Ata vəsiyyəti - Zəfərə gedən yol

ata-vesiyyeti
Oxunma sayı: 5791

Ümumilli lider Heydər Əliyev müstəqil dövlət quruculuğu istiqamətində vaxtında atılan addımlarla xalqımızın müqəddəratının həll edilməsində mütərəqqi dəyişikliklərin banisi olub. 

Ulu öndər Heydər Əliyevlə başlayan yeni tarixi inkişaf mərhələsində onun qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik  hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ münaqişəsinin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi mühüm tarixi vəzifələr dayanıb.

Yeganə amalı yaşadığı müddətdə Vətəninə xidmət etmək olan ümumilli liderin dərin məntiqi təfəkkürü, dəmir iradəsi, fədakarlığı, ümumbəşəri dəyərlərə əsaslanan dünyagörüşü, qorxmazlığı, bənzərsiz şəxsiyyəti, praqmatik və balanslaşdırılmış xarici siyasət sahəsində atdığı addımlar nəticəsində xalqımız müstəqilliyi qovuşmuş və Azərbaycan beynəlxalq aləmdə tanınıb.

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyirdi Ulu öndərimiz. Ümumilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə daim Dağlıq Qarabağ münaqişəsini işıqlandırmış və ali səbr nümunəsi olmaqla münaqişəni sülh yolu ilə həll etməyə çalışmışdır. Təəssüf ki, qabaqcıl dövlətlər, beynəlxalq təşkilatlar bu haqsızlığa göz yumaraq  münaqişənin sülh yolu ilə həll edilməsinə bitərəf yanaşıblar.

05 avqust 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində keçirilən tədbirdə “Qarabağ Ermənistandır və nöqtə” şüarı ilə riyakarcasına çıxış etməsi, 2020-ci ilin sentyabr ayının 27-si gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu ərazidə yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması münaqişənin sülh yolu ilə həll edilməsinin reallıqdan uzaq olmasını bir daha əyani sübutu idi.

Özünü hər vəchlə dünyaya “zavallı” xalq kimi tanıdan erməni quldurları beynəlxalq hüququn prinsiplərini bir heç sayaraq Dağlıq Qarabağ münaqişəsi başlayan gündən bəri qadın və uşaqları fiziki, mənəvi, psixoloji işgəncələrə, qeyri-insani rəftara, sülh və insanlıq əleyhinə cinayətlərə məruz qoyublar. Xocalı, Qaradağlı, Ballıqaya, Ağdaban kimi faciələr bunun əyani sübutudur. Ermənistanın yeritdiyi bu siyasətlə Beynəlxalq Konvensiyaların müddəaları kobud şəkildə pozulmuşdur. BMT-nin Azərbaycanla bağlı qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri 30 il müddətində icra olunmayıb.

Ulu öndərin təməlini qoyduğu, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqlə davam etdirilən uğurlu siyasətin, əzmkarlığın, dəmir iradənin nəticəsidir ki, Azərbaycan 30 il sonra Ermənistanı həm Beynəlxalq hüququn prinsiplərinə əməl etməyə, həm də BMT-nin qəbul edilmiş 4 qətnaməsini icra etməyə məcbur etdi. 27 sentyabr 2020-ci il tarixdə başlayan, Azərbaycan xalqının zəfər salnaməsi olan Vətən Müharibəsində əldə edilmiş qələbə nəticəsində 30 illik həsrətə son qoyularaq tarixi Azərbaycan torpaqları düşmən tapdağından azad olundu.

Bu danılmaz faktdır ki, Vətən müharibəsi zamanı Ermənistan beynəlxalq hüququn prinsiplərini pozaraq mülki əhalini atəşə tutmuş, qadağan olunmuş silahlardan istifadə etmiş və s. bu kimi əməlləri həyata keçirərək müharibə cinayətlərini törətmişdir. 44 günlük müharibə zamanı Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən beş dəfə - oktyabrın 4-də, 5-də, 8-də, 11-də, 17-də, Bərdə şəhəri iki dəfə - oktyabrın 27-də və 28-də raket hücumlarına məruz qalaraq bombalanmışdır. Ağdam, Bərdə, Füzuli, Beyləqan, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının mütəmadi bombalanması nəticəsində mülki şəxslər öldürülmüş, yaralanmış, yaşayış evləri, mülki obyektlər dağıdılmış və ya zərər görüb.

Ali Baş Komandanımız İlham Əliyevin Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın azad edilməsində qətiyyətli mövqeyi və müzəffər Azərbaycan Ordusunun işğal altında olan torpaqları, Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrut qəsəbəsini, Suqovuşan qəsəbəsini, 300-ə yaxın yaşayış məntəqəsini bir-birinin ardınca azad etməsi və noyabrın 8-də Qarabağın ürəyi, Qafqazın incisi Şuşanın, noyabrın 9-da isə 71 kəndin, 1 qəsəbənin, 8 yüksəkliyin düşmənlərdən alınması mənfur terrorçu Ermənistanı hərbi kapitulyasiyaya məruz qoydu.

