Azərbaycanlı alimin Kanada sərgüzəştləri

azerbaycanli-alimin-kanada-serguzestleri
Oxunma sayı: 633

Məşhur çex pivəsindən üç-dörd şüşə içəndən sonra Vasif müəllimin kefi durulur və o, kanadalılara Azərbaycanın əsrarəngiz təbiəti haqda məlumat verməyə başlayır. Amma çox danışdığı üçün bir müddət sonra onun boğazı quruyur. Vasif müəllim nəvəsinə işarə edir ki, ona daha bir şüşə pivə versin. Dostumun nəvəsi ədəbli uşaq olduğu üçün dərhal babasının arzusunu yerinə yetirir. Bərk susadığı üçün Vasif müəllim buz kimi pivəni birnəfəsə başına çəkir. Müəllim özü danışır ki, şüşəni yarıya endirməyə macal tapmamış, onu göy öskürək tutur. Qızı, kürəkəni kişinin kürəyinə bir qədər döyəcləyəndən sonra Vasif müəllim çətinliklə özünə gəlir. Qonaq-qara yanında çətin vəziyyətə düşən dostum elə oradaca söz verir ki, ömrünün axırına kimi bir də bu zəhrimar pivəni dilinə vurmasın. Vasif müəllim qərarında qəti olduğunu sübut etmək üçün əlindəki pivə şüşəsini yaxınlıqdakı ağacın altına qolazlayır...

Vasif müəllimin qızı və kürəkəni pərtliyi aradan qaldırmaq üçün qonaqları rəqsə dəvət edir. Yaxşı yeyib-içən kanadalılar əvvəlcə özlərinin milli musiqi nümunələrinə qol qaldırırlar, sonra isə çətinliklə də olsa Azərbaycan rəqslərini ifa etməyə başlayırlar. Bir az əvvəl baş vermiş hadisəni unudan Vasif müəllim də qızının qonşularına qoşulub, əməlli-başlı şənlənir. İş o yerə çatır ki, uzaq Kanadada, dörd bir tərəfdən ağaclarla əhatə olunmuş çəmənlikdə Əlikram Bayramovun, Əflatun Qubadovun da mahnıları səslənir. Amma yaxınlaşmaqda olan polis maşınının vahiməli uğultusu qonaqların əyləncəsini yarımçıq qoyur. Maşından enən polis zabiti ədəb-ərkanla özünü təqdim edəndən sonra Ancelinanın kim olduğunu soruşur. Vasif müəllimin qızı ilə qapıbir qonşu olan gənc xanım iki addım qabağa çıxır. Zabit Ancelinadan kimdən şikayətçi olduğunu soruşanda o, şəhadət barmağını təəccüblə nə baş verdiyini ayırd etməyə çalışan Vasif müəllimə tuşlayır. Dostum heç nə başa düşməsə də, nəvəsi fürsət tapıb onun qulağına bu sözləri pıçıldayır: “Baba, pivə şüşəsini ağacın altına atdığın üçün Ancelina xala səndən polisə şikayət edib”.

Zabit Vasif müəllimin əcnəbi olduğunu biləndə kanadalıların qonaqpərvər olduğunu göstərmək üçün onu şöbəyə aparmaqdan imtina edir. Elə oradaca akt yazıb, dostumu bizim pulla 123 manat cərimə edirlər. Vasif müəllimin kürəkəni bu məbləği yerindəcə ödədiyi üçün zabit onlarla ədəb-ərkanla sağollaşıb, geri dönür. Vasif müəllim şokda olsa da, bu cür hadisələri normal qarşılayan kanadalılar yenidən qol qaldırıb Əflatun Qubadovun mahnılarına oynamağa başlayırlar...

...Hər dəfə Bakıda içdiyi şirələrin qabını yerə atan, küçələrimizi siqaret kötükləri və lazımsız kağız-kuğuzla zibilləyən adamları görəndə, ürəyimdə bir istək baş qaldırır: kaş, Ancelina ilə həmin polis zabiti bizim şəhərdə yaşayaydı...