2018-ci ildə necə uğur qazanmalı və xoşbəxt olmalı

2018-ci-ilde-nece-ugur-qazanmali-ve-xosbext-olmali
Oxunma sayı: 3555

Azər Qismət

Dekabrın 31-də bütün işləri görüb qurtarırıq: Mərhumlarımızın qəbirlərini ziyarət etməkdən tutmuş süfrənin bəzədilməsinə qədər. Bura həm də yaxın qohumlara bayramlaşmağa getmək də daxildir. Əlbəttə, əksər azərbaycanlılar qohumlarla dekabrın 31-də telefonla bayramlaşsa da, evlərinə getməyi yanvarın 1-nə saxlayırlar. Çoxdan formalaşmış ənənə belədir. Həm də dekabrın 31-də harasa getməyə imkan da tapılmır, o qədər iş-güc var ki...

Beləliklə, Yeni ilin astanasında evdə xoş aura yaratmağa çalışırıq. Köhnə ildəki səhvlərimizi yenidən xatırlayırıq, xoş günlərə gülümsəyirik. Bir növ hesabat veririk. Çalışırıq ki, saat 12-ə qədər xoş danışaq, şaqraq gülüşlərlə mənzili istiləndirək. Köhnə ili xoşluqla yola salıb, təzə ili pozitiv əhvalla qarşılayaq. Süfrə başında, səhərə yaxın yatanda ürəyimizdə tutduğumuz arzular da öz yerində. Bütün bunları etdiyimiz halda niyə bəzən növbəti il ağır gəlir. Məhz dekabrın 31-də etdiyimiz səhvlərə görə növbəti ildə işlər çətinliyə düşür?

Çinlilərin illəri heyvanlar üzərində təhvil vermələri heç də havadan gəlmir, bütün bunlar əsaslandırılıb. Əgər it ili gəlirsə, deməli, ehtiyatlı olmaq lazımdır. Çünki itin quduzu da var. Bu barədə bir azdan yazacağam, hələlik isə sarı itin xarakterinin 2018-ci ilə necə təsir etməsini nəzərinizə çatdırım.

Odlu xoruz ilini başa vurub sarı it ilinə daxil olmaqla dünya əhalisinin əksər sakinlərinin qəlbindəki narahatlıq yoxa çıxdı, sakitlik yarandı. Çünki müxtəlif vaxtlarda sarı it ili heç də fəlakətlər ili kimi yadda qalmayıb. Əksinə, istər şəxsi həyatda, istərsə də cəmiyyətdə sakitlik hökm sürüb. Astroloqlar bunu sarı itin xarakteri ilə bağlayırlar. Xarakter isə əsasən müsbət elementlərlə zəngindir. Belə ki, 2018-ci ildə adamlar arasında sədaqət, etibar artacaq. Çünki hələ qədimdə adamların itləri əhliləşdirməsindən sonra it özünün sədaqəti ilə nəzəri cəlb edib. Məhz 2018-ci ilin it üzərində gəlişi də adamlar arasındakı əlaqələri qırmayacaq, əksinə möhkəm tellərlə bir-birinə bağlayacaq.

Astroloqların daha bir qənaətinə görə satı itlər dəyişikliyi xoşlamırlar. Bununla da demək istənilir ki, növbəti ildə dünya sakinləri şəxsi həyatlarında köhnədən qalanlarla qane olacaqlar. Ancaq sarı it özünün qıvraqlığı və pozitivliyi ilə yadda qalır. 2018-ci ildə adamlar çox qəmlənməyəcək, hər şərdə bir xeyir axtaracaqlar. Daha bir qənaət ondan ibarətdir ki, sarı it ilində insanların var-dövlət axtarışına verəcəkləri zaman anlayışı arxa plana keçəcək. İnsanlar yalnız qəlblərinin fərəhlənməsi üçün çalışacaq, ürəkləri sevindirməyə çalışacaqlar.

Astroloqlar qədər siyasətçilər, iqtisadçılar da sarı it ilinin pis olmayacağını proqnozlaşdırırlar. Siyasətçilər hesab edir ki, dünyanın siyasi mənzərəsində bəzi ölkələr arasında diplomatik əlaqələrdə gərginlik hökm sürsə də, hansısa ölkələrə sanksiyalar tətbiq edilsə də, ümumilikdə dinc insanların qırılmasına yönələn müharibələr azlıq təşkil edəcək. Aqrar sektorun inkişafı, dünya əhalisinin qida ilə təminatında irəliləyiş gözlənilir. FAO-nun proqnozları bundan ibarətdir ki, taxıl, ümumilikdə dənli-paxlalı bitkilər bol olacaq. Deməli, sarı it ili həm də bərəkət gətirəcək, insanlar qida cəhətdən çətinlik çəkməyəcəklər. Təbiətin şıltaqlığı isə sarı it ilində yerini sakitliklə əvəzləyəcək. Sel-daşqınlar, kütləvi insan ölümü ilə nəticələnən zəlzələlər də gözlənilmir.

Bəs, dekabrın 31-də harada və necə səhvə yol veririk? Hansı məqamda açılmayan düyün bağlayırıq? Birincisi odur ki, Yeni ildə uğur qazanmaq üçün imkan daxilində təzə, yaxud təmiz paltar geyinmək lazımdır. Xatırlayırsınızsa, “Qəribə təsadüf, yaxud həmişə təmizlikdə” filmində Nadya Şevelyova sevgilisi İppoliti qarşılamaq üçün təzə paltarı necə geyinib masa arxasına keçir. Bu qədim çinlilərin adətindən irəli gəlir. Təzə il təzə, yaxud ləkəsiz paltarla qarşılanmalıdır. Xüsusilə, kişilər hər gün geyindikləri idman paltarını, ya da pijamalrı kənara qoyub süfrə ətrafında oturmamalıdır. Qədim çinlilərin söylədiyinə görə köhnə paltarda yeni ili qarşılamaq insanların növbəti ildə daha da kasıblaşmaq riski ilə üzləşməsinə gətirib çıxara bilər.

Bundan əlavə süfrəni düzərkən diqqət edin. Ora çatlamış nimçə qoyulmamalıdır. “Hicran” tamaşasında da təsadüfən deyilmir ki, “sınıq malı niyə saxlayırsız”. Ümumiyyətlə, fen-şuy qanunlarına əsasən çatlaq və çoxdan işlənməyən qab-qacaq, eləcə də pal-paltar evdən çıxarılmalıdır. Süfrədə çoxlu yemək də əsas deyil. Bircə “paytaxt salatı” ilə də bayramı yola vermək olar. Əsas qəlbin bayram əhvalı ilə köklənməsi, ürəklərin fərəhlə aşıb-daşmasıdır. Beləliklə, nimçələr, stəkanlar çatlaqsız olmalıdır. Əgər şərtlərə əməl edilməsə, növbəti ildə pulsuzluq baş alıb gedəcək.

Daha bir diqqət göstərilməli məqam. Bayram günlərində evdə saxlanan heyvanlar, yaxud kənardan miyoldaya-miyoldaya kabab iyinə, qızarmış balıq qoxusuna gələn pişiklər, acından hürən itlər doyunca yedirdilməlidir. Bir tərəfdə dolu qarın, bir tərəfdə ac qarın...olmaz belə hal. Əgər it qovularsa və bircə sümük ona rəva görülməzsə, ev sahibləri növbəti ildə xoşagəlməz vəziyyətlərdən başlarını itirəcəklər.

Dekabrın 31-də heç kimlə dalaşmayın, söyməyin. Əgər qarşı tərəf sizi məcbur edərsə, dözün. Ürəyinizdə deyin ki, “qoy 2 gün keçsin, dediklərinə görə pişiyini ağaca dırmaşdıraram”. Əlbəttə, bu bir zarafatdır. Amma doğrudan da mübahisə etmək yaramaz. Belə olarsa, yeni ildə xeyli münaqişəli günlər yaşayacaqsız.

Yeni il arzularına gəlincə...Arzuları korrektə etmək və konkret söyləmək lazımdır. “İlahi, mənə pul yetir”. “Ay Allah, hamıdan xoşbəxt olum” tipli arzular çətinliklə reallaşır. Təsəvvür edin, adi bir məsələni saqqız kimi uzadanda qarşı tərəf qışqırır ki, “sözünün mustafasını de, ürəyim çəkildi”, onda qalmış göylər ola. Çünki konkretlik yoxdur, ümumi anlayışdır. Xoşbəxtliyə açar rolu oynayacaq arzular dilənməlidir. “İlahi, növbəti ildə ərə gedim”, “İlahi, mənim kitabım 1 milyon tirajla satılsın”. “İlahi, ev alım”, “İlahi, övladım ali məktəbə daxil olsun” və sair.

Əgər Yeni il gecəsi qəfildən qonaq gələrsə, onun ağızın büzülən qaydasında qarşılanması düzgün olmaz. Qarşısına təamlar düzülüb xoş sözlər deyilməlidir. Yoxsa, növbəti il mübahisələr və ixtilaflar içində itib-batacaqsız.

Əgər təzə ildə çoxlu düşmən istəmirsinizsə, dekabrın 31-də qeybət etməyin, başqalarının ardınca danışmayın. Bundan əlavə, həmin gün kimsə sizdən borc istəsə, nəzakətli qaydada “yox” deyin. Bu üzünüzə gələn təqvim ilinin pis başlanması deməkdir. Borc versəniz, uğursuzluğa düçar olacaqsız. Əlbəttə, indi cibinə bir az pul gələnlər elə düşünür ki, ümumiyyətlə borc vermək olmaz. Bu, kökündən yanlışdır. Yalnız dekabrın 31-də borc verməyin. Digər günlərdə kasıblara əl tutmaq lazımdır. Tanrının gizli istəyi budur ki, qazanılan pulun neçə misli imkansızların yolunda xərclənməlidir, əks halda ardı gəlməyəcək, bulağın gözünə daş atılacaq.

Dekabrın 31-i işdə olanlar da, qəmlənməsin. Mütləq bayram əhvalında işləyin və saat 12-də arzular diləyin.

Yeni il ərəfəsində nimçə və ya küknar ağacının oyuncağı sınarsa, onu təcili süpürüb evdən kənara atın. Ciddi xoşagəlməz hallarla baş-başa qala bilərsiniz.

Bir məsələ isə nisbətən çətinlik yaradacaq. Düzdür, tənbəl ev xanımları bundan sevinəcək, ancaq əksəriyyət razılaşacaq. Məsələ burasındadır ki, qədim çinlilərin məsləhətinə görə süfrədən qalan kirli qablar həmin gecə yuyulmamalıdır. Bunu bir gün sonraya saxlamaq məsləhətdir. Ancaq Azərbaycan inanclarına görə kirli qab-qacaq dərhal təmizlənməlidir, əks halda mənzilə xoşagəlməz ruhlar daxil olar.

Beləliklə, 2018-ci ili özü ilə gətirən, həyatımıza daxil etdirən sarı it heç də pis deyilmiş. Həyatda necə sakit və məsumdursa, gətirdiyi, sovqat verdiyi il də özünə oxşayır, xarakterinə bənzəyir. İlimiz bərəkətli, çöhrəmiz gülüşlü, həyatımız sakit, cəmiyyətimiz sabit olsun. Yeni iliniz mübarək!