Kür daşqınları ilə bağlı indiyə kimi nə iş görülüb?- Araşdırma

kur-dasqinlari-ile-bagli-indiye-kimi-ne-is-gorulub-arasdirma
Oxunma sayı: 2261

Ümumi məlumat. 2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınları ölkənin 30-a yaxın rayonunda 20-mindən çox yaşayış binasının, 110 min hektar əkin və örüş sahəsinin sel suları altında qalması ilə təxmini hesablamara görə 100 mindən artıq insana, eləcə də müxtəlif səpkili təsərrüfatlara, iaşə və məişət obyektlərinə, həmçinin tədris-təhsil, dini və səhiyyə ocaqlarına, infrastruktura böyük həcmdə ziyan vurub. Daşqınların nəticələrinin aradan qaldırılmasında vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə həmin ilin 21 mayında bir qrup QHT və media nümayəndələrinin iştirakı ilə “Kür” Vətəndaş Cəmiyyət Qərargahı yaradılıb.

Hökümət qurumları baş vermiş daşqınları təbii fəlakət adlandırsa da vətəndaş cəmiyyəti institutlarının, müstəqil ekspertlərin və ekoloqların apardığı araşdırmalar və monitorinqlər nəticəsində sübut edilib ki, fəlakətin baş verməsinin əsas səbəblərindən biri Azərbaycanda su təsərrüfatı sisteminin düzgün idarə edilməməsi ilə bağlı olub. Belə ki, aparılan istisadi araşdırmalar nəticəsində məlum olub ki, 2004- 2010-cu illər ərzində ölkədə su təsərrüfatı sisteminin qurulması, idarə və inkişaf etdirilməsi, meliorasiya işləri üçün dövlət büdcəsindən 1,1 milyard manat vəsait xərclənib. Bu istiqamətdə beynəlxalq qurumlardan isə 200 milyon ABŞ dolları həcmində xarici kredit alınıb. Amma nəticə ondan ibarətdir ki, daşqınlar baş verən ərəfədə Kürün lillənmə səviyyəsi yüksək, sahil bərkitmə, bəndvurma işləri qeyri-qənaətbəxş, Ehtiyyat Su Anbarlarının təmir olunması işi isə yarıtmaz səviyyədə olub. Digər tərəfdən uzun müddət lildən təmizlənməyən Mingəçevir Su Anbarının idarə olunması işi düzgün təşkil olunmamış, daha çox ölkədə su sisteminin tənzimlənməsi, idarə olunması və ehtiyat anbar vəzifəsini yerinə yetirməli olan sözü gedən müəssisədən ucuz vasitələrlə elektrik enerjisi almaq istəyi 2010- cu ildə Kür daşqınlarının baş verməsində həlledici faktorlardan olub.
“Kür” Vətəndaş Cəmiyyət Qərargahı 2010- cu ilin may ayının sonlarından başlayaraq indiyə qədər Kür daşqınlarının təsirinə məruz qalmış 3000- dən artıq fərdi yaşayış evində, təsərrüfatlarda dəyən ziyanla bağlı Alternativ Qiymətləndirmə apararaq Hesabat hazırlayıb və hesabatı hökümət komissiyasına, maraqlı tərəflərə təqdim edib (bax; www.kur-az.com).

Aparılan araşdırmalar zamanı Kür daşqınları ilə bağlı vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına dair çoxsaylı faktlar qeydə alınıb. Məlumat üçün qeyd etmək lazımdır ki, daşqınların baş verdiyi ilk günlərdə dövlət başçısı tərəfindən 19 may 2010-cu il tarixdə fərman imzalanıb. Fərmanda daşqınlar nəticəsində dəyən ziyanın hər tərəfli və obyektiv qiymətləndirilməsinin zəruruliyi qeyd olunur. Həmçinin sənəddə daşqınların nəticələrinin aradan qaldırılması, eləcə də dəyən ziyanın müəyyənləşməsi, insanların mülkiyyət hüquqlarının bərpa olunması, onların yeni evlərlə təmin olunması, həmçinin evlərinin bərpa olunması və kompensasiya verilməsi qərara alınır. Dövlət başçısının fərmanı ilə bu işlərin həyata keçirilməsi üçün hökümət komissiyası yaradılır və hökümətə tapşırıq verilir ki, lazımi addımlar atılsın. Nazirlər Kabineti tərəfindən bu fərmandan irəli gələn işləri yerinə yetirmək üçün 09 iyul 2010- cu ildə 197 s saylı sərəncam imzalanır və dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılır. Vəsaitin əsas xərclənmə təyinatlarından biri daşqınların təsirinə məruz qaldığı müəyyənləşmiş 3205 evin tikilməsi, 3222 evin təmir olunması, 700 evdə isə bərpa gücləndirmə işlərinin aparılması idi. Bunun üçün ümumi vəsaitdən 202,3 milyon manat vəsait ayrıldı və bu işlərin həyata keçirilməsi Fövqaladə Hallar Nazirliyinə tapşırıldı. FHN- nin məlumatına görə ötən müddət ərzində daşqın bölgəsində 3143 ev tikilib. Bu evlərdən 2673- i artıq tikilib istifadəyə verilib, 470 ev isə tikilib qurtarmaq üzrədir.

Təəssüflə qeyd etmək lazımdır ki, dövlət başçısının 19 may 2010- cu il tarixli fərmanında nəzərdə tutulsa da Kür Araz daşqınlarının təsiri nəticəsində dəyən ziyan bu günə qədər hər tərəfli və obyektiv qiymətləndirilmədi. Məhz bu səbəbdən ötən müddət ərzində vətəndaşlara verilən kompensasiya və onların mülkiyyət hüquqlarının bərpası istiqamətində görülən işlər real problemlərin həllinə adekvat olmadı.
Haşiyəyə çıxıb bir məqamı da qeyd etmək lazımdır ki, 09 iyul 2010- cu ildə Nazirlər Kabinetinin 197 s saylı sərəncamı imzalanan zaman Kür daşqınlarının təsirinə məruz qalan ərazilərin böyük əksəriyyətindən hələ sel suları çəkilməmişdi və həmin ərazilərdə yaşayış yox idi. Sel suları altında qalmış əraziyə girmək, orda araşdırma aparıb evlərin hansı vəziyyətdə olmasını dəqiq müəyyənləşdirmək çətin idi. Bu baxımdan Sərəncamda qeyd olunan təsirə məruz qalmış 3205 evin tikilməsi, 3222 evin təmir olunması və 700 evdə bərpa gücləndirmə işlərinin aparılması dəqiq rəqəmlər ola bilməzdi. Digər tərəfdən yaradılan hökümət komissiyası bir sıra bölgələrdə evlərdə və təsərrüfatlarda baxış keçirməyə sel suları çəkildikdən, sonra təxminən 2010- cu ilin iyul avqust aylarında başladı. Ötən 18 ay ərzində daşqın bölgəsində 3143 evin tikilməsinə baxmayaraq hələ də çox sayda qəzalı və bərpa gücləndirməyə ehtiyac olan evlərin mövcudluğu bu deyilənlərə əyani sübut ola bilər. Başqa bir məqam isə ondan ibarətdir ki, daşqınların baş verməsindən və Nazirlər Kabinetinin məlum sərəncamından xeyli vaxt keçməsinə baxmayaraq sərəncamda qeyd olunan 3222 evin təmir olunması və 700 evdə isə bərpa gücləndirmə işlərinin həyata keçirilməsi hələ reallaşmayıb. Təsirə məruz qalmış insanlara verilən kompensasiya isə onların probleminin həlli üçün adekvat olmadı. Ziyan dəymiş evlərin tam siyahısını əhatə etməsə də 197 s saylı sərəncamda qeyd olunan bu rəqəmlərin özü (3222 + 700 = 3922) həm də onu göstərir ki, daşqın bölgəsində ən azı 3922 ailənin mülkiyyət hüququ bu günə qədər bərpa edilməyib. Amma reallıqda mülkiyyət hüququ tapdanan insanların sayı qeyd olunan rəqəmdən qat- qat çoxdur.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının apardığı araşdırmalara görə daşqınların baş verdiyi ötən 18 ay ərzində vətəndaşların mülkiyyət hüquqlarına dair birbaşa və dolayısı şəkildə aşağıdakı pozuntular qeydə alınıb;

1. Dəyən ziyanla bağlı kompensasiya və yardımların verilməsində pozuntu hallarına yol verilib. Kompensasiyalar verilərkən onun metodologiyası və təyinatı, səbəbi açıqlanmayıb. Vətəndaşlara kompensasiyalar verilərkən onlara bu barədə hansısa sənəd, bildiriş və ya qəbz təqdim olunmayıb, eyni zamanda sənəddə ayrılan vəsaitin yalnız rəqəmlə ifadəsi qeyd olunub, sözlə yazılmayıb.

2. Kompensasiyaların nəzərdə tutulduğundan az həcmdə verildiyi faktı qeydə alınıb. Konkret olaraq 01 sentyabr 2010- cu ildə Fövqəladə Hallar Nazirliyində olan Sabirabadın Xankeçən və Azadakənd kəndinin sakinlərinə məlum olub ki, Hökümət Komissiyası tərəfindən onlara ayrılan vəsaitlə faktiki olaraq onlara verilən vəsait arasında 2-2,5 dəfə fərq var. Respublika Baş Prokurorluğuna müraciət edən sakinlərin narahatlığına dərhal reaksiya verilmiş və həmin gün axşam saatlarında əhalinin qalıq kompensasiyaları poçt şöbələri tərəfindən geri qaytarılıb. Amma bu fakta görə heç kim məsuliyyətə cəlb olunmayıb.

3. Evlərin tikintisində sui- istifadə və korrupsiya hallarına yol verilib. Bu vəziyyət ölkənin bir neçə bölgəsində baş verib. Sabirabad rayonunun Əsgərbəyli, Qasımbəyli və Axtaçı kənd sakinlərindən rüşvət alaraq sakinlərə ev tikilməsinə şərait yaratdığına görə yerli sakinlərin müraciəti əsnasında kənd icra nümayəndəsi vəzifəsindən azad olunub və haqqında istintaq araşdırmaları başlanılıb. Eyni vəziyyətin İmişli rayonunda təkrarlanması ilə bağlı 25 nəfər yerli sakin “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına və digər aidiyyatı qurumlara müraciət edib.
4. Evlər tikilərkən insanlar arasında ayrı-seçkiliyə yol verilib. Bir sıra bölgələrdə (məsələn, İmişlidə) bəzən daha çox ziyan çəkən deyil, tikintisinə o qədər də ehtiyac olmayan evlərin yerinə yeni evlər inşa olunub. Təsirə məruz qalan insanları bir kənara qoyub bəzi bölgələrdə o qədər də ehtiyacı olmayan insanlara evlərin tikilməsi bəzi suallar doğurur.

5. Sorğular cavablandırılmayıb. Şəffaflığın təmin edilməsi üçün kompensasiya alan vətəndaşların adları və bu vəsaitlərin həcmi barədə məlumatların istənilməsinə, eyni zamanda bu məlumatların Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında yerləşdirilməsi ilə bağlı “Kür” Qərargahının təklifinə sözü gedən nazirlik qəribə cavab verib; “Bu dövlət sirridir”. Maraqlıdır, ictimai vəsaitlərin xərclənməsi nə zamandan dövlət sirridir?

6. Ötən 1 il ərzində hələ də bəzi insanlar kompensasiya ala bilməyib. Məsələn, Sabirabadın Ulacalı kəndində iki bəndarası deyilən ərazidə yaşayan 100-dən artıq ailə hələ də onlara çatası kompensasiyanı tam almayıb. Digər bölgələrdə də analoji vəziyyət mövcuddur.
7. Evlərin tikilməsi üçün nə qədər vəsait xərclənib məlum deyil. Nazirlər Kabinetinin 09 iyul 2010- cu il tarixli 197 saylı Sərəncamında 3205 evin tikilməsi üçün (infrastrukturla birlikdə) 202,3 milyon manat vəsait ayrılıb. Bu isə bir evin tikilməsi üçün təxminən 63 min manat vəsait deməkdir. Bir evin tikilməsi üçün realliqda bu qədər vəsaitin xərclənməsi bəzi suallar doğurur. Aidiyyatı qurumlar isə evlərin (və ya ayrıca bir evin) tikintisi üçün xərclənən vəsaitin konkret həcmini açıqlamır.

8. Yeni tikilən evlərdə problemlər mövcuddur. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı üzvləri İmişli rayonunun Telişli kəndində salınmış 104 evlik yeni qəsəbədəki evlərə baxış keçirərkən məlum olub ki, yeni tikilməsinə baxmayaraq (Yeni Telişli qəsəbəsi ötən ilin sonlarında istifadəyə verilib), evlərin bir çoxunda problemlər yaşanır. Monitorinq zamanı bəzi evlərdə evə giriş pilləkəninin, balkonunun və döşəmənin çatlaması, çökməsi, döşəmələrə vurulan taxtaların aralanması, divarlarda çatların əmələ gəlməsi və çəkilmiş üzlüklərin qopub tökülməsi, novalçaların olmaması ucbatından yağan yağışların evə daxil olması və s. kimi faktlar qeydə alınıb. Ən acınaqlısı isə odur ki, yağış yağan zaman artıq bəzi evlərın damından su dammağa başlayıb, bəzi evlərin tavanına vurulan alçıbanlar qopub yerə tökülüb (!?). Sakinlər bildiriblər ki, bütün bunlar görülən işlərin keyfiyyətsiz və başdansovdu aparılmasının nəticəsidir. Qəsəbədə yeni çəkilmiş asfalt yolların da ovulması, bəzi yerlərdə dağılması və s. kimi məqamlar mövcuddur. Digər tərəfdən evlərdə istilik sistemləri olmadığından insanlar evləri ya köhnə kustar usulundan istifadə edib odun sobaları vasitəsi ilə qızdırırlar, ya da ki, elektrik qızdırıcılarından istifadə edirlər ki, bu da onlara xeyli enerji haqqının ödənilməsi hesabına başa gəlir.

Mülkiyyət hüquqlarının müdafiəsinə dair: 2010- cu ilin yazında baş vermiş Kür daşqınlarından 18 ay keçməsinə baxmayaraq, hələ də fəlakətin nəticələri tam aradan qaldırılmayıb, yüzlərlə insanın mülkiyyət hüquqları bərpa olunmayıb. Hələ də yüzlərlə insan evinin tikintisini, bərpasını və ədalətli kompensasiya alacağını gözləyir. Aidiyyatı qurumların səxavətindən əl üzən bir sıra insanlar isə öz haqqına nail olmaq üçün artıq məhkəmələrə müraciət etməyə başlayıblar. Kür daşqınlarının təsirinə məruz qalan vətəndaşların məhkəmələrə müraciəti 2010-cu ilin oktyabr ayından başlayıb. Məhkəmə iddiaları dəyən ziyanın ödənilməsi tələbi ilə mülkiyyət hüquqlarının müdafiəsi üçün FHN, Nazirlər Kabineti, Meliorasiya və Su Təsərrüfatı ASC-nə qarşı qaldırılıb. Vətəndaşların məhkəmələrdə hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur. 2010-cu ilin oktyabr ayından məhkəmələrə edilən müraciətlər uzun müddət (2011- cu ilin iyun ayına qədər) məhkəmələr tərəfindən icraata götürülməyib. Kür daşqınları ilə bağlı Səbayel rayon məhkəməsindən başlayan məhkəmə iddiaları Apelliyasiya da daxil olmaqla Ali Məhkəməyə qədər davam etdi. Nəhayət ki, 2011-ci ilin iyun ayından 1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsində daşqınlarla bağlı zərərçəkən, Saatlı rayonunun Dəllər kənd sakini Lazım Umudovun iddiasına baxıldı. Hakim Tahirə Əsədovanın sədrliyi ilə keçən 3 məhkəmə prosesindən sonra iddiaçının mülkiyyət hüququ bərpa olunaraq, ona yaşadığı ünvanda 3 otaqlı ev tikildi. Sonrakı prosesdə digər iddiaçı İmişli rayon sakini Şahin Şəmmədovun iddiasına rəğmən ona 3 otaqlı ev tikilməyə başlanılıb. Hazırda bu proses davam etməkdədir.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, 2011-ci ilin may ayından oktyabr ayına qədər ötən 5 ayda Kür daşqınları ilə bağlı mülkiyyət hüquqlarının müdafiəsinə dair “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına 400- dən artıq rəsmi müraciət daxil olub. Bütün müraciətlər “Kür” Qərargahı tərəfindən sistemləşdirilərək rayonlar üzrə elektron siyahıya alınıb. Həmin müraciətləri araşdırmaq üçün Qərargah tərəfindən bölgələrə səfər edilib, şikayət müəllifləri ilə görüşüb onların evinə və təsərrüfatına baxış keçirilib. Bu müraciətlərin 165-i Fövqəladə Hallar Nazirliyinə rəsmən təqdim olunub. 70 nəfərin sənədləri onların müraciəti əsasında məhkəməyə hazırlanıb və artıq iddia ərizələrinin əksəriyyəti məhkəməyə təqdim edilib. Kür daşqınlarının təsirinə məruz qalan insanların son zamanlar məhkəmələrə müraciətlərinin sayı durmadan artmaqdadır. Bu da onu göstərir ki, insanlar onlara verilən vədlərdən bezərək artıq öz mübarizələrini hüquqi müstəvidə aparılmasını daha üstün hesab edirlər. Amma təəssüflər olsun ki, bəzi rayonlarda yerli İcra Hakimiyyətlərinin göstərişi ilə məhkəmələrə müracət edən insanlara yaşayış yerindən müvafiq arayışların verilməsinə qadağa qoyulur ki, bu da həmin vətəndaşların lazımi sənədləri məhkəmə orqanlarına təqdim etmələri üçün müəyyən problemlər yaradır. Bəzi rayonlarda isə yerli natariuslar vətəndaşların “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının vəkillərinə etibarnamə verməkdə problem yaradırlar. Təəssüf ki, nə qədər acı olsa da bunlar Azərbaycan reallığıdır. Amma bütün bu maneələrə baxmayaraq, insanlar mülkiyyət hüquqlarının bərpası uğrunda mübarizələrini davam etdirirlər.
Məhkəməyə müraciət edən, mülkiyyət hüquqları tapdanan insanlar arasında daşqınların təsirinə məruz qalmış, hüquqları tapdalanmış fermerlər, eləcə də Arazın yeni qolunun açılması zamanı təsərrüfatları, əkin-biçin yerləri, otlaq sahələri, mal- qara saxlamaq yerləri və s. məhv olmuş sahibkarlar da var.

Hazırda “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən Kür daşqınlarının təsirinə məruz qalmış, mülkiyyət hüquqları tapdanmış 70 nəfərin hüquqları məhkəmədə, qalanlarınki isə müxtəlif instansiyalarda müdafiə olunur. Hər gün yeni insanlar məhkəmədə onların hüquqlarının müdafiəsi üçün müraciət edirlər və bunun üçün “Kür” Qərargahı tərəfindən 4 vəkillə müqavilə bağlanılıb. Qərargahın hazırda heç bir layihə dəstəyi yoxdur. Bütün işlər təşkilatın öz daxili imkanları hesabına görülür.
Haşiyə. Bəzi dövlət məmurları Kür daşqınlarının nəticələrinin aradan qaldırılması istiqamətində hökümətin gördüyü işləri, xüsusən zərəçəkənlərə evlərin tikilməsini, onlara kompensasiya verilməsini və s. dövlətin öz vətəndaşı qarşısında olan vəzifəsi kimi yox, sadəcə sel fəlakətinə məruz qalanlara əl tutmaq, evinin “sığortası olmayan” (ifadə məmurlarındır- red.) səhlənkar vətəndaşlara yardımı, hədiyyəsi kimi qiymətləndirir. Əslində isə dövlət istənilən təbii və ya qeyri- təbii fəlakətə düçar olmuş vətəndaşının problemini çözməyə, onun dağılmış mülkiyyətini bərpa, hüquqlarını isə müdafiə etməyə borcludur. Kür daşqınları ilə bağlı məsələdə isə bu borc iki qatdır. Belə ki, Kür daşqınlarının baş verməsi yanlış idaretmənin, Mingəçevir Su Anbarının düzgün tənzimlənməməsinin nəticəsi olaraq, Kür Araz çayları üzərində sahil bərkitmə və bənd vurma işlərinin etibarlı aparılmadığı, bu istiqamətdə 2004- 2010- cu illərdə ayrılmış 1,3 milyard manatın səmərəli xərclənmədiyi və s. üçün baş verib ki, buna görə vətəndaş deyil, hökümət məsuliyyət daşıyır. Digər tərəfdən isə yerli əhalinin məlumatına görə daşqınlar zamanı Şirvan və digər şəhərləri, strateji əhəmiyyətli obyektləri qorumaq üçün Kür çayı və Sarısı gölünün bəndləri bir neçə yerdən hökümət yetkililəri tərəfdən yarılaraq kəndlərə və əkin- örüş sahələrinə yönəldilib ki, nəticədə vətəndaşların mülkiyyətinə ciddi ziyan dəyib.
2) Kür daşqınlarının nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsait ayri- ayrı məmurların maaşından deyil, dövlət büdcəsindən ayrılıb. Dövlət büdcəsi isə xalqın, millətin, dövlətin mənafeyi üçün insanlara minnət qoyulmadan xərclənə bilər və xərclənməlidir...

3) Vətəndaşların mülkiyyət hüququ toxunulmazdır və dövlət səviyyəsində müdafiə olunur (Konstitusiya maddəsi 13). Vətəndaşının pozulmuş mülkiyyət, sosial və s. hüquqlarını bərpa etmki dövlətin ali məqsədlərindən biridir və başlıca vəzifəsidir.

Yeri gəlmişkən bu cür düşünən məmurlarımızla az öncə qardaş ölkənin Van şəhərində baş vermiş zəlzələnin acı nəticələrinin aradan qaldırılması üçün səfərbər olunmuş Türkiyənin hökümət və dövlət rəsmilərinin problemə yanaşma tərzini müqayisə etmək maraqlı və düşündürücü olardı.
Problemdən doğan əməkdaşlıq... Bu arada diqqət çəkən müsbət bir məqam ondan ibarətdir ki, son zamanlar “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı ilə Kür daşqınlarının nəticələrinin aradan qaldırılmasında bir başa və əsas görəv sahib olan Fövqəladə Hallar Nazirliyi arasında kövrək də olsa əməkdaşlıq başlanılıb. Artıq bir neçə dəfə nazirliklə “Kür” Qərargahı arasında görüş keçirilib və problem ətrafında müzakirələr aparılıb.

Ötən ayın- oktyabr ayının 27- də FHN rəhbərliyi ilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələri arasında keçirilən görüşdən sonra isə sözü gedən nazirlik həm onlara Qərargah tərəfindən təqdim olunan 165 nəfərlik siyahıda adları qeyd olunan, həm də öncədən FHN- ə müraciət etmiş sakinlərin problemlərinin araşdırılması ilə bağlı daşqın bölgəsinə yenidən komissiya göndərib. Komissiya 2010- cu ilin Kür Araz daşqınlarının təsirinə məruz qalmış, problemi bu günə qədər həll olunmayan, mülkiyyət hüquqları tapdanan şikayətçi sakinlərlə görüşüb, onların problemlərini dinləyib evlərinə təkrar baxş keçiriblər. Daşqınların baş verdiyi ötən 18 ay ərzində bir sıra evlərin bərpa gücləndirilməsi nəzərdə tutulurdusa artıq həmin evlər qəzalı vəziyyətə düşüb. Buna səbəb evlərin çiy kərpicdən tikilməsi, daşqınların təsirinə məruz qalarkən vaxtında əsaslı təmir işlərinin aparılmaması və ötən müddət ərzində yağışların intensiv yağmasıdır.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının apardığı araşdırmalar göstərir ki, 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınları və sonrakı müddətdə intensiv yağan yağışların Aran bölgəsinə vurduğu ziyanın aradan qaldırılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

Yekun...

“Kür” Qərargahının Kür daşqınlarının təsirinə məruz qalmış 2000-ə yaxın sakin arasında 2010- cu ilin noyabr, dekabr və 2011-ci ilin sentybar, oktyabr aylarında keçirdiyi rəy sorğusunda iştirak edənlərin böyük əksəriyyəti (sorğunun 2- ci turu hələ başa çatmayıb) mülkiyyət hüquqlarının tapdandığını və bu günə qədər bərpa olunmadığını bildirir. Daşqınların əhatə olunduğu bütün bölgə üzrə mülkiyyət hüquqları tapdanan insanların sayı yuxarıda qeyd olunan rəqəmdən daha çoxdur.
“Kür” Qərargahı daşqın bölgəsində apardığı həm sorğunun, həm də monitorinqlərin yekunlarına əsasən mülkiyyət hüquqlarının vəziyyətinə dair Yekun Hesabat hazırlayaraq onu aidiyyatı qurumlara və maraqlı tərəflərə təqdim etmək niyyətindədir. Güman etmək olar ki, Yekun Hesabatda bu problem daha aydın geniş təsvir olunacaq. Eyni zamanda Qərargah vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsi istiqamətində həm məhkəmələr, həm də digər aidiyyatı inzibatı qurumlar səviyyəsində öz fəaliyyətini davam etdirir.