“Bunlar hakimiyyətə gəlsə, məni gecəynən güllələyərlər” - Müsahibə

bunlar-hakimiyyete-gelse-meni-geceynen-gulleleyerler-musahibe-
Oxunma sayı: 939





Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlının “Qafqazinfo”ya müsahinbəsi:

- BAXCP-də struktur islahatları gedir. Bu hansı səbəbdən irəli gəlir?
- Partiyada baş verən son yeni təyinatlar BAXCP sədri Qüdrət Həsənquliyevin təklifi ilə Ali Məclisin gündəliyinə salınıb. Yəni sədrin öz təklifi ilə bir neçə təyinatlar həyata keçirildi. Çox normal prosesdir. Partiya daxilində aparılan struktur islahatı idi.

- Bu islahatlar şəxsən Sizə də şamil olunur?
- Bəli, mənə də bu islahatlar şamil olundu. Bu təyinata qədər BAXCP-də keçdiyim onillik yol var. Gənc yaşlarımdan siyasi proseslərə qatılmışam. 1997-ci ildən 2000-ci ilə qədər Əbülfəz Elçibəyin rəhbərlik etdiyi AXCP-nin Gənclər Komitəsində şöbə müdiri olmuşam. Daha sonra 1999-cu ildə ilk dəfə bələdiyyə seçkilərində müxalifətin namizədi kimi bələdiyyə üzvü seçilmişəm. 2002-ci ildə Azərbaycan Xalq Cəbhəsi (AXC) birləşəndə bu ideyaya ilk dəstək verən gənclərdən olmuşam. 2002-ci ildə ilk qurultayımızda BAXCP sədri Qüdrət Həsənquliyev məni sədrin köməkçisi təyin edib. Bu vəzifədə 2005-ci ilə qədər çalışmışam. Daha sonra sədrin sərəncamı ilə BAXCP sədrinin müşaviri vəzifəsinə təyin edilmişəm. 2006-cı ildən 2011-ci ilə qədər BAXCP sədrinin gənclər məsələləri üzrə müavini vəzifəsində çalışmışam. 1999, 2004, 2009-cu illərdə 3 dəfə bələdiyyə üzvü seçilmişəm. İki dəfə deputatlığa namizədliyimi irəli sürmüşəm. 2005-ci ildə BAXCP-nin Abşeron rayonunun 45 saylı seçki dairəsindən namizəd olmuşam. 2010-cu ildə də bu dairədən namizəd olmuşam. Yəni düşünürəm ki, son 14-15 il ərzində mənim keçdiyim siyasi bir yol var. Təbii ki, mənim üçün bu təyinat, sədrin, liderimin gəldiyi qərardır. Tam səmimi deyirəm, mənim üçün fərqi yoxdur, Qüdrət Həsənquliyevin partiyasında hansı vəzifəni tutum. Çünki düşünürəm ki, mən orda sıravi üzv olsam da, partiya sədrinin müavini olsam da, yenə də həmin fikirdəyəm, həmin xidmətdəyəm.

- Siz parlament seçkilərində ilk dəfə namizəd oldunuz, amma uğur qazana bilmədiniz.
- Yəni düşünmürəm ki, bu mənim üçün uğursuzluq olub. 1999-cu ildə 21 yaşımda mən Azərbaycanın ən gənc bələdiyyə üzvü seçilmişəm. 2005-ci il parlament seçkilərində partiyamızın siyasi kursu ilə bağlı namizədliyim irəli sürülüb və kifayət qədər təcrübə toplamışam. Bunları mən uğursuzluq hesab etmirəm. 2010-cu ildə Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, 2-ci yerdə olmuşam və təxminən 4 minə yaxın seçici səsi toplamışam.

- Bu o deməkdir ki, 2015-ci ildə qələbə qazanacaqsınız...
- Bilirsiz, siyasətdə hər şey mümkündür. İndidən proqnoz vermək ki, 2015-ci ildə mən qalib gələcəm, bu doğru fikir olmazdı. Amma mən bütün hallarda qeyd etdiyim kimi 14-15 ilə yaxındır, gənc yaşlarımdan siyasətlə məşğul oluram və mənim hədəfimdə 2015-ci il də, 2020-ci il də olacaq. Əgər mən sırf bu sahəni özüm üçün peşə seçmişəmsə, burda uğur da olacaq…

- Yəni siz düşünürsünüz ki, məqsədiniz parlamentə seçilmək və Qüdrət Həsənquliyevlə orda yanaşı oturmaqdır?
- Yox, qətiyyən elə deyil. Tam səmimi deyirəm, mən onu düşünmürəm. Mən bu gün Azərbaycan siyasətində o tipli siyasətçilərdən deyiləm ki, fəaliyyətim ancaq parlamentdə təmsil olunmaq üzərində köklənsin. Qətiyyən, heç bu niyyətlə də siyasətə gəlməmişəm. Mənim əsas hədəfim, prinsiplərim Azərbaycanın bütövləşməsi, demokratikləşməsi və millətləşməsidir. Mənim prinsiplərimdə budur. Amma Milli Məclisin deputatı seçilmək istisna da edilmir. Bu ola da bilər, olmaya da bilər. Məgər bütün siyasətçilər deputatdır?

- On ildir BAXCP-dəsiniz, partiyaya nə veribsiniz?
- Mən ən əsas partiyanın ideyalarını, prinsiplərini, bizim partiyanın nizamnaməsində nə göstərilibsə, partiya sədrinin bu instituta, gənclərlə bağlı siyasətində nə tapşırıqları olubsa, mən onunla ümumi fəaliyyət göstərmişəm. Nə dərəcədə uğurlu fəaliyyətim olub, bunu mən deyə bilmərəm. Bu təvazökarlıq olar. Hər halda sədrimiz bunun qiymətini verə bilər.

- Yəni faydası olub?
- Düşünürəm ki, bu mənim şəxsi fikrimdir, fəaliyyətim kifayət qədər normal olub ki, bu gün sədr məni digər sahəyə rəhbərlik etmək üçün əmr, təyinat verib. Partiyanın ictimai-siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edib. Hər halda bu son 10 illik fəaliyyətimin uğurudur ki, Qüdrət bəy kimi siyasi lider məni bu posta təyin edib. Mən bunu uğur hesab edirəm.

- Partiyanızda aktiv gənclər varmı?
- Təbii ki, var. Ola bilsin ki, onlar mətbuatda çox görünmürlər. Amma təbii ki, partiyanın strukturunda 65 rayon şöbəsi 10 ildir fəaliyyət göstərir. Təbii ki, gənclər var. Sədrlə gənclər arasında görüş keçirildi. Həmin görüşdə 300-ə yaxın gənc iştirak edirdi. Hansısa kütləvi tədbirlərimiz olanda gənclərimiz həmin tədbirlərdə iştirak edir. Partiyanın fəaliyyət göstərən 65 rayon şöbələrinin sədrlərinin böyük əksəriyyəti Əbülfəz bəyin dövründə Xalq Cəbhəsində təmsil olunan şəxslərdir.


- Bəzi partiyalar ölkədə demokratiya tələb etsələr də əslində öz təşkilatlarında avtoritarizm hökm sürür. Sizin partiyada vəziyyət necədir?
- Tam səmimi deyirəm. Mən sizi inandırıram ki, Qüdrət Həsənquliyev birləşmiş partiyanın ilk sədri seçiləndən sonra bizim partiyanın idarə heyətində, digər sahələrdə tam demokratik mühit yarandı. İstənilən idarə heyətinin üzvü bütün fikirlərini deməkdə sərbəstdir.

- İdarə Heyətinin üzvləri Qüdrət Həsənquliyevin fəaliyyətinə, hansısa çıxışına, tətbiq etdiyi proqrama etiraz etmək iqtidarındadır?
- Təbii hər kəsin öz yanaşma prinsipi, öz mövqeyi var. Sədrin təklif etdiyi məsələlərlə bağlı indiyənədək hər hansı bir qəbul edilməyən nüansla rastlaşmamışıq. Təbii ki, o yönümdə fikir müxtəlifliyi olub. Sədr olaraq, Qedrtə bəy bütün fikirlərə hörmətlə yanaşır, hər kəsi də dinləyir. İnanın tam səmimi deyirəm. Bunu 19 nəfər idarə heyətinin üzvü də təsdiq edər. Bəzi hallarda elə məsələlər olur ki, hər hansı İdarə Heyətinin üzvü bu qərarla öz fikrini bölüşmür.

- Partiyanızın nə qədər üzv var?
- Qeyd etdiyim kimi 65 rayon təşkilatı mövcuddur. Partiyanın rəsmi olaraq 15 mindən çox üzvü var.

- Üzvlük haqqı verirlər?
- Bu sahə üzrə bizim rəhbərlikdə Azərbaycan siyasətində kifayət qədər tanınan Yaşar Kələntərli fəaliyyət göstərir. O, partiyanın təşkilati məsələlər üzrə müavinidir. Onun sahəsinə aid olan məsələdir. Sırf təşkilati məsələlər üzrə şöbə müdirləri, müavinləri var, aparatın işçiləri var, onlar bununla məşğul olur.

- Qüdrət bəy ayrılıb partiya sədri olandan sonra hansı böyük uğuru əldə edib ki, ondan razısınız?
- Sədrimiz son 10 ildə Azərbycan siyasətinə BAXCP imzasını qoyub. Milli partiya olaraq Azərbaycan siyasətində bu gün BAXCP-nin mövcud olduğunu, Azərbaycanın daim milli maraqlarını qoruduğu və bir çox hallarda çəkinmədən Azərbaycanın milli mövqeyini müdafiə etdiyini partiya sədri olaraq sübut edib. Bu azdır?

- Qüdrət Həsənquliyevin parlamentdəki son çıxışları, müsahibələri, Rövnəq Abdullayevlə bağlı dedikləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu məsələdə sədrinizin haqlı və ya səhv olduğu ilə bağlı nə deyə bilərsiniz?
- Qüdrət bəy təkcə Rövnəq Abdullayevlə bağlı məsələ qaldırmayıb. İndiyə qədər nazirlərlə bağlı digər tənqidedici fikirləri olub. Yəni bu da həmin çıxışlardan biri idi. Bu ümumi çıxış idi və burda qeyri-adi bir şey görmürəm. Qüdrət bəy tək bu sahəni tənqid etməyib ki... Onun Müdafiə Nazirliyi ilə bağlı daha sərt çıxışları olub. Yəni o, partiya sədridir, müxalifət partiyasının lideridir. Düşünürəm ki, bu yönümdə öz çıxışını edib. Burda hər hansı bir şəxsi nüans, konflikt axtarmaq məncə yersiz bir şeydir.

- Siyasi prosesləri proqnozlaşdırmaq mümkün deyil. Azərbaycanda hakimiyyət dəyişikliyi baş versə, radikal müxalifət adlandırdığınız qüvvələr hakmiyyətə gəlsə, maraqlıdır onda Siz hansı mövqeyi tutacaqsınız?
- Bilirsiniz, mən birincisi qətiyyən inanmıram ki, Azərbaycanda radikal müxalifət hakimiyyəti gəlsin. Heç düşünmürəm ki, onlar son 20-30 il ərzində hakimiyyətə gələ bilsinlər. Bunların son mitinqdə iştirak etdiyi qüvvələrə baxanda adam inanmır ki, bununla nəinki ölkədə, heç Bakıya yaxın rayonların birinə də hakmiyyət gələ bilməzlər. Bunlar 17 aprel mitinqindən əvvvəl ADP-nin qərargahında keçirdikləri iclasda müzakirələrdə iştirak edən 300-400 nəfəri belə aksiayay çıxara blmədilər. Hesab edirəm ki, xalqın bunlara elə böyük dəstəyi də yoxdur.

- Həyatdır olmadı elə, oldu belə...
- Təbii ki, bizim bunlarla hər hansı əməkdaşlığımızı nəzərdə tututsunuzsa, mən sədr müavini olaraq bunu qeyri-mümkün hesab edirəm. Düşünürəm ki, bunlar hakimiyyətə gələcəksə, ölkə nə günə düşər. Buna inanmıram. Bütün hallarda yenə də siyasi fəaliyyətimizi davam etdirəcəyik. Biz BAXCP olaraq kiminsə siyasi hakimiyyətə gəlməsinə görə, siyasi fəaliyyətlə məşğul olmuruq ki...

- Yəni onlar hakimiyyətə gəlsə, indiki iqtidar müxalifət olacaq. Bəs indiki konstruktiv mövqedə olan partiyalar hansı mövqedə olacaqlar?
- Hər halda düşünürəm ki, bunlarla bir yerdə hakimiyyətdə təmsil olunmayacağıq. Mən sizi inandırıram ki, bunlar hakimiyyətə gəlsə, Azərbaycanda fəalakət olar. Şəxsən, mən özüm düşünürəm ki, bunlar hakimiyyətə gəlsə məni gecəynən güllələyərlər. Nəinki məni, istənilən normal siyasi fəaliyyətlə məşğul olanları. Yəni bunların adi tənqidə dözümlülüyü belə yoxdur. Düşünmürəm ki, bunların hakimiyyətində demokratik vəziyyət ola bilər. Mən bunu birmənalı şəkildə deyirəm. Ən azından bunları mən uzun illərdir tanıyıram. Təxminən 4 ilə yaxın AXCP gənclər şöbəsində fəaliyyət göstərmişəm.

- Konstruktiv mövqe tutan partiyalardan fərqli olaraq, radikal dediyiniz partiyaların gəncləri daha populyardır, daha çox tanınırlar, daha çox ictimai-siyasi proseslərin içində olurlar.
- Bunların fəaliyyəti əsasən özlərinin mətbuat orqanındadır. Yəni ordan qaynaqlanır. Radikal müxalifətin mətbuat ruporu var - “Yeni Müsavat”, “Azadlıq” qəzetləri. Təbii ki, onlar da bundan yaralanırlar. Mən qəbul edirəm ki, hakimiyyətin gənclərində bu yönümdə fəaliyyət, ümumiyyətlə nəzərə çarpmır, çox zəif görünür. Amma bizim partiyanıngəncləri istər sosial şəbəkələrdə, istər aktiv siyasi fəaliyyətdə iştirak edirlər.

- Siz azadlıqda olan gənc siyasətçisiniz. Azərbaycanda isə gənc siyasətçilərin bir çoxu həbsxanadadır. Buna münasibətiniz necədir?
- Bizim ilk olaraq partiya sədrimizin bu yaxınlarda Milli Məclisdə bir mövqeyi olub ki, bütün gənclər həbsdən azad edilməlidir. Yəni biz bunun əleyhinəyik.

- Bəxtiyar Hacıyevin, Cabbar Savalanın da?
- 2 aprel mitinqində həbs olunan gənclərin azad olunması ilə bağlıpartiya sədrinin mövqeyi də olub, partiyanın bəyanatı da. Biz bunun tərəfdarıyıq ki, bu gün hər hansı bir gənc həbsdə yatmamalıdır. Son aksiyalarda iştirak etdiyinə görə tutulan, nəinki gənclərin hətta Arif Hacıyevin də, digər həbs olunanların da azad olunması ilə bağlı Qüdrət Həsənquliyevin Milli Məclisdə də, digər yerlərdə də çıxışları olub. Təbii ki, biz istəyirik ki, Azərbaycanda insanlar konstitusyon hüquqlarından istifadə etsinlər. Mitinə Bayıl ərazisində deyil, digər ərazidə, normal marşrutun, nəqliyyatın işlədiyi əlverişli yer ayrılmalıdır. Hətta deyək ki, bizim sədrimiz radikal müxalifətin istəmədiyi yeri - Azadlıq Meydanını təklif edib. O, təklif edib ki, mitinq keçirmək üçün Azadlıq meydanında yer ayrılmalıdır. Yəni məncə bunun özü kifayət qədər normal yanaşmadır. Biz sərbəst toplaşmaq hüququnun tanınmasını istəyirik. Düşünürük ki, sərbəst toplaşma hüququ olmayan yerdə digər hüquqlar da olmaya bilər. Bizim yanaşmamız budur.

- Mövcud siyasi situasiyanı necə qiymətləndirirsiniz? Azərbaycanda tam demokratiyadır, demokratiyaya keçiddir, yoxsa kapitalizmdir, diktaturadır? İndiki sistemi necə qiymətləndirirsiniz? Nə çatışmazlıqları var?
- Mən düşünürəm ki, bu gün Azərbaycanda tam, birmənalı demokratiyadır demək doğru deyil. Yaxud da Azərbaycanda diktaturadır, avtoritarizmdir deyilməsi də kökündən səhvdir. Demokratiya prinsiplərinin ən çox Amerikada inkişaf etdiyini deyirlər. Ancaq Amerikanın rəhbərliyində olan şəxslər də deyirlər ki, bu ölkədə tam demokratiyaya nail ola bilməyiblər. Yəni bu uzun bir prosesdir. Demokratiyanın məncə zamana ehtiyacı var. Əbülfəz bəyin gözəl bir deyimi var idi, hər şeyin zamana ehtiyacı var...

- Əbülfəz Elçibəy sağ olsaydı, Sizcə indiyə kmii hakimiyyətə gəlmişdi?
- Bu çətin sualdı. Əbülfəz Elçibəy Bakıya qayıdandan sonra bir neçə il siyasətlə məşğul oldu. 1998-ci ildə də çox təəssüf ki, özünü Əbülfəz Elçibəyin davamçısı, onun yolçusu sayan İsa bəy Əbülfəz bəyə maneçilik törətdi. O dövrdə partiyanın gənc fəallarından olmuşam. Həmin dövrdə İsa Qəmbər Əbülfəz bəyin vahid namizəd olmasına belə razılıq vermədi. Düşünmürəm ki, Əbülfəz bəy sağ olsaydı, İsa Bəy ona güzəşt edərdi. Faktiki o, bir dəfə Əbülfəz bəyə razılıq verməyib. Müxalifətin daxilində ümumi birliyə nail olunmaması 1998- ildə seçkilərdə Əbülfəz Elçibəyi faktiki seçkidən kənarda qoydu. O dövrdə Əbülfəz bəyin İsa bəyə bir müraciəti olmuşdu ki, Sizin bundan sonra iki-üç dəfə seçilmə ehtimalınız var, prezident seçilmə şansınız var, amma mənim bir şansım qalıb. İcazə verin, müxalifətin vahid namizədi olum. Amma İsa bəy Əbülfəz bəyə vahid namizəd olmağa razılıq vermədi və birmənalı olaraq dedi ki, mən bu ölkədə bir dəfə ikinci şəxs olmuşam, bundan sonra birinci şəxs olacam. Amma təəssüf ki, üstündən 10 il keçib, nəinki birinci şəxs, heç parlamentdə 125-ci ola bilmir.

- Siz müxalifət partiyasısınız, hakimiyyətin konkret nəyindən narazısınız?
- Hakimiyyətin bir çox sahələrdə apardığı siyasətindən.

- Amma hakimiyyətə qarşı mübarizə aparmırsınız...
- Hakimiyyət uğrunda kifayət qədər mübarizə aparırıq. İki dəfə prezident seçkilərində liderimiz öz namizədliyini verib və bütün xalqı Qüdrət Həsənquliyevə səs verməyə çağırıb. Hakimiyyəti dəyişməyin bir yolu var, o da seçki yoludur. Seçkidə iştirak edib öz platformamızı xalqa təqdim etmişik. Başqa yol görmürəm...

Nərgiz