Yevlaxda “Zərifə Əliyeva ömrünün işığı” adlı tədbir keçirildi - Fotolar

yevlaxda-zerife-eliyeva-omrunun-isigi-adli-tedbir-kecirildi
Oxunma sayı: 1084

Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax rayon Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Zərifə Əliyeva ömrünün işığı” adlı tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisələrinin rəhbərləri, tibb işçiləri və ziyalılar iştirak ediblər. 

Anar Tağıyev Azərbaycanın tanınmış simalarından olan tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə Əliyevanın keçdiyi zəngin və mənalı həyat yolundan, təkrarolunmaz elmi irsindən, peşə və ictimai fəaliyyətindən bəhs edərək vurğulayıb ki, tibb tariximizdə silinməz iz qoymuş, zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr vermiş Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb.

Zərifə Əliyeva fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin və mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və ölkə üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Şəhər rəhbəri həmçinin, həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyevanın respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etdiyini, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslinin formalaşdırılmasında xüsusi rolu olduğunu bildirib. Zərifə Əliyevanın çoxşaxəli elmi fəaliyyətinin ölkəmizdə hər zaman yüksək qiymətləndirildiyini qeyd edib.

Belə ki, apardığı elmi tədqiqatların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri, yorulmaz elmi fəaliyyətinin nəticəsi olaraq Zərifə Əliyeva “Əməkdar elm xadimi” adına, “Qırmızı Əmək Bayrağı ordeni”nə və oftalmologiya aləmində ən yüksək akademik Averbax adına mükafata layiq görülüb. Zərifə Əliyeva bu mükafata layiq görülmüş ilk qadındır. Zərifə Əliyev fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Azərbaycanda traxoma xəstəliyinin ləğvi Zərifə Əliyevanın yorulmaz əməyinin nəticəsində mümkün olub.

Şəhər İcra Hakimiyyətinin başçısı xüsusilə vurğulayıb ki, Zərifə xanım xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olmaqla əsil Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilmiş, ən başlıcası isə Azərbaycanın Zəfər tarixinə adını qızıl hərflərlə yazdırmış qətiyyətli sərkərdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi xalqımıza bəxş edib.

Tədbirdə çıxış edən Mili Məclisin deputatı İlham Məmmədov, Yevlax rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Fazil İsmayılov akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı xidmətlərindən, bu sahədəki tədqiqatlarından, keçdiyi şərəfli ömür yolundan, sədaqətli həyat yoldaşı və qayğıkeş, ölkəmizin sürətli inkişafını təmin edən, zəfərlərdən-zəfərlərə aparan oğul yetişdirən ana olmasından danışılıb, Onun mənalı ömrünün, parlaq fəaliyyətinin, elmi irsinin indiki və gələcək nəsillərəhər zaman örnək olacağı bildiriblər.

Tədbirin sonunda Fikrət Əmirov adına Gəncə  Dövlət Flarmoniyasının musiqiçilərinin ifasında musiqi nömrələri ifa edilib.