Gənclərin xaricdə təhsilini maliyyələşdirəcək fond təsis edildi

genclerin-xaricde-tehsilini-maliyyelesdirecek-fond-tesis-edildi
Oxunma sayı: 2736

Bir il əvvəl yol qəzasında faciəvi şəkildə həyatını itirən gənc fəal  Fuad Abdurahmanlının xatirəsinə həsr olunmuş “Fuad Turan Fondu” və bu fondun təsis etdiyi “Fuad Turan” mükafatının təqdimat mərasimi keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, mərhum gənc jurnailst, milli fəal Fuad Turan Abdurahmanlının tutduğu yolun, daşıdığı dəyərlərin önəmindən və təsis edilən bu fondun cəmiyyətə verəcəyi faydalardan, həmçinin fondların dünya və Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs ediblər. 

Mərasimdə təsisi baş tutan “Fuad Turan Fondu”nun fəaliyyət istiqaməti haqqında iştirakçılara geniş məlumat verilib. Fondun əsas məqsədinin onun hesabına ediləcək şəxsi yardımlar, eləcə də fondun hər il təşkil edəcəyi xeyriyyə aksiyalarından əldə edilən ianələr hesabına azərbaycanlı gənclərin xaricdə təhsil almasına yardım etmək olduğu bildirilib. 

Tədbirdə fondun idarə heyətinin Əminə Əliyevanı “Fuad Turan Fondu”na sədr seçdiyi elan olunub. Bununla da, Əminə Əliyeva sədrliyi qəbul edib. Əminə xanım çıxış edərək xalqımızın yardımsevərliyi sayəsində ildən-ilə daha çox gəncimizin təhsil almasına yardımçı olacaqlarına ürəkdən inandığını vurğulayıb.

Həmçinin, hər il ənənəvi olaraq, Fuad Turan Abdurahmanlının doğum günündə eyniadlı fond tərəfindən il ərzində öz sahəsində uğur qazanan bir azərbaycanlı gəncə “Fuad Turan” mükafatının təqdim olunmasının nəzərdə tutulduğu da vurğulanıb.

Mükafatın ilk sahibi çoxsaylı namizədlər sırasından seçilən, ADA universitetinin tələbəsi İsmayıl Zeynallı olub.