Cənab Prezident İlham Əliyev çıxışlarının birində vurğulamışdı: “Biz sadəcə olaraq, 30 il ərzində beynəlxalq təşkilatlardan dəstək gözləyirdik, Minsk üçlüyündən dəstək gözləyirdik. Gözləyirdik ki, onların qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin. Ancaq bu olmadı. Sadəcə olaraq, nə hərb, nə sülh vəziyyəti davam edirdi, status-kvo davam edirdi. Biz bu status – kvonu hərb yolu ilə dəyişdirdik, düşməni torpaqlarımızdan çıxardıq, onlara çox böyük zərbə vurduq, onların ordusunu məhv etdik, onların əsas ideoloji sütunlarını məhv etdik”.

Vətən müharibəsi bir daha göstərdi ki, mənfur düşmənlərimiz və onun havadarlarının məkirli əməlləri Azərbaycan xalqının qəhrəman ruhunu, möhkəm iradəsini, Ali Baş komandanın dəmir yumruğunu sarsıda bilmədi. Azərbaycan xalqı qəhrəmanlıq tariximizin ən parlaq səhifələrindən birini İkinci Qarabağ müharibəsində yazdı.

Həmin dövrdə müharibə yalnız səngərdə getmirdi, müharibə həm də informasiya cəbhəsində gedirdi. Bu bir həqiqətdir ki, Ali Baş komandan İlham Əliyev informasiya cəbhəsində tək döyüşürdü. Hər kəsin xatırladığı kimi həmin günlərdə İlham Əliyev böyük əzimlə, praqmatik düşüncəsi ilə mənfur düşmənin və onun havadarlarının bizimlə apardığı informasiya müharibəsində gecə-gündüz dayanmadan, yorulmadan, mübarizə aparır, beynəlxalq ictimaiyyətə həqiqətləri çatırırdı. 44 gün çəkən müharibə dövründə Cənab Prezident təkbaşına 11 ölkənin 26 kütləvi informasiya vasitəsinə müsahibələr vermiş, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırıb.

Rəşadətli ordumuzun igidliyi, şəhidlərimizin qanı, Ali Baş komandanın uğurlu siyasətinin, dəmir yumruğunun, iradəsinin nəticəsidir bu Zəfər.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, ulu öndər tərəfindən təməli qoyulmuş siyasi kursu davam etdirməklə, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün tarixin yeni, şanlı səhifəsini yazdı, 30 ildə mümkünsüz görünəni etdi, zəfəri qazandı.

Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi.

Nəhayət üçrəngli bayrağımız əzəli və əbədi torpaqlarımızda dalğalandı. 44 günlük vətən müharibəsi hərb tarixinə qızıl həriflərlə yazıldı. İgidlərimizin Vətən sevgisi, Vətən məhəbbəti, onların torpağa, yurda bağlılığı bu qələbənin əldə olunmasına böyük təkan verdi.

44 günlük şanlı Zəfərimiz nəticəsində, xüsusilə Şuşa şəhərinin işğaldan azad olunması ilə Ulu öndərimiz Heydər Əliyevin “Azərbaycan üzükdür, Şuşa onun qaşı” kəlamı yenidən öz dəyərinə qovuşdu. Böyük qürur və fəxarət hissilə qeyd edirəm ki, mədəniyyət beşiyi olan Şuşada artıq üçrəngli bayrağımız dalğalanır.

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin noyabrın 8-də Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək bildirmişdir ki, “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

Diqqəti cəlb edən məqamlardan biri də odur ki, Ermənistanın baş naziri Xankəndində keçirilən tədbirdə “Qarabağ Ermənistandır və nöqtə” şüarı ilə riyakarcasına çıxışına cavab olaraq cənab Prezidentimiz, müzəffər ali Baş komandanımız İlham Əliyevin “ Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi mübaliğəsiz bir daha bütün dünya qarşısında Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu sübuta yetirdi. Əminliklə qeyd edə bilərik ki, müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli ordumuz tərəfindən 30 ildir ki, düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk edildi.

Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev öz çıxışlarından birində demişdir ki, “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Ata vəsiyyəti ilə başlanan Zəfər yolu nəticəsində 30 il müddətində işğal altında olan torpaqlarımız azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu qələbəni, sevinc və qürur hissini bizə yaşadan şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.

Zəfər Bayramınız mübarək!

 

Sumqayıt Şəhər Məhkəməsinin hakimi

Almaz Süleymanova