Zelenski onu yeni Baş nazir kimi görür

zelenski-onu-yeni-bas-nazir-kimi-gorur
Oxunma sayı: 793

Ukrayna Prezidenti Volodimir Zelenski “Naftoqaz” şirkətinin rəhbəri Serqey Koretskini yaxınlaşan qış şəraitində ölkənin Baş naziri vəzifəsinə ən hazırlıqlı namizəd adlandırıb.

“Qafqazinfo” xəbər TSN-ə istinadla xəbər verir ki, dövlət başçısı keçirilən müzakirələrdən sonra bu qənaətə gəldiyini bildirib:

“Bütün məsləhətləşmələrdən sonra Serqey Koretski, yəqin ki, Ukraynanın baş naziri vəzifəsinə ən hazırlıqlı şəxsdir”.

Bundan əlavə, Ukraynanın “Strana.ua” nəşrinin məlumatına görə, Koretski Zelenskinin yaxın silahdaşı və irimiqyaslı korrupsiya qalmaqalının fiqurantı olan iş adamı Timur Mindiçin adamı kimi tanınır. Bildirilir ki, Zelenskinin ətrafı Koretskini öz sıralarına 2022-ci ilin sonunda qəbul edib. Həmin vaxt oliqarx İqor Kolomoyskidən müsadirə edilmiş “Ukrnafta” şirkətini idarə etmək üçün etibarlı kadr ehtiyacı yaranmışdı. Nəşr bundan qabaq isə S. Koretskini Ukraynanın yeni Baş naziri vəzifəsinə ən çox ehtimal olunan namizəd kimi qeyd etmişdi.

Xatırladaq ki, iyulun 12-də Zelenski Ukraynanın baş naziri Yuliya Sviridenkonun istefaya göndərildiyini və hökumətin yenilənəcəyini elan etmişdi. O, bu addımı ölkənin hazırda qarşılaşdığı “yeni çağırışlar və vəzifələr” səbəbindən “siyasi strategiyanın” dəyişdirilməsi zərurəti ilə izah edib.

Bundan əvvəl “RBC-Ukraina” agentliyi isə hakim “Xalqın Xidmətçisi” partiyasındakı mənbəyə istinadən xəbər vermişdi ki, Sviridenkonun istefasına səbəb Rusiyanın Ukraynadakı yanacaqdoldurma məntəqələrinə (YDM) endirdiyi zərbələr ola bilər. Digər bir versiyaya görə isə sabiq Baş nazir Mindniçin antikorrupsiya işində adının hallanmasına görə vəzifəsindən kənarlaşdırılıb.