Biz bilik verməliyik, yoxsa test texnologiyası səriştəsi?

biz-bilik-vermeliyik-yoxsa-test-texnologiyasi-seristesi
Oxunma sayı: 154

 “Son günlər təhsil sistemimizin müasir çağırışlara cavab verməsi, süni intellekt texnologiyalarının sürətli inkişafının təhsilə təsiri və Azərbaycan təcrübəsində hansı addımların atılmalı olduğu, mümkün islahat istiqamətləri, gələcəyə baxış məsələləri daha geniş müzakirə olunmağa başlayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli feysbuk hesabında paylaşıb.

O bildirib ki, bu diskursda milli imtahan sistemimizin təkamülü, əldə etdiyimiz nəticələr və nailiyyətlərə söykənərək mövcud mexanizmlərin təkmilləşdirilməsi məsələləri hər birimizi narahat edir.

“Hər birimiz, haqlı olaraq milli imtahan sistemimiz, bu sahədə uğurlarla öyünə bilərik və öyünürük. Dövlət İmtahan Mərkəzi ictimai etimada malik, texnoloji cəhətdən qabaqcıl imtahan sistemi yaradıb, bu sistem zaman-zaman dövrün tələblərinə uyğun təkmilləşib, yeniliklər edilib. Cəmiyyətimiz bu dinamik inkişafı, yenilikləri hər zaman yüksək dəyərləndirib. Bu dəyişikliklər daha çox test texnologiyasını inkişaf etdirdi, əlbəttə yan nəticələr də oldu. Faktiki olaraq imtahan industriyası yarandı. Bu industriya repetitor özəyində olmaqla böyük təhsil şirkətlərinə qədər hər birimizin xidmətindən istifadə etdiyimiz ayrıca sektora çevirildi. Bu nöqtəyə qədər bu sistem effektivliyini qoruya bilirdi, indi isə artıq səmərəliliyi artmır. Çünki artıq texniki yaxşılaşdırma ilə nəticələri yaxşılaşdırmaq, yeni səhifə açmaq, yeniliklərlə ayaqlaşmaq, irəli getmək, keyfiyyəti artırmaq olmur. Bu sistem indiki yanaşma ilə nə qədər təkmilləşsə, şagirdləri daha çox stresə, valideynləri isə xərcə salmaqdan başqa heç nə etməyəcək. Artıq şagirdlərin “imtahan üçün” öyrənmə düşüncəsini dəyişməyəcək. Düşünməyi öyrətməyəcək, müasir dövr isə düşünməyi öyrətməyi zəruri edir. Daha şagirdlərin test suallarını yaxşı cavablandırmaq texnologiyasını mənimsəməyə məcbur edən yanaşmanın dəyişməsinə ehtiyac var. İmtahanların çox olması da məhz

şagirdlərin test texnologiyasını yaxşı mənimsəməsinə hesablanıb. Bu bilik artırırmı? Bu suala indi heç kim əminliklə müsbət cavab verə bilməz. Bu daha çox test yazmaq bacarığı artırır. Bu fikirlə isə çox adam razılaşar. Biz bilik verməliyik, yoxsa, test texnologiyası səriştəsi? Hazırda zamanın bizlərə verdiyi əsas sual budur. İmtahanların çoxluğu, sualların mürəkkəbliyi son illər heç bir ciddi irəliləyiş vermədi. Bu bir faktdır. Yalnız imtahana hazırlaşmağın xərci artır, imtahanlar, sınaqlar, testlər çoxalır. Məktəblərdə imtahanlar artır, sınaqlar artır, XI sinif şagirdləri eyni fənlərdən həm buraxılış, həm də qəbul imtahanı verir. Bu resurs və enerjini israf edir.

Testdə suallar mürəkkəbləşir, beyinlər fiziki yüklənir, amma bilik, düşünmək bacarığı artmır. Bu sistem yeniyetmələri öyrənməkdən soyudur, onları daimi stres altında saxlayır və təhsili yaradıcı prosesdən çıxarıb, əzbərləmək sınağına çevirir. Dünya artıq bu yanaşmadan uzaqlaşıb, kompleks qiymətləndirmədən istifadə edilir, düşüncə bacarığı ön plana çıxır. Hesab edirəm ki, bu islahatlar ölkəmiz üçün də aktualdır.

İmtahan sistemimiz şəffaflıq, obyektivlik əsaslarını qorumaqla daha az imtahan, stres yaradan və düşünməyi öyrətmə istiqamətində inkişaf etməlidir”, - deyə o əlavə edib.