyr. Tərcümeyi-halı göstərir ki, Yaqland gənclik illərində solçu hərəkatda olub. Həmin vaxtdan etibarən Moskva ilə əlaqələri olub. Daha sonra Rusiyanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən tam “verbovka” olunub, Rusiya agenti kimi fəaliyyət göstərib. “Solçu hərəkat”da təmsil olunanların siyahısı Yaqlandla bitmir. Müxtəlif Avropa institutlarına yerləşdirilmiş bu cür “solçuların” Azərbaycanla bağlı siyasəti Azərbaycan-Avropa, Qərb münasibətlərini pozmaq, əlaqələrin yaxşılaşmasına imkan verməmək olub. Hazırda bu missiya Yanqlandın digər həmkarları, o cümlədən, “solçu” Şvabe tərəfindən davam etdirilir. Avropa Parlamentində bu cür missioner deputatların sayı çoxdur. Biri ifşa olunur, sıradan çıxarılır, digəri onun yerinə keçir.
Qeyd edək ki, “Epşteyn işi” çərçivəsində Norveçin İqtisadi va Ətraf Mühit Cinayətlərinin Təhqiqi üzrə Milli Orqanı Yanqlanda qarşı cinayət mühakiməsinin başlanılmasına qərar verib. Norveçin Xarici İşlər Nazirliyi bununla bağlı Avropa Şurasının Nazirlar Komitəsinə müraciət edib, Yaqlandın Avropa Şurasının sabiq baş katibi kimi sahib olduğu immunitetin ləğv edilməsini istəyib. Bu cür qalmaqallı hadisələr Avropa siyasi sisteminin yenilənməyə məhkum olduğunu göstərir. “Epşteyn işi” ilə əlaqəli fiqurların rüsvayçı hərəkətləri Qərb institutların olan etimadı sarsıdır, müstəqil dövlətlərin Avropa İnstitutlarına inamını qırır.
AŞPA-nın aparıcı simalarından olan Ştrasser (Strässer) də Rusiyanın maraqlarını Qərb institutlarında müdafiə edən gizli lobbiçilər sırasında tanınıb. Onun adı həm də pedofillərin hüquqlarının müdafiəçisi kimi məşhurdur. Bu yöndə qanunvericilik təşəbbüsləri ilə çıxış edib. Ştrasser “erməni lobbisi” üzərindəın Azərbaycana qarşı yönləndirilib. Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş sənədlərin hazırlanmasında iştirak edib. Bu, Rusiya tərəfindən həyata keçirilən hibrid müharibənin tipik formasıdır: müxtəlif maraq qruplarını bir platformada birləşdirərək hədəf ölkəyə təzyiq göstərir.
Xristian Demokratların təmsilçisi olan Pieter Omtzigt Avropa institutlarında Rusiyayönlü siyasət yürüdən deputatlar sırasında xüsusi entuziazmı ilə seçilib. Rusiyanın Ukrayna üzərində törətdiyi MH17 fəlakəti ilə bağlı saxta şahidlər tapması ilə məhşurlaşıb. 2014-cü ildə Malayziya Hava Yollarına məxsus MH17 təyyarəsinin Ukrayna üzərində şübhəli qəzaya uğraması nəticəsində 298 nəfər sərnişin həlak olmuşdu. Hollandiya Təhlükəsizlik Şurası MH17 təyyarəsinin Ukranyanın Donbass vilayəti üzərində BUK sistemli raketi vasitəsilə vurulmasına dair rəyə gəlmişdir. Rusiya bu insidentdə ittiham olunurdu. Pieter Omtzigt saxta şahidləri qəza qurbanlarının yaxınlarının iştirakı ilə keçirilən brifinqə gətirib, saxta iddiaların istintaq qrupuna verilməsi, Rusiyanın adının təmizə çıxarılması üçün çalışıb. “Saxta şahid” keysi Pieter Omtzigtin Rusiyaya yönəlik xidmətləri sırasında sonuncu deyil. O, aldığı sifarişə uyğun olaraq, “Maltalı jurnalistin qətlə yetirilməsində Azərbaycan izi” tezisini gündəmə gətirib. Azərbaycanın adını dəfələrlə ağlasığmaz ittihamlar fonunda səsləndirib. Bu, Pieter Omtzigtin Ştrasserlə, Yaqlandla və digər Rusiyapərəst siyasətçilərin ortaq, oxşar cəhətidir. Onlar Avropa institutlarında Azərbaycana qarşı ittihamlar səsləndirməklə yanaşı, Rusiyanın beynəlxalq hüququ pozan addımlarına açıq şəkildə bəraət qazandırıblar.
Prosesə Azərbaycanın daxilindəki “5-ci kolon” da qoşulub
Xaricdən aparılan hibrid hücumların effektivliyi üçün daxili dayaqların mövcudluğu vacib şərtdir. Azərbaycanda uzun illər bu funksiyanı yerinə yetirən müəyyən siyasi-bürokratik qruplar və onların media-resursları olub. Azərbaycandaxili qrupların fəaliyyəti Avropadakı agent şəbəkələrin fəaliyyəti ilə sinxronlaşdırılıb. Aralarında çox sıx koordinasiya olduğu diqqət çəkir. Məsələn, anti-Azərbaycan fəaliyyəti ilə ad çıxaran Andreas Qross “tez-tez Ramiz Mehdiyevin kabinetində olub, hədiyyələr alıb”. Bu barədə Azərbaycan KİV-lərində informativ məqalələr dərc edilib (Андреас Гросс о Рамизе Мехтиеве и “Икорной дипломатии”).
Qross Rusiyanın gizli lobbistidir. Rusiyadan qiymətli hədiyyələr alması və digər bu kimi vasitələrlə Rusiya tərəfindən maliyyələşdirilməsi barədə faktlar mövcuddur. Təəccüblü deyil ki, o da Ştresser kimi “erməni lobbisi”nə yönlədirilib və bəlli şəbəkə ilə əməkdaşlıq edib...
Qross Azərbaycana qarşı təxribatçı məlumatlar yayarkən, öz fəaliyyətini “daxili qüvvələrin” sinxron fəaliyyəti ilə qüvvətləndirib. Onun Azərbaycana qarşı hər hansı kampaniyası başlayan kimi, daxildəki “radikal müxalifət” “hakimiyyətə qarşı narazılıq” görüntüsü yaratmağa çalışıb.
Bu kampaniyalar iflasa məhkumdur
Təşkilatlandırılmış anti-Azərbaycan şəbəkə son illərdə ciddi zərbə alıb. Azərbaycan daxilindəki 5-ci kolon böyük ölçüdə neytrallaşdırılıb, əsas fiqurlar vəzifədən uzaqlaşdırılıb və ya hüquqi məsuliyyətə cəlb olunub. Eyni zamanda, onların xaricdəki resursları da zəifləyib. Donald Tramp administrasiyasının USAID, USAGM kimi strukturların fəaliyyətini məhdudlaşdırması, transmilli KİV-lərə qarşı məhkəmə iddiaları açması bu şəbəkələrin həm maliyyə, həm də təbliğat imkanlarını daraldıb.
Onlar vəziyyətdən çıxmaq üçün indi yeni taktika tətbiq edirlər. “Nəzarətdə olan bloqerlər”, xaricdə məskunlaşmış “YouTuber”lər və digər sosial şəbəkə fəalları vasitəsilə sifarişli kampaniyalar aparırlar. Bu şəxslər klassik siyasi fiqur olmadıqları üçün daha “səmimi” təsir bağışlayırlar. Lakin məzmun və mesajlar eyni mərkəzdən idarə olunduğunu çox aydın şəkildə göstərir.
Bütün cəhdlərə baxmayaraq, Azərbaycana qarşı aparılan hibrid müharibə strateji nəticə verməyəcək. Azərbaycan artıq bu tip təzyiqlərlə mübarizədə zəngin təcrübəyə malikdir. Dövlət institutlarının möhkəmlənməsi, informasiya təhlükəsizliyi sahəsində atılan addımlar, beynəlxalq tərəfdaşlarla balanslı siyasət bu kampaniyaların təsir gücünü minimuma endirir. Ən əsası isə Azərbaycan cəmiyyəti bu manipulyativ texnologiyaları tanıyır və onlara qarşı immunitet qazanıb. Müstəqil siyasət kursu, milli maraqlara əsaslanan qərarlar və regional liderlik iddiası hibrid hücumlarla dayandırıla bilməz. Tarix göstərir ki, belə kampaniyalar yalnız onları təşkil edən mərkəzlərin reputasiya itkisi ilə nəticələnir.
Şəkil -1: Qazpromdan Zatulinin institutuna bir başa 148 milyon və 5 milyon rubl köçürüldüyünü təsdiqləyən sənədlər:
.jpg)
.jpg)
Yeganə Hacıyeva, Müşfiq Ələsgərli