Qazaxda böcəklərə qarşı kimyəvi mübarizə başlayıb - Fotolar

Qazaxda böcəklərə qarşı kimyəvi mübarizə başlayıb
Oxunma sayı: 1660

Avqustun 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Qazax Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Qazax rayonunun Cəfərli kəndində 138 hektar kartof sahəsində fitosanitar müşahidələr həyata keçirilib və 38 hektar sahədə Kolorado kartof böcəyinin yayıldığı aşkar olunub.

“Qafqazinfo” xəbər verir ki, aşkar olunmuş sahədə təsərrüfat subyekti hesabına “PROMUSE-700” preparatı ilə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Mübarizə tədbirləri öz səmərəsini verib və sahələrdə Kolorado kartof güvəsinə rast gəlinməyib. 

Qeyd edək ki, Kolorado kartof böcəyi Tovuz, Şəmkir və Gədəbəy rayonlarında geniş yayılıb. Gədəbəydə hava nisbətən sərin keçdiyi üçün ildə 2 nəsil, Gəncə-Qazax bölgəsində isə ildə 3-4 nəsil verir. Karantin zərərvericisi sayılan Kolorado kartof böcəyi kartof, badımcan, pomidor, bibər, kələm və digər birkilərə böyük ziyan vurur.

Bu böcək yayda və payızın isti vaxtlarında havaya qalxaraq 30 km məsafəyə qədər yayıla bilir. Güclü külək onların da daha uzaq məsafələrə yayılmasına şərait yaradır. Düzənlik və çöllərdə daha sürətlə yayılır. Zərərvericilərin daha geniş yayılmasının qarşısını almaq üçün bir sıra faydalı həşəratlardan, eyni zamanda gözəlbədən, qırmızıyanaq, qızılnöqtəli və s. kimi  yırtıcı karabid böcəklərindən istifadə etmək olar. Bu böcəklər zərərvericinin sürfə, pup və yeni əmələ gəlmiş böcəkləri ilə qidalanırlar.

Zərərvericiyə qarşı kimyəvi mübarizə vaxtını düzgün müəyyən etmək üçün onun iqtisadi ziyanvurma həddi (İZH) dəqiqləşdirilməlidir. Zərərvericinin birinci nəslinin inkişafı dövründə yüz bitki üzərində orta hesabla 8-10 ədəd yetkin fərd, 10-15 ədəd kiçik yaşlı süfrə olduqda, kimyəvi mübarizə aparmaq lazımdır. Kimyəvi mübarizə məqsədi ilə Konfidor (0,5 l/ha), Fastak (0,2 l/ha) insektisidlərinin birindən istifadə etmək olar. Mövsümün əvvəlində işçi məhlulun hektara məsarif norması 400 litr, vegetasiya ərzində isə 600 litr istifadə olunmalıdır.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi