“Atamdan sonra başa düşdüm ki, artıq mən qorunmuram”

atamdan-sonra-basa-dusdum-ki-artiq-men-qorunmuram
Oxunma sayı: 25953

Olduqca maraqlı müsahibdir. Danışdıqca adam ona bir daha heyran olur. İllərdir tanıdığım, insanlığına, xanımlığına, savadına və ürəyinə vurulduğum bu afəti bir daha kəşf edirəm. Həmişə insanları dinləyən, onların problemlərini çözməyə çalışan xanımı bu dəfə biz dinləyəcəyik. Heç kimə danışmadığı həyat hekayəsi ilə klinik-psixoloq Aidə Sübhanla üz-üzəyik... 

- Bugünkü gərginlikdə, hadisələrin dinamik axarında Aidə Sübhan özünü necə hiss edir?

- Təbii ki, yaxşı olmağa çalışıram. Bugünkü gündə o qədər aktiv həyat tərzi keçiririk, o qədər fərqli xəbərlər eşidirik ki, onun fonunda gün ərzində əhvalımızın da dəyişkən olmaması mümkünsüz məsələdir. Amma psixoloqların əhvalı həmişə yaxşı olmalıdır.

- Sizi nə motivasiya edir?

- Nə vaxtsa seans etdiyim azyaşlı pasiyentlərimin bu gün böyük uğurlar qazanması, hətta artıq öz övladlarının əlindən tutub, yanıma gəlmələri məni çox motivasiya edir. Bir də ən əsas məsələ qızımdır. Onunla bağlı xoş sözlər eşidəndə, onun uğurlarını görəndə çox xoşbəxt oluram. Bir də... psixologiyada maraqlı bir məqam var: xəyalən gələcək kadrlara baxa bilirəm. Hərdən bir 5-10 il sonraya gedirəm ki, bu da məni çox motivasiya edir.

- Aidə Sübhan niyə psixoloq oldu?

- Səmimi etiraf edim ki, bu, mənim arzum olmayıb. Psixologiyanı atam seçib. Mən hüquqşünas olmaq istəyirdim. 

- Əslində, çox gözəl də hüquqşünas olardınız.

- Məncə də. Çünki qadın haqqlarının pozulması məni həmişə narahat edirdi. Və mən özümdə buna qarşı mübarizə əzmi hiss edirdim. Onları qorumaq, onların hüquqlarını bərpa etmək ən böyük istəyim idi. İçimdəki üsyankarlıq məni buna sövq edirdi. Amma necəsə oldu, atamın məsləhəti ilə psixologiyanı seçdim. Baxıram ki, elə psixologiya tərəfdən də eyni missiyanı yerinə yetirirəm.

- “Aidə” qədim yunan dilində bülbül deməkdir. 

- Bilirəm. Əslində bülbül sözü mənə yad deyil. Məni tanıyanlar yaxşı bilir ki, hələ məktəb tədbirlərində çox gözəl çıxışlarım olurdu.

- Demək, səsiniz də var?

- Bəli. Çox gözəl səsim var. Deyim ki, səsim bu gün mənə meditasiyalar zamanı da lazım olur. Çünki zalda səsimin ahəngi altında yatanlar, hətta dərin trans vəziyyətə düşənlər də olur. Hətta pasiyentlərim belə etiraf edirlər ki, Aidə xanım, səsiniz bizi çox uzaqlara aparır.

- Deyirlər, bütün yaxşı insanların qəlbində bir musiqi yatır. Səhər yuxudan oyanan kimi o musiqini zümzümə edirsən. Ürəyinizdə hansı musiqi yatır?

- (doluxsunur) İçimdə o musiqi var. Amma çox həssas yerimə toxunduz. O mahnı nədəndir, onu deyə bilməyəcəm.  

- Səni hər görəndə beynimdən belə bir fikir keçir: qadın zəif deyil, zərifdir.

- (gözləri yol çəkir) Məni tanıyanlar bəzən belə bir fikir səsləndirirlər: sən kişi kimi bir qadınsan. Bir söz deyim? Heç sevmirəm bu ifadəni. Bir xanıma kişi kimi olmaq nə qədər xoşbəxtlik gətirə bilər, bilmirəm. Görünür hansısa məqam məni gətirib ora çıxardıb. Həyatımda 13 yaşlarımdakı bir kadr var. Bax o hadisə məni çox möhkəmləndirdi, həyatla mübarizəyə, insanları tanımağa, onlarla impati qurmağa, hətta bir yeniyetmənin gözündəki istənilən kiçik acını görməyə gətirib çıxartdı. Və daha sonra da mənim həyatımı dəyişən ən çox sevdiyim insan olan atamın dünyadan köçməsi oldu. 

- Atandan sonra böyüdün...

- “Böyüdüm”, deyim, “möhkəmləndim”, deyim... Başa düşdüm ki, artıq mən qorunmuram, mən özüm kimisə qorumalıyam. Artıq mən müdafiə etməliyəm, mübarizə aparmalıyam. Belə demək mümkünsə, zərif çiyinlərimə çox ağır yüklər düşdü. Amma deyim ki, atam necə ki, mənim uğurlu bir psixoloq olmağımı istəyirdi, elə onun dediyi də baş verdi. Sanki onun ruhu öz energetikası ilə səmalardan da mənə kömək edirdi. 1 ayın içində mənim üzümə bütün qapılar açıldı. Gözəl təkliflər aldım. Və mənim içimdəki o güclü Aidə doğuldu.

- Bəs həyatının hansısa məqamında küllərindən doğulduğun oldumu?

- Bu, mənə çox tanış sözdür. Elə bil mənim həyatımı əzbərdən bilirsiz. Xatırlayıram ki, 2021-ci ildə çox çətin dönəmlər yaşadım. Pandemiya... ondan sonrakı dövrlər... Bir gün dostumla görüşdüm. Xeyli söhbət etdik. Və sağollaşanda mənə dedi ki, səni çox gözəl tanıyıram, əminəm ki, çox qısa müddətdə bu çətinliklərin də öhdəsindən gələcəksən və sən küllərindən yenidən doğulacaqsan. Elə də oldu. Çox qısa müddətdə yenidən ayağa qalxdım, işlərimə davam etdim, uğurlar qazandım. İnanın, hardasa o küllərindən yenidən doğulmaq ifadəsi düz 6 ay qulağımda səslənirdi. Və mən sanki onu hiss edirdim: kül olub səpələnmək, sonra da toparlanıb, uçmaq... Şükürlər olsun ki, bu gün küllərindən doğulan Aidə yenidən ayaqda, həm də çox güclü olaraq ayaqdadır. Düşünürəm ki, bunu yaşamayan insan uğur qazana bilməz.

  Böyük savaşların kiçik məğlubiyyətləri...

- Həyatda badalaq vuranların çox oldu, yoxsa arxa duranların?

- Sevdiyim bir söz var: istedadsıza kömək lazım deyil, çünki o, özünə yol tapacaq. Çalışın, istedadlı adama əl uzadın. Mən həqiqətən də bunun canlı şahidiyəm. Və çox qəribədir ki, ətrafımdakı insanlar, kiminsə mənə mane olduğunu, badalaq vurmağa çalışdığını deyir. Bunlar məni üzmür. Deyin “niyə?”.

- Niyə?

- Çünki mən bilirəm ki, kainat bir insanın nəyə qadir olduğunu bilirsə, minlərlə kötük, milyonlarla maneə qoysalar da həmin energetika səni arzuladığın yerə gətirib çıxardacaq. Çünki kainatdan böyük qüvvə yoxdur, onu heç kim idarə edə bilməz. Müvəqqəti şahmat gedişləri kimi gedişlər ola bilər, amma ümumi oyunun nəticəsini dəyişmək mümkün deyil. Mənə görə kiçik döyüşlərdə uduzmaq, savaşda məğlub olmaq demək deyil. 

- Adətən, qızlar ailə quranda atalarının cizgilərini həmin insanda axtarırlar. Tapa bildin?

- (düşünür) Deyə bilmərəm. Çünki həyat yoldaşımı atamın məsləhəti ilə seçmişəm. Bu səbəbdən də o cizgiləri axtarmadım heç.

- Həyatının hansı illəri yaşanmamış qaldı?

- Bunu son vaxtlar tez-tez deyirəm... Ən çox peşman olduğum bir məqam var: 18 yaşımdan 25 yaşıma qədər olan bir dönəm... Bəlkə də o ərəfə bir qızın sevgi dönəmidir, bəlkə də özünü tanımaq, ya da daha çox əylənmək dönəmidir; ya da geyinib-keçinib, özünə vaxt ayırmaq ərəfəsidir. Mən o illəri yaşamadım. Nəyə görə? Çünki mənim başım elmə, təhsilə qarışmışdı. Bütün gücümü işləməyə verdim. Bax o illəri qaçırtdığım üçün həqiqətən də peşmanam. 

Zakirə Zakirqızı