Azərbaycanlı qızdan Sarkisyana - Müraciət

azerbaycanli-qizdan-sarkisyana-muraciet
Oxunma sayı: 704

Laçın rayonundan olan məcburi köçkün, şəhid övladı, 1 yaşında anası ilə birlikdə ermənilərə əsir düşmüş, əsirlikdə anasını itirmiş və erməni hərbçilərinin qeyri-insani davranışı nəticəsində görmə qabiliyyətindən tam məhrum olmuş Nurlanə Nursuz (Hümbətova) dünya ictimaiyyətinə və Ermənistan prezidenti Serj Sərkisyana müraciət edib. “Media forum” saytı xəbər verir ki, Nurlanə Nursuz öz müraciətini mayın 18-də Bakıda, Gənc Tamaşaçılar Teatrında Laçın rayonun işğal olunmasının 20-ci ildönümünə həsr edilən “Laçınsız” filminin təqdimatı mərasimində səsləndirib.

Təqdimat mərasiminin iştirakçıları qarşısına çıxan Nurlana Nursuz deyib: “Mən bu səhnəyə sinəm dolu suallarla çıxmışam. Birinci sualım odur ki, mənim günahım nə idi? Tədbirdən əvvəl eşitdim ki, burada səfirlər var, xarici qonaqlar var. Sizin hər biriniz ata, ana, qardaş və bacısınız. Mən sizi görməsəm də, yəqin ki, indi siz məni görürsünüz. Və mənim sualımın cavabını verən zaman sizdən bir xahişim var: öz övladlarınızı mənim yerinə qoyun, mənə baxın və gözünüzün qarşısına övladlarınızı gətirin, sonra suala cavab verin.
Mənim anamın günahı nə idi və anamın bətnindəki uşağın günahı nə idi? Mən heç bilmirəm ki, həmin uşaq mənim qardaşım idi, yoxsa bacım. Anam da bilmədi. Onların günahı nə idi? Bu suala cavab verin.

20 ildir ki, məni işıq üzünə həsrət qoyublar. Bunu ermənilər etdi. Bunu Ermənistanın indiki prezidenti Sərkisyan etdi. Və mən bu səhnədən ona müraciət edirəm: “Sənin iki qızın var. Hər qızının bir gözünü mənə ver. Buna razısanmı? Bunu ona görə deyirəm ki, mənim gözlərimin nurunu sən almısan. Bəlkə də sən razı olarsan, çünki gözləri kor qoymaqla gəlib prezident olmusan. Amma mənim dilim desə də, ürəyim bunu demir. Mən sən deyiləm. Sənin qızlarının gözləri mənə lazım deyil. Mənim anamı qaytar! Qaytara bilərsənmi? Mənim nurumu qaytar! Qaytara bilərsənmi? Mənim xoşbəxt körpəliyimi qaytar! Qaytara bilərsənmi? Sən bunların heç birini qaytara bilməzsən”.

Və sizə bir sual vermək istəyirəm. Biz hamımız insanıq, siz də, mən də. Bəs məni bu günə qoyan, mənim anamı, dayılarımı əlimdən alan kimdir? Bunu insan edə bilərmi?

Suallarım çoxdur, amma mənim bir istəyim var: mən Laçınımı istəyirəm, mən Laçınsız yaşamaq istəmirəm, mən torpaqlarımızı istəyirəm, mən anamı istəyirəm, mən ana vətənimi istəyirəm. Bu gözlərlə yaşamağa razıyam, amma Laçınımda”.