“Büdcə müzakirələri çərçivəsində səslənən fikirlərdən biri büdcə gəlir və xərclərinin 1,7 faizlik artımının qənaətbəxş olmaması ilə bağlı idi. Lakin nəzərə almalıyıq ki, büdcənin qiymətləndirilməsi yalnız rəqəmlərin müqayisəsi ilə məhdudlaşa bilməz”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
“Büdcənin strukturu, dayanıqlılığı, nəticəliliyi və gələcək üçün yaratdığı imkanlar onun ümumi həcmindən və artım dinamikasından daha vacibdir. Digər bir tərəfdən də növbəti ilin proqnozlarına əsasən, icmal büdcənin xərclərinin 50 milyard manatı, dövlət büdcəsi xərclərinin isə ÜDM-də payının 30 faizi ötməsi dövlətin maliyyə imkanlarının kifayət qədər yüksək olduğunu göstərir.
Büdcə zərfi dövlətin sosial siyasətinin növbəti ildə daha da gücləndiriləcəyindən xəbər verir. Xərclərin 18,7 milyard manatının və ya 44,2 faizinin sosial yönümlü olması bunu bir daha təsdiq edir. Bu məbləğ 2026-cı illə müqayisədə 1,6 mlrd. manat və ya 9,2 faiz çoxdur. Bu rəqəmlər dövlət siyasətinin mühüm bir prinsipini – iqtisadi siyasətlə sosial siyasətin uzlaşdırılmasını təsdiq edir.
Digər bir tərəfdən də sosial yönümlü xərclərin büdcə məxaricində yüksək payı dövlət siyasətində sosial öhdəliklərin və insan kapitalının prioritet olduğunu göstərir. Lakin bu göstəricinin fiskal tərəfi də xüsusi əhəmiyyət daşıyır. Sosial xərclərin böyük hissəsi davamlı və təkrarlanan öhdəliklərdən ibarətdir. Bu səbəbdən də onların fasiləsiz icrası etibarlı maliyyə bazası tələb edir”, - deyə komitə sədri qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər