Ötən axşam Azərbaycan musiqi sənətinə ağır itki üz verdi. Xalq artisti, sevilən sənətkar Zaur Rzayev dünyasını dəyişdi.
Aparıcı Zaur Baxşəliyev sənətkarla bağlı xatirələrini, onun şəxsiyyəti və sənət yoluna dair düşüncələrini qələmə alıb.
“Qafqazinfo” həmin yazını təqdim edir:
“Bəzən insanın adı sadəcə ad olmur. Bir xatirəyə, bir dövrün sevgisinə, insanın özü ilə ömür boyu daşıdığı mənəvi bağa çevrilir. Mənim adımın arxasında da bir sənətkarın səsi, anamın sevgisi və bütöv bir dövrün yaddaşı dayanır…
Özümü tanıyandan anam həmişə xüsusi bir fəxrlə deyərdi: “Mən sənə Zaur Rzayevin adını vermişəm!”
Ötən əsrin 80-ci illərində onun ifasında səslənən “Dilbərim” dillər əzbəri idi. Zaur Rzayev o qədər sevilirdi ki, bu rəğbət, hətta yeni doğulan körpələrin adında da öz əksini tapırdı. Bibim mənə Tural adını vermək istəyirmiş. Anam isə qətiyyətlə deyib: “Yox, mənim oğlumun adı Zaur olacaq!” Beləcə, hələ dünyanı dərk etmədiyim bir vaxtda anamın sevdiyi sənətkarın adı mənim taleyimin bir parçasına çevrilib.
İllər keçdikcə anamın bu seçiminə daha fərqli gözlə baxmağa başladım. Çünki insan öz adını seçmir, amma zamanla onun mənasını, arxasındakı duyğuları kəşf edir. Mənim üçün Zaur adı həm də anamın gəncliyindən, o illərin musiqisindən, insanların sənətə bəslədiyi saf sevgidən qalan bir yadigardır.
Zaur Rzayev özünəməxsus sənətkar idi. Şöhrətin zirvəsində olsa da, şəxsi həyatını heç vaxt ön plana çıxarmadı. Çoxumuz onun ailəsi, övladları haqqında, demək olar, heç nə bilmirik. Çünki onu bizə sevdirən səsindəki doğmalıq, kövrəklik və bənzərsiz səmimiyyət idi. Gündəmdə qalmaq üçün görünməyə ehtiyacı yox idi. Sənəti buna yetirdi.
Taleyin maraqlı tərəfi odur ki, illər sonra adını daşıdığım həmin sənətkarla şəxsən tanış olmaq, onu dəfələrlə öz proqramımda qonaq etmək də mənə nəsib oldu. Uşaqlıqda anamın dilindən eşitdiyim o ad artıq qarşımda əyləşən, söhbət etdiyim, sənətinə yaxından bələd olduğum bir insan idi. Bunun mənim üçün necə xüsusi bir hiss olduğunu sözlə ifadə etmək çətindir.
Ən çox sevdiyim ifalarından biri “Cavanlığım” olub. “Kimdən küsdü cavanlığım?”, - deyə oxuyardı…
İnsan qəribədir. Neçə yaşına çatırsa-çatsın, daxilindəki gəncliklə vidalaşmaq istəmir. Zamanın üzündə qoyduğu izləri görür, amma ruhunda hələ də dünənin cavanlığını yaşadır. Bu gün insanlar cavan qalmaq, illərin qarşısını almaq üçün nə qədər çalışırlar… Amma bəzən bir itki zamanın keçdiyini bizə bütün ağırlığı ilə hiss etdirir.
Zaur Rzayevin vəfatı, sanki, bütöv bir nəslin öz cavanlığı ilə üz-üzə gəldiyi an oldu. Onun mahnıları ilə sevən, sevinən, xəyallar quran insanlar bu xəbərlə bir daha anladılar ki, ömürlərinin ən gözəl çağları artıq uzaq xatirələrdə yaşayır.
Bu xəbəri eşidəndə mənim də gözümün önündən çox şey keçdi. Anamın illər əvvəl söylədiyi sözlər, uşaqlığım, sonralar Zaur müəllimlə görüşlərimiz, proqramlarımdakı söhbətlərimiz… Bir insanın ömrü bəzən başqa insanların həyatında da necə dərin izlər qoyurmuş!
Bu gün mən təkcə sevdiyim bir sənətkarla vidalaşmıram. Həm də anamın gəncliyindən mənim uşaqlığıma, oradan bugünkü həyatıma qədər uzanan bir xatirənin kövrəkliyini yaşayıram.
Bəzən bir sənətkarın ömrü başa çatır, amma onunla bağlı xatirələr neçə-neçə insanın ömründə davam edir. Zaur Rzayev də mənim həyatımda belə bir iz qoydu.
Allah rəhmət eləsin, Zaur müəllim!
Səsiniz bir nəslin cavanlığında, adınız isə mənim ömrümdə yaşayacaq…”
Qeyd edək ki, Xalq artisti Zaur Rzayev 2024-cü ilin yanvarın 28-də - öz ad günündə Zaur Baxşəliyevin aparıcısı olduğu “Zaurla günaydın” verilişində qonaq olmuşdu. Həmin proqramdan qısa hissəni təqdim edirik: