BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir - Fotolar

bmu-da-genc-tedqiqatcilarin-viii-beynelxalq-elmi-konfransi-kecirilir
Oxunma sayı: 1033

Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, BMU-nun inzibati binasında Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda ümummilli liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev builki konfransın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və ümummilli liderin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər sırasında özünəməxsus yer tutduğunu bildirib. Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvanın yaşıl enerji zonası elan edildiyinə, həmin ərazilərdə görülən işlərə diqqət çəkən rektor yaşıl enerjinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu qeyd edib. Cari ilin noyabr ayında paytaxtımızın COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini deyən Yaqub Piriyev bunun beynəlxalq səviyyədə Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsi olduğunu vurğulayıb.

Y. Piriyev çıxışında alimlərin nüfuzlu elmi bazalara çıxış imkanları üçün görülən işlərdən, eyni zamanda bu bazalarda çap edilmiş elmi məqalələrə görə mükafatlandırmanın həyata keçirilməsindən də bəhs edib. Bildirib ki, dövlət səviyyəsində gerçəkləşdirilən çoxşaxəli tədbirlər gənc tədqiqatçıların üzərinə Azərbaycan elminin mövqeyinin yüksəldilməsi məsuliyyəti qoyur. Çıxışının sonunda beynəlxalq tədbirə 9 ölkədən ümumilikdə müxtəlif elm sahələri üzrə 700-ə yaxın tezis və məqalə göndərildiyini, onlardan 548-nin konfransın proqramına daxil edildiyini bildirib. Konfransa Azərbaycanın 35-dən çox ali təhsil müəssisəsindən məruzələrin təqdim olunduğunu da deyən Yaqub Piriyev gənc tədqiqatçıların nailiyyətlərinin ictimaiyyətə çatdırılması, tədqiqat işlərinə marağın artırılması baxımından konfransın əhəmiyyətini yüksək dəyərləndirib.

Çıxışlardan sonra plenar iclasda elmi məruzələr dinlənilib. 

İkigünlük konfransda gənc tədqiqatçılar əsas istiqamətlər üzrə seksiyalarda məruzələrlə çıxış edəcək.