Erməni terroru necə yaranıb? - II Yazı

ermeni-terroru-nece-yaranib-ii-yazi-
Oxunma sayı: 695

XIX əsrin 80-90-cı illərindən mütəşəkkil şəkil alan erməni terrorizmi daha sonra əsas hədəf kimi azərbaycanlıları seçdi. Çünki Osmanlı dövləti nə qədər zəif olsa da çox əsrlik dövlətçilik tarixinə sahib olan Osmanlı türklərindən torpaq alıb, dövlət yaratmaq ermənilər üçün çox çətin idi. Ancaq azərbaycanlıların vəziyyəti fərqli idi. Çünki onsuz da müsəlman olmaları səbəbi ilə Rusiya İmperiyası hakimiyyət orqanları azərbaycanlılara etibar etmir, onlara qarşı ermənilərdən istifadə edir, onların torpaqlarında erməniləri məskunlaşdırırdılar. Bununla bərabər ermənilər öz mövqelərini möhkəmləndirmək üçün azərbaycanlıların sadəlövhlüklərindən istifadə etməkdən çəkinmirdilər. Həmçinin onlar bəzən əsl niyyətlərini ört-basdır etmək üçün milli xüsusiyyətlərini gizli saxlayaraq, məharətlə maskalanırdılar.
Yuxarıda qeyd edilən bir sıra xüsusiyyətlərini gizlədən ermənilər gələcək terrorçu fəaliyyətinə bir platsdarm hazırlamaq məqsədi ilə zaman-zaman Qafqazda məskunlaşma işini gücləndirdilər. Bu zaman ermənilərin üz tutduğu ilk ünvanlardan biri və ən başlıcası Qarabağ oldu. (Qlinka S.N. Opisaniye pereseleniya armyan azerbaydjanskix v predelı Rossii. B., «Elm», 1990, s.49) Qarabağa ermənilərin yönəlməsinin bir sıra səbəbləri var idi. Ən başlıca Qarabağda xristian əhalinin, yəni albanların qalıqlarının mövcudluğu ermənilərə bir əhali qismini gələcəkdə assimilyasiya etməklə, onların tarixi keçmişinə yiyələnmək və demoqrafik baxımından güclənmək imkanı yaradırdı. Digər tərəfdən ermənilər bilirdilər ki, Qarabağ iqtisadi baxımdan da onlara sərf edir. Ancaq bu heç də demək deyildi ki, Qafqazın digər bölgələri ermənilərin nəzərindən qaçmaqda idi. Sadəcə ermənilər lazımı anda lazımı məskunlaşma yeri seçə bilirdilər. Təsadüfi deyil ki, Bakıda neft bumu başlayan kimi erməni əhali kütləsinin və erməni kapitalının Bakıya axını gücləndi.

Ermənilərin Qafqazda məskunlaşdırılmasında Rusiya İmperiyasının da öz məqsədləri var idi. Belə ki, Rusiya İmperiyası hakim dairələri anlayırdılar ki, Qafqazın əksər əhalisi müsəlmandır. Həmin əhali Rusiya işğalına baş əyməyə məcbur olsa da hər zaman yenidən bu boyunduruqdan yaxa qurtarmaq üçün mübarizəyə qalxa bilər. Belə olan halda Qafqazın xəritəsində qarışıqlıq yaratmaq lazım idi. Ermənilər də həmin planın tərkib hissəsi idi. Yəni qarışdırıcı amil rolunu oynayacaqdılar. Ancaq bəzən Rusiya İmperiyası hakimiyyət orqanlarının hesablamaları da yanlış nəticələr verir və ermənilər nəzarət altından çıxırdılar. Hətta onların tələbləri bəzən həyasızcasına bəyan edilirdi. Məsələn, 1831-ci ildə erməni-köçkünlər Qraf Paşkeviçin ünvanına petisiya qəbul etmişdilər. Onlar tələb edirdilər ki, digər xalqlar onlarla birgə məskunlaşmasın, ermənilər üçün xüsusi «milli məhəllə» yaradılsın. Həmçinin erməni tacirlərindən ticarət rüsumları alınmasın. (Nəcəfov B. Litso vraqa. İstoriya armyanskoqo naçionalizma v Zakavkazye v konçe XIX – naçale XX v. I cild, B., «Elm», 1992, s.33) Göründüyü kimi rusların qoyunlarında bəslədikləri «ilan» arada bir onların özünü vurmaq üçün də qalxırdı. Lakin ümumi siyasi strategiyada bu qalxmalara elə də əhəmiyyət verilmirdi. Ermənilər eyni zamanda maliyyə-bank sistemində də güclənməyə çalışırdılar. Ermənilər Qafqazda kapital dövriyyəsini əllərinə almaqla həmçinin digər millətlərin, o cümlədən, azərbaycanlıların burjuaziyasını özlərindən asılı hala salmaq istəyirdilər. Digər tərəfdən əldə yığılan kapitaldan ermənilər «səmərəli» istifadə etmək üçün ictimai-siyasi həyata təsir edəcək bir çox sahələrdə nəzarəti ələ keçirməyə çalışırdılar. Onlar rus məmurları rüşvətlə ələ almaqla özbaşınalıqlarını ört-basdır etməyə çalışır, mətbuat orqanlarına pul buraxmaqla isə özlərinin əzabkeş xalq imicini formalaşdırmaq istəyirdilər. Çox zaman ermənilər öz istəklərinə nail olur, yavaş-yavaş Qafqazda açıq terror fəaliyyətinə keçmək üçün əsas hazırlayırdılar. Bu terrorun qurbanı isə azərbaycanlılar olmalı idi. Çünki azərbaycanlıları məhv etməmiş «Böyük Ermənistan» xülyasını həyata keçirmək mümkün deyildi. Doğrudur, bəzən azərbaycanlıların üzərində partlayan mərmilərin qəlpələri başqa xalqları da zədələyirdi. Ancaq erməni maliyyəsi, mətbuatı işə düşür və erməniləri bu fəsadlardan qorumağa çalışırdı. Günahkar kimi müsəlmanlar, azərbaycanlılar təqdim edilirdi.

XX əsrin əvvəllərindən başlayaraq ermənilər Azərbaycanı mübarizə meydanına çevirdilər. Azərbaycanda ermənilərin fəaliyyətə başlamasına səbəb kimi birinci növbədə onların milli maraqlarını göstərmək olar. Erməni millətçi hərəkatının yüksəlməsinə bəhanə kimi isə 1903-cü ildə kilsə torpaqlarının müsadirəsi çıxış etdi. Çox qəribədir. 1904-1905-ci illərdə rus-yapon müharibəsi baş verdi. 1905-1907-ci illərdə isə Rusiyada inqilabi hərəkat yüksəldi.(Nəcəfov B. Litso vraqa. İstoriya armyanskoqo naçionalizma v Zakavkazye v konçe XIX – naçale XX v. I cild, B., «Elm», 1992, s.128) Ermənilər fəaliyyətə keçmək üçün münasib bir zaman seçmişdilər. Belə ki, mərkəzi hakimiyyət müharibə və inqilabi yüksəliş nəticəsində zəifləmişdi. Belə olan halda əyalətlərdə mərkəzdən qaçma meylləri güclənirdi. Bəs nə etmək lazımdır? Əraziləri qorumaq üçün milli münaqişə yaratmaq lazım idi. Belə bir şəraitdə imperiyanın maraqları ilə ermənilərin maraqları yenə üst-üstə düşürdü. Birinci öz ərazilərini əlində saxlayacaq, ikinci isə «Böyük dövlət» planlarını həyata keçirəcəkdi.

Ermənilər bilirdilər ki, Rusiya İmperiyası nə vaxtsa dağılacaq. Belə olan halda rus hakimiyyət dairələrinin də gücündən istifadə etməklə ermənilərin bölgədə say üstünlüyünə nail olmaq lazım idi. Ermənilər Qafqazda 54 qəzadan yalnız 5-də üstünlük təşkil edirdilər. (Abdullayev Ə. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti (XIX əsrin axırı-XX əsr). B., «Elm», 1998, s.39) Belə olan təqdirdə Qafqazda erməni dövləti yaratmaq üçün demoqrafik əsas olmazdı.

Ermənilərin XX əsrin əvvəllərində Qafqazda terrorçu fəaliyyətinə rəhbərlik edən daşnaklar 1905-1906-cı illər erməni-müsəlman qırğını kimi tarixə düşən qanlı illərin səbəbkarı oldular. Dövrün hadisələrini və ermənilərin məqamlarını M.S.Ordubadi təsirli şəkildə şərh etməkdədir: «Məqsədin məğzi müqəddimədə söylədiyimiz kimi, hər hansı xəyala uymuşdularsa, ermənilər müsəlmanlar əleyhinə qiyam fikrinə düşüb müxtəlif təşəbbüslərdə bulundular. Onlar hər tərəfdə müsəlmanları sıxışdırmaq, acı-acı sözlərlə münasibətləri kimi ürək sıxan rəftarlara başlamışdılar. Müsəlmanlar isə işin axırını çox böyük hüznlə xatırlayıb. Ancaq əsas müdafiəni əldən buraxmayıb ayıq dolanırdılar. Məhəlli hökumət isə bir sıra yüngül cinayətlərlə baş girləsə də belə mühüm işlərin qabağını almaq kimi əməllərdən uzaq idi. Bundan anlaşılır ki, bir-birindən dostluq əlaqəsini kəsmiş hər iki millət bir-birinə qarşı buraxılmışdı.»( M.S.Ordubadi. Qanlı illər.B., Qarabağa Xalq Yardımı Komitəsi, 1991, s.12) Göründüyü kimi ermənilər nəinki azərbaycanlılara qarşı nifrət hissini biruzə verməyə başlayır, həmçinin azərbaycanlıları da provakasiyalara təhrik etməyə çalışırdılar. Ən maraqlısı isə hakim dairələrin proseslərə münasibəti idi. Onlar seyrçi mövqe nümayiş etdirərək ermənilərin fəaliyyətləri üçün şərait yaradırdılar. Bəzi məmurlar bunu dövlət maraqlarından çıxış edərək edir, bəziləri isə aldıqları rüşvətlərin əsirləri kimi səs belə çıxarda bilmirdilər. Bütün göstərilən səbəblər erməni terrorizminin açıq təzahürünə yol açırdı.