Məsələn, kim bilmir ki, Azərbaycanda rüşvət həyat tərzinə, əxlaq normasına, yaşamaq uğrunda mübarizədə var oluş vasitəsinə çevrilib. Hər kəs bilir. Kimsə çıxıb efirdə, ya “zəhmətkeşlər”lə görüşdə deyəndə ki, ölkədə rüşvət, ya korrupsiya yoxdu, hamı ona gülür. Bərkdən gülməsə də, xısın-xısın, o da olmasa içində gülür. İçində də gülməsə, bilir ki, gülməli söhbətdi. Guya o cür sözlər deyənlər bilmir ki, yalan danışır və ona gülürlər? Görüşünə toplanmış “zəhmətkeşlər”, elə böyür-başındakı məmurlar və nəhayət onun özü. Bilirlər. Ama narahat deyillər. Halbuki adam belə şeydən utanar, qızarar, bir az dili topuq vurar. Di gəl heç narahat olmurlar. Çünki bu cür nitqləri, danışanın özü də daxil, kimsə ciddi bir şey kimi qəbul eləmir. Hamı buna bir oyun kimi yanaşır və bilirlər ki, bu oyunun bir qaydası var: Yalan! Lap üskük oyununda olduğu kimi: aldadıram, aldanma. Ama aldanmaq da ayıb sayılmır, çünki bu da oyunun bir qaydasıdı. Yəni mən yalan danışım, sən “inan” və sonra sən get öz çapında çap tala, mən də öz çapımda. Dolanaq da...
Ancaq elə ki bir video ortaya çıxdı, adamlar səmimi qəlbdən içlərini çəkib, təəccüblənəcəklər. Məsələn, “Elşad və Gülər” videosu. Görəsən niyə təəccüblənirlər? Məgər bilmirdilərmi? Bilirdilər. Sadəcə, bu video-zad oyun qaydasına daxil deyildi. Hətta parlament bunu oyun qaydaları cərgəsindən çıxarıb və rəsmən qadağan eləyib. Gizli çəkilişlər aparmaq yasaqdı. Rüşvət alan adamı həmin anda lentə almaq üçün gərək ondan icazə alasan.
Sanki Gülər məsələsindən sonra məlum olub ki, bu ölkədə hətta millət vəkilini rüşvət qarşılığında seçirmişlər. Təbii ki, siyasi alverlə seçilən
deputatlar buraya daxil deyil. Ona görə də onlar bu gün hətta başı dik, üzüağ gəzirlər, gözlərini kölgəli saymırlar və s. Əslində isə para qarşılığında millət vəkili seçilmək siyasi alver yoluyla seçilməkdən min pay əxlaqlıdı. Çünki nədə olmasa, rüşvət əxlaq normasına çevrilib.
Guya kim bilmirdi ki, ABŞ səfirləri dünyanın hər yerindən öz dövlətlərinə gizli hesabatlar göndərirlər. Heç burda qeyri-adi bir şey də yoxdu. Səfirin işi öz dövlətinin təhlükəsizliyini hər yerdə təmsil etməkdi. Ancaq elə ki, “WikiLeaks” saytı bu hesabatları aləmə faş elədi, dünya bir-birinə dəydi və yeni nizam müəyyən edilməyə başlandı. Guya bu hesabatlara qədər kimsə, ABŞ da başda olmaqla diktatorların iç üzünü, ehtiraslarını, var dövlətlərinin təqribi miqdarını bilmirmiş. Lap yaxşı bilirdilər. Ancaq oyun qaydası elə idi ki, bu şeylər gizli qalmalıydı və kimsə o birinin işinə burnunu soxmamalıydı. Guya bu yandan bir Culian Assanc adlı oğlan çıxır və bütün qaydaları pozur...
Mən indi o mənada Elşad Abdullayevi Azərbaycanın Assancı hesab eləyirəm. Bu bir layihədi. Əlbəttə, onun hansısa maddi maraqları ola bilər və var da. Ama əsas olan Azərbaycandakı mövcud oyun qaydalarını pozub camaatı təəccübləndirmək və dəyişimin əsasını qoymaqdı.
İndi də Leyla Yunusun açıqladığı stenoqram. Şok deyə təqdim olunur. Ancaq şokluq heç nə yoxdu. Şok olan Azərbaycanvari oyun qaydasının pozulmasıdı. Adları çəkilən “insan hüquqları müdafiəçiləri”nin gerçəkdə kim olduğunu bilməyənmi vardı? Sadəcə, ara-bərə onların əməllərindən yazılsa da, ümumi şəkildə hamı görməzdən gəlirdi. Ancaq oyun qaydası pozulub və artıq vətəndaşın təəccüblənməsinə kimsə ağız büzə bilməz. Bu ağızbüzməyə görə cinayət məsuliyyəti və ya cərimə nəzərdə tutulmayıb.
Səviyyə fontan vurur. Azərbaycanı sevməməkdə Leyla xanıma ittiham irəli sürən adam, həm də sanki o bu ittihamı AŞ baş katibinin müavini Qabriela Battaini-Draqonini və AŞ-nin siyasi məsələlər üzrə direktoru Aleksandr Qusselə yox, birbaşa İlham Əliyevə çatdırır. Deyir ki, əlahəzrət, bax, bu adam Azərbaycanı sevmir, bunun qulağını çəkmək
lazımdı! Guya hüquq müdafiəçisinin borcu Azərbaycanı sevməkmiş. Halbuki onların borcu heç insanı sevmək də deyil. Ümumiyyətlə sevmək deyil. İnsan hüququnu qoru, vəssalam. Bunu bu müdafiəçilərə necə anlatmalı?..
Və sən demə, Leyla Yunusun Azərbaycanı sevməməyinə sübut da varmış: onun müdafiə elədiyi adamların kimliyi... “Siz bilirsiniz onlar kimdir? Onlar Amerikanın bayrağını yandırırlar”. Amerikanın bayrağını yandıranı müdafiə eləyən şəxsdə Azərbaycanlı qanı yoxdu. Onun qanı dərhal analizə göndərilməlidi.
Hələ bu Talış Separatçı Partiyası... Bəh-bəh! Adam ancaq bunu düşünə bilir ki, mövcud olmayan bu partiya mövcuddusa belə, onun üzvləri elə onun adını çəkən bu şəxslərdi. Çünki onun haqqında yalnız bu şəxslər bilir.
...Yazıqlar olsun ki, bu ölkədə işlər bu qədər qatmaqarışıqdı. Vətəndaşı dövlətdən qorumalı olanlar dövləti “qoruyur”. Dövləti qorumalı olanlar dövlətin belini qırır. Belə insan hüquqlarının müdafiəçiləri olan yerdə heç diktaturaya-zada ehtiyacı yoxdu. İndi dövlətin boynuna bir iş düşür: vətəndaşlarını bu TSP-çilərdən qorumaq. Dövlət yoxdusa... onda Allah qorusun